Azərbaycan 4 günlük iş rejiminə keçərsə, nə itirər, nə qazanar?
Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, hazırda bu mövzu müzakirə obyekti deyil, amma…
2020-ci ildən etibarən bir sıra ölkələrdə həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılmağa başlanıb. Bəzi ölkələr buna keçid üçün hazırlığa başlasa da, bir qrup mütəxəssis bunun yaxın zamanda mümkünsüz olduğunu iddia edirdi. Nəhayət, 2021-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) inqilabi qərar qəbul edərək 2022-ci il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçdiklərini açıqladı.
Beləliklə, BƏƏ-də iş saatları həftənin bazar ertəsi və cümə axşamı günləri 07:30-dan 15:30-dək, cümə günü isə 07:30-dan 12:00-dək müəyyən edildi. Bundan əlavə, bugünlərdə Yaponiyanın və dünyanın elektronika nəhənglərindən olan “Panasonic” şirkəti də 4 günlük iş rejiminə keçilməsi ilə bağlı qərarını açıqladı. Onlar bu qərarın iş keyfiyyətinin artırılmasına və əməkdaşların iş şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini açıqlayıb. Niderlandda da bəzi müəssisələr artıq 29 saatlıq iş həftəsinə keçib və başqa Qərb ölkələrində də 4 günlük iş rejiminə keçidlə bağlı müzakirələr davam edir.
Azərbaycanın qonşuları olan Rusiya, Türkiyə və Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər əsas müzakirə mövzusudur. Bəzi rəylərə görə isə həftəlik iş günlərinin azaldılması əmək haqlarının da həcminin azalmasına səbəb ola bilər. Ekspertlər deyirlər ki, şirkətlərdə və ölkələrdə bu tipli qərarların qəbul edilməsinin əsas məqsədi ödənişlərə, yaxud pula qənaət edilməsi deyil, görülmüş işlərin keyfiyyətinin yüksəldilməsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirilib ki, hazırda Azərbaycanda bu mövzu müzakirə obyekti deyil. Bəs görəsən, 4 günlük iş rejiminin ölkə iqtisadiyyatına hansı təsirləri ola bilər, gələcəkdə bunun tətbiqi bizim ölkəmizdə də mümkün ola bilərmi? Bununla bağlı ekspertlər nə deyir?

Azər Badamov
İqtisadçı millət vəkili Azər Badamov mövzunu “Yeni Müsavat” a belə şərh edib: “4 günlük iş həftəsinə keçidlə bağlı dünyanın bir çox ölkələrində müzakirələr və eksperimentlər aparılır. Amma hələ də Birləşmiş Ərəb Əmirliklərindən başqa həftəlik iş gününün saatlarını azaldan digər bir ölkə yoxdur. Bu, ayrı-ayrı şirkətlər tərəfindən tətbiq edilə bilər. Çünki şirkətlər işçilərin enerjili işləməsindən daha çox mənfəət əldə edə bilərlər. Məsələn, Yaponiyanın ”Panasonic” şirkəti 4 günlük iş həftəsinə keçilməsini elan etməklə işçilərin əmək haqlarının azaldılmasına yox, daha çox məhsuldar və effektli əməyin ortaya qoyulacağını bildirib. Azərbaycanda isə 4 günlük iş həftəsinə keçid hələ müzakirə mövzusu deyil. Əmək Məcəlləsində 5 günlük iş həftəsi müəyyən olunub. Bugünkü reallığımız 4 günlük iş həftəsinə keçidin edilməsinə imkan vermir deyə düşünürəm. Dövlət səviyyəsində 4 günlük iş həftəsinə keçidin edilməsi üçün böyük iqtisadi inkişafa nail olmağın zəruri olduğunu vacib hesab edirəm. Hətta inkişaf etmiş ölkələrdə 4 günlük iş həftəsinə keçidlə bağlı ciddi müzakirələr aparılmır. Azərbaycan isə inkişaf etməkdə olan ölkə olduğundan iş gününün qısaldılması və ya azaldılması ilə bağlı məsələ haqqında danışmağın hələ tez olduğunu düşünürəm. Ola bilsin ki, müəyyən zamandan sonra ümumi iqtisadi inkişafımızla bağlı bu məsələ də gündəmə gəlsin. Amma bu gün Azərbaycan reallığında bu, müzakirə mövzusu deyil”.

Ruslan Atakişiyev
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini belə açıqlayıb: “Adətən inkişaf etmiş ölkələrdə (İEÖ) bu məsələ çox gündəmdədir. Məsələn, o ölkələrin 5 günlük iş rejimində iş səhər saat 8-də başlayır, axşam saat 4-də bitir. Bəzi ölkələrdə, məsələn, 9-da başlayıb 6-da bitir. Yəni 8 saatlıq iş rejimində işləyirlər. Amma məsələ ondan ibarətdir ki, bir avropalı, amerikalı, yapon işçinin iş faydalılıq əmsalı digər ölkələrlə müqayisədə 3-4 dəfə çoxdur. Bu o deməkdir ki, bir saat ərzində bir amerikalının gördüyü işi bizdə işçi bir günə görür. Nəyə görə onlarda bu, yüksək səviyyədədir? Çünki birinci növbədə onlarda dərin ixtisaslaşma var. İnsanlar öz ixtisasını çox yüksək səviyyədə bilirlər. Bir işə, ixtisasa tələb çox yüksək səviyyədədir. Ona görə də həmin işdə çalışan şəxs öz işinin öhdəsindən peşəkarcasına gəlir. Bunu şərtləndirən səbəblər dərin ixtisaslaşma, sahə yönlü karyeranın inkişafı, orta və ali təhsilin buna uyğun olmasıdır. Azərbaycanda isə necədir? Orta və ali təhsildən sonra adam iş həyatına uyğunlaşmış olmur. Elə bir şəkildə təhsil alır ki, işə düzələndə yenidən kimsə onu öyrətməlidir. İkincisi, bizdə bir adam bir işdə çalışır, öz üzərində çalışmır, ixtisasını davamlı şəkildə artırmır, yəni öz sahəsini axıra qədər öyrənən nadir adamlar tapmaq olar. İşləyəndə də faydalılıq əmsalı aşağı olur. Üçüncüsü, iş intizamı da bizdə fərqlidir. Məsələn, İsveçrədə oldum yaxınlarda, eləcə də digər aparıcı ölkələrdə 5 günlük iş zamanında heç kim məişət işləri ilə məşğul olmur. Misal üçün, yaxın qohum dünyasını dəyişsə belə, onlar bunu işdə mesajla cavab verib, həll edir. Bizdə isə iş zamanı insanlar sosial şəbəkədən tutmuş ev problemlərini də işdə həll edirlər. Kiminsə yaxını dünyasını dəyişdikdə bir həftə işə gəlmirlər. Əgər faydalılıq əmsalı o səviyyəyə çıxsa, bizdə də 4 günlük işdən danışmaq olar. Bizdə heç şənbə-bazar da işləsələr, onların 4 gündə gördükləri işə çata bilməz”.

