Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşadan, Cıdır düzündən bir daha bütün dünyaya torpaqlarımızda əbədi olacağımız mesajını ünvanladı
«Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm ovaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq.» Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri zamanı Cıdır düzəndən səsləndirdiyi bu fikirlər sabahımıza olan inamın aydın ifadəsidir. Torpaqlarmız 30 ilə yaxın dövrdə işğal altında qalsa da bir an belə unutmayaraq onların öz sahibinə qayıtması üçün qalibiyyətimizi təmin etmək məqsədilə bütün imkanların yaradılmasına nail olduq. «Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq» söyləyən dövlət başçısı bu əminliyi ifadə etmişdir ki, bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq: «Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.»
Bu, cənab İlham Əliyevin Şuşaya bu il çərçivəsində yeddinci səfəri idi. Dövlət başçısının qeyd etdiyi kimi, Şuşa hər birimizi özünə çəkir. Ən önəmli günlərdə, bayramlarda Müzəffər Ali Baş Komandanın ailə üzvləri ilə birlikdə Şuşaya səfəri hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır. Cıdır düzündə Novruz tonqalları yandırılanda, «Xarıbülbül» musiqi festivalı keçirilərək muğamızın səsi dağlara səs salanda, Cıdır düzü Şuşa Bəyannaməsinin imzalanmasına şahidlik edəndə bundan qürurlanmaya bilməzdik. Qarabağın tacı Şuşa 28 il əsarətdə olsa da qürurunu sındırmadı, kimliyimizi qorudu. Dövlət başçısı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirmişdir. Bu səfəri zamanı isə narahatlığı belə ifadə etmişdir ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır: «Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik.»
Bu il “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Ulu öndər Heydər Əliyev Şuşaya qayıdacağımıza necə inanırdı. Məhz bu inam, xalqın iradəsi əlavə güc verdi ki, Azərbaycanın döyünən ürəyi Şuşamızı azad etdik. Bu gün Şuşadayıq, bu müqəddəs torpaqdayıq. Dövlət başçısı bu inamı ifadə edir ki, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcək.
Ölkə Prezidenti daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması Prezident kimi başlıca vəzifəm idi. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcək.
44 günlük müharibədən ötən bir ildə Azərbaycanın bu əraziləri tikinti meydanına çevrilib. Oktyabrın 26-da iki qardaş ölkənin- Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə ilk səfəri zamanı Füzuli-Şuşa yolunun- Zəfər yolunun təməli qoyulmuşdu. Artıq bu yol istifadəyə verilib. Dövlət başçısı İlham Əliyevin bu ərazilərin müasir tələblərə uyğun şəkildə bərpa və yenidən qurulması üçün «ağıllı şəhər» və «ağıllı kənd» strategiyasına uyğun olaraq Zəngilanın Ağalı kəndlərində ilk «ağıllı kənd» layihisəni start verildi. Azərbaycan və Türkiyə Prezidentlərinin Zəngilana səfəri zamanı bu layihə çərçivəsində görülən işlərlə tanış oldular, həmçinin «Dost Aqropark»ın təməli qoyuldu.
Görülən işlərə diqqət yetirdikdə bir daha Azərbaycan və Ermənistan arasında fərq, ən əsası torpağın sahibi ilə əsassız iddialarla bu torpağa sahib olmağa çalışan arasında fərq özünü qabarıq şəkildə büruzə verir. Biz nə qədər qurucu, yaradıcı xalqıqsa, erməni faşistəri də bir o qədər müharibələrin və barbarlığın sadiq qullarıdırlar.
Bu müharibədə biz yalnız torpaqlarımızı işğaldan azad etmədik, həm də mədəniyyətimizi beşiyinə qaytardıq və muğamı yenidən Qarabağın səmalarında qanadlandırdıq, “Xarıbülbül”ü düşmən caynağından aldıq, payızda Şuşaya yenidən bahar gətirdik. Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılış mərasimində həm erməni faşizminin mahiyyətini açıqladı, həm də Şuşanın Azərbaycan üçün hansı fəlsəfi məzmun daşıdığını izah etdi: “Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır”.
Şuşanı erməniləşdirməyə çalışan ermənilərin bu torpağımızı hansı vəziyyət saldıqlarını təsəvvür etmək belə çətindir. Əvvəldə də qeyd etdiyimiz kimi, hər daşı, qayası tarix olan Qarabağın döyünən ürəyi Şuşa dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, 28 il əsarətdə olsa da əyilmədi, qürurunu sındırmadı. Gec-tez gələcəyimizi, əvvəlki simasına qaytaracağımızı bilirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza çatdırarkən «Şuşa, sən azadsan!», «Şuşa, biz səni dirçəldəsəyik!» fikirlərini çox qısa zamanda reallığa çevirdi. Arxada qalan dövrdə Şuşanın yaşadığı xoş günlərin xronologiyasını yuxarda təqdim etdik. Milli bayramımız olan Novruz bayramında Cıdır düzündə bayram tonqalları alovlandırıldı. Mayın 13-14-də «Xarıbülbül» musiqi festivalı keçirildi, iyun ayının 15-də Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən sənəd Şuşada imzalandı, avqustun 29-da Vaqif Poeziya Günləri keçirildi. Dövlət başçısı tədbirdəki çıxışında bildirmişdir: “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır”. Dövlət başçısının dediyi bu əməli addımlar bizim mədəniyyətimiz, tariximiz, bugünümüzlə bağlıdır. Avqustun 29-da Şuşa şəhərində, həmçinin görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin, Xalq artisti Bülbülün ev-muzeyinin, dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimləri də keçirildi. Bundan başqa, “Hotel və Konfrans Mərkəzi»nin təməli qoyuldu, yenidənqurma işləri yekunlaşan “Qarabağ” hoteli açıldı. Bu tədbirlərdə iştirak edən dövlət başçısı və birinci xanım həm də Üzeyir bəy Hacıbəylinin ev-muzeyində və Şuşada xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada görüləsi bərpa işləri ilə tanış oldular. Diqqətə çatdırdığımız bu işlər Şuşanın dirçəlməsinin təqdimatlarıdır.
Bütün bunlar bizə onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə gedən quruculuq işləri dərin məna kəsb edir və zahirən göründüyü qədər də əsasən iqtisadi tədbirlər, işğaldan azad edilmiş ərazilərin bərpası kimi qiymətləndirilməli deyil. Bu həm də işğalçı Ermənistanın əsl xislətinin təqdimatıdır. Düşmənin nə qədər qaniçən və qəddar olduqlarını ortaya qoyurlarsa, biz də gördüyümüz işlərin miqyası və sürəti ilə sülhə və əmin-amanlığa sədaqətimizi sübut edirik.
Tarixi Zəfərimiz ilk gündən yeni Dövlət proqramlarına, inkişaf konsepsiyalarına yol açdı, ən əsası iqtisadi rayonların bölgüsünə yenidən baxılmasını zərurətə çevirdi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Bu Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Ölkə Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə 2021-ci il üçün planlarını və tapşırıqlarını açıqlayarkən bildirmişdi ki, planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur: «Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.»
Bugünümüzün reallıqları hər bir vədini konkret əməli işi ilə təsdiqləyən dövlət başçısı İlham Əliyevin bu vədinin də reallıqda öz təsdiqini tapdığını nümayiş etdirir. 2021-ci ilin uğurları 2022-ci ilə böyük ruh yüksəkliyi ilə qədəm qoymağımıza əsas yaradır.

