Siyasət 

Cənubi Qafqaz ölkələrinə Qərbin prizmasından baxış

Və yaxud Niderlandın demokratiyaya dəyənəklə dəyər verməsi

Qərb dövlətlərinin, beynəlxalq təşkilatların ikili standartlardan faydalanmaları, formalaşdırdıqları «beşinci kolon» vasitəsilə başqa dövlətlərin daxili və xarici siyasətini yönləndirmələri bu gün də davam edir. Öz maraqları naminə insan hüquq və azadlıqlarını bəhanə gətirən supergüclərin kiçik dövlətləri istənilən güzəştlərə məcbur etmək üçün həyata keçirdikləri «rəngli inqilab»lar nəticəsində dünyada yaranan böhranlar, faciələr insanlara aclıq, fəlakət gətirir. Beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasının reallaşmasının səbəbi regional müstəvidə liderlik qazanmaq, məqsəd başqalarına məxsus təbii sərvətlərə sahib olmaqdır. Müasir dünya düzənini «çək-çevir edən» politoloqların qeyd etdikləri kimi, «rəngli inqilab»lar” istənilən regionda təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilir və güclüləri qane etməyən hökumətlər başqa rejimlərlə əvəzlənir. Proseslər demokratikləşmə və ikili standartlardan qaynaqlanan «demokratiya proqramları»” adı altında baş verir. «Xoşbəxtlik prinsipi» terminindən istifadə edən, ikili standartlardan yararlanmaqla xüsusilə müsəlman ölkələrində «rəngli inqilablar» düzənləyən dairələr saxta vədlərindən yararlanaraq əksər hallarda hakimiyyətləri devirir, cəmiyyətlərdə çaşqınlıq yaradır, insanların hüquqlarını kobud şəkildə pozur, miqrantların sayını artırırlar. Avropa ölkələrində tikanlı məftillər arxasında əzab-əziyyətlərə düçar olan, vəd edilən «xoşbəxt günü» gözləyən müsəlmanlara qarşı ədalətsizlik qərbsayağı demokratiyanın tablosudur.

Dünya siyasətinin episentrində baş verən hadisələrdə Cənubi Qafqaz amili həmişə gündəmdə olub. Bölgədə çarpazlaşan siyasi maraqlar supergüclərin bu ərazidə söz sahibi olmaq səlahiyyətlərinə yiyələnmək istəyindən qaynaqlanır. Bu rəqabət nəticəsində maraqlı dairələr inhisarlarında olan və fəaliyyətlərini ikili standartlara uyğun tənzimləyən beynəlxalq təşkilatlardan istifadə daim rast gəlinən mənəviyyatsızlıq, qərəzli yanaşma siyasətidir. Torpaqları ermənilər tərəfindən işğal olunmasına baxmayaraq Azərbaycana yardım göstərilməsinin qadağan edilməsini nəzərdə tutan, ABŞ Konqresi tərəfindən erməni lobbi və diaspor təşkilatlarının təzyiqi ilə qəbul edilən «Azadlığa Dəstək Aktı»na 907-ci düzəlişin tətbiqi də ölkəmizə qarşı ikili standartlardan qaynaqlanan ədalətsizlik kimi illərdən bəri davam edir. Bu düzəlişin qəbulu beynəlxalq anti terror əməliyyatına ilk qoşulan Azərbaycana arxadan vurulan zərbə idi. Demokratik islahatları beynəlxalq müşahidəçilər tərəfindən dəstəklənən Azərbaycanın Cənubi Qafqazda sabitliyin qorunmasında göstərdiyi səylərdən narahat olanların ölkəmizə qarşı ədalətsiz mövqeyini təsdiqləyən faktlar istənilən qədərdir. Qərbin « demokratiya dəyənəyi»nə etirazlarını bütün hallarda rəsmi olaraq bildirən Azərbaycanın beynəlxalq hüquq normalarına hörmətlə yanaşması ölkəmizin dəstəklənən diplomatiyasını şərtləndirən amildir.

İrqi ayrı -seçkilik hallarının, Ferqyusen, Baltimor hadisələrinin baş verdiyi ABŞ-da qaradərililərin qətlə yetirilməsi hallarına göz yuman demokratiya aşiqlərinin Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında xüsusi yeri olan Azərbaycana qarşı qərəzli münasibətləri siyasi qısqanclığın təzahürüdür. Artıq tarixə gömülmüş Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 il davam etməsinin əsasında da ölkəmizə qarşı ikili standartların mövcudluğu, ATƏT-in Minsk qrupunun ermənipərəst dairələr tərəfindən idarə olunması dayanır. Daim hücum diplomatiyasından beynəlxalq hüquq normalarına hörmət olunması şərti ilə istifadə edən Prezident İlham Əliyevin səyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. 44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdıran Azərbaycanın döyüş əməliyyatları XXI əsrin müharibə tarixində görünməmiş rəşadət adlandırılsa da, erməniləri dəstəkləyənlər xalqımızın sevincinə, ədalətin təntənəsinə münasibətlərini bildirməyi lazım bilmədilər. Niderland Krallığının Parlamenti tərəfindən qəbul edilmiş qərəzli qətnamələri xatırlayaq. Həqiqəti əks etdirməyən, Ermənistanı dəstəkləyən Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamədə əsassız və qərəzli iddialar əks etdirilmiş, açıq- aşkar anti-Azərbaycan və antitürk mövqeyi sərgiləmişdir. Ötən ilin 17 dekabr tarixində qəbul olunmuş «Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi» ilə bağlı qətnamədə həqiqət təhrif olunmuş, Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialar irəli sürülmüşdür. Bu cür ədalətsiz yanaşmaya etirazını rəsmi qaydada bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, Niderland, eləcə digər Avropa dövlətləri qərəzli mövqe nümayiş etdirərək ədavəti alovlandırmaq yerinə, 10 noyabr tarixli birgə bəyanatla bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verə bilərdilər . Özünü humanitar dövlət hesab edərək artıq arxivə göndərilən «Dağlıq Qarabağ respublikası»nı tanıdığı anlamında başa düşülən Niderlandın işğalçı Ermənistana qeyri-qanuni dəstəyi beynəlxalq hüquq normalarına zidd olmaqla Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik idi.

Özünü humanist dövlət hesab edən Niderlandda bu günlərdə baş verən hadisələr, polislə əhali arasında yaranan ixtilafın qarşısının dəyənəklə alınması təsdiqləyir ki, bu Avropa ölkəsində demokratik dəyərlərin əsas şərti olan insan hüquq və azadlıqları arxa plandadır. Qadınları belə dəyənəklə susduran bu ölkədə insan amilinə hörmətdən söz gedə bilməz. Avropa ölkələrində, Fransada «sarı gödəkçəlilər»ə qarşı zor tətbiqini, Almaniyada pandemiya ilə bağlı məhdudiyyətlərə etiraz edənlərə qarşı su şırnaqlarından istifadəni, atın dirnaqları altında əzilənləri, köpəklərin insanların üzərinə yeridilməsini «görməyənlərin» demokratiyaya baxışı mütəmadi rast gəlinən antidemokratik hallardır. Çox təəssüf ki, adı demokratiya carçısı, hüquq müdafiəçisi olub, özlərinə sərf etməyən məqamda susan beynəlxalq təşkilatlar Azərbaycandakı adi hadisəni belə mikroskopla izləyib bütün dünyaya bəyan edirlər. Xalqımızın Ermənistan üzərindəki Zəfərini belə susqunluqla qarşılayan qitə dövlətləri unutmamalıdırlar ki, Avropanın etibarlı enerji təchizatçısı bütün vədlərinə sadiq Azərbaycandır.

Ötən ilin dekabr ayında Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində çıxış edən Prezident İlham Əliyevin bütün təkliflərinin maraqla qarşılanması, ölkəmizlə Avropa İttifaqı arasında ikitərəfli sazişlə bağlı aparılan danışıqlarda əldə edilmiş tərəqqi, qitə dövlətləri üçün ən etibarlı, şaxələndirilmiş enerji mənbəyi Cənub Qaz Dəhlizinin başa çatmasında böyük xidmətləri olan ölkəmizin təşəbbüslərinin yüksək dəyərləndirilməsi isə Azərbaycanın humanitar siyasətinin ifadəsidir. Avropa İttifaqının Azərbaycana, Ermənistana, Ukraynaya ayrılan dəstək paketindəki ayrı-seçkilik ədalətsizliyi əks etdirir. Yardım paketinə əsasən Ermənistanla Ukraynaya bərabər həcmdə, 2 milyard dollar, Azərbaycana isə sadəcə, 140 milyon avro ayrılması ilə bağlı ayrı-seçkiliyə münasibətini İtaliyanın «İl Sole 24 Ore» qəzetinin Yaxın Şərq üzrə müxbirinə müsahibəsində “Siz tamamilə haqlısınız. Bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt oldu və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Bir məsələni dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur» sözləri ilə açıqlayan Prezident İlham Əliyev onu da xatırlatdı heç bir dağıntısı olmayan Ermənistanın iflic olmuş iqtisadiyyatı fiziki cəhətdən belə bu nəhəng həcmli paketi mənimsəməyə qadir deyil. Bu baxımdan Ermənistana “maliyyə töhfəsi” nin həcmi,- istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni, bəlkə daha az olmalıdır. Çünki dağıdan Ermənistan, qurub- yaradan isə Azərbaycandır.” Belə “humanist” bölgü” aparanlara Prezident İlham Əliyevin bu sözlərini xatırladaq: “ Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.”

Azərbaycan xalqı həm döyüş meydanında, həm siyasi müstəvidə özünü təsdiqləyib. Dövlət başçımız İlham Əliyevin «Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!» sözləri öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtaran Niderland kimi xalqımıza qarşı qərəzli münasibət göstərən digər dövlətlərə də xəbərdarlıqdır.

Daha çox xəbərlər