Siyasət 

Prezidentin sülhməramlılarla bağlı xəbərdarlığı, rusiyalı ekspertin sayıqlaması…

Qarabağ ermənilərinin sülhməramlıların kölgəsində “at oynatması”na imkan verilməyəcək, dövlət sözünü dedi; ekspertlərimiz də rusiyalı kontingentin 46 aydan sonra bölgəni tərk edəcəyini bildirirlər

“Rus NATO-su”nun (KTMT) sülhməramlı kontingentinin Qazaxıstana yeridilməsi Qarabağda Rusiya sülhməramlıların qalma müddəti məsələsini təzədən aktuallaşdırdı. Düzdür, artıq sülhməramlılar Qazaxıstanı tərk edirlər, Rusiya tərəfi prosesin yaxın günlərdə başa çatacağını anons edib.

Bu vəziyyət istər-istəməz Qarabağdakı sülhməramlılar məsələsinin aktuallığını artırır. Fakt budur ki, müharibə günlərində belə, dinc ermənilərə qarşı hər hansı təhlükəli addım atmayan, müharibə qanunlarına əməl edən Azərbaycan dövləti Qarabağın mülki əhalisinin təhlükəsizliyinə təminat verir. Belə olan halda bölgədə hansısa xarici qüvvələrin olmasına zərurət qalmır.

Lakin rusiyalı şərqşünas Viktor Nadein-Raevskinin iddiasına görə, Putin heç vaxt Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılmasına razı olmayacaq: “İlk növbədə, ona görə ki, belə bir addımın qaçılmaz nəticələrini yaxşı dərk etdiyi üçün. Təbii ki, bu halda erməni əhalisi öz ata-baba torpaqlarından qovulacaq – ən yaxşı halda. Qarabağ ermənilərinin məhv edilməsi ehtimalı isə daha yüksəkdir. Ənənəvi olaraq. Ona görə də hesab etmirəm ki, Moskva Bakının bu tələbinə müsbət cavab verə bilər”.

Bu barədə o, erməni KİV-ə müsahibəsində söyləyib. Nadein-Raevski həmçinin Rusiya kontingentinin Qarabağdan çıxarılması üçün Azərbaycanın digər üsullardan “uğurla istifadə edə biləcəyini güman etmədiyini” deyib. Onun sözlərinə görə, Bakı ilə hərbi toqquşmadan yayınmaq üçün Moskva hələ ki, özünün siyasi, iqtisadi və diplomatik rıçaqlarından istifadə edir, Azərbaycana müvafiq təzyiqlər göstərir.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev telekanallara son müsahibəsində  sülhməramlıların fəaliyyətilə bağlı iradlarını ifadə etmişdi.

“Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki, biz daha geniş prizmadan yanaşmalıyıq və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil”, deyən dövlət başçısı onların bir sıra müsbət əməlllərini də vurğulamışdı. Amma ardınca qeyd etmişdi ki, bəzi məsələlər rəsmi Bakını da qıcıqlandırır. “Dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə”, prezident bildirib.

Azərbaycan rəhbəri xatırladıb ki, Laçın dəhlizi bizim nəzarətimiz altındadır: “Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır. Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, ”görməmişik, bilməmişik” demək, qeyri-ciddidir. Digər qıcıq doğuran məsələ odur ki, biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, – bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, – yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi insidentlər olmamışdır. İnsidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, o zonada ciddi insidentlər olmayıb”.

Bütün bunlar, sadalanan əsaslı arqumentlər dövlətin də sülhməramlıların fəaliyyətindən narazılığını aşkar göstərir. Belə olan halda, ortaya məntiqli olaraq sual çıxır: yuxarıda barəsində bəhs etdiyimiz rusiyalı şərqşünas nə sayıqlayır belə? Azərbaycan tərəfi razılıq verməsə, doğrudanmı rus hərbçiləri 46 ay sonra Qarabağdan çıxmayacaqlar?

Qeyd edək ki, Rusiyanın bu qəbildən “ekspertləri”, “şərqşünasları” səviyyəsində belə fikirlər vaxtaşırı səslənir. Bu, bir nəbz yoxlanışıdır, anklavdakı ermənilər üçün Azərbaycandan “xoxan” düzəltmək cəhdidir, yoxsa sadəcə, Azərbaycanı indidən imtina cavabına hazırlamaq təşəbbüsü? Bakı bununla bağlı indidən hansısa ön hazırlığı görməlidirmi?

Qafar Çaxmaqlı Vahe Avetyan ölkəyə buraxılmalıydı, bu göydəndüşmə bir  təbliğat fürsətiydi” - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Qafar Çaxmaqlı 

İrəvan Türk Cümhuriyyətinin başqanı, professor Qafar Çaxmaqlı “Yeni Müsavat”a öncə bildirdi ki, rus sülhməramlılarının Azərbaycan ərazisində konkret qalma müddəti var: “Amma bu, o demək deyil ki, onların çıxarılması ilə bağlı şərait yaranarsa, biz bunu dəyərləndirməyəcəyik. Azərbaycanın haqqı çatır ki, onların çıxarılması ilə bağlı qərar versin. Prezident İlham Əliyevin son müsahibəsində də sülhməramlıların missiyalarını yerinə yetirməsi ilə bağlı narazılığı ifadə edilib. Azərbaycanın Qarabağdakı erməni əhalinin təhlükəsizliyi ilə bağlı səsləndirdiy fikirlər Rusiyanı düşündürür və adekvat tədbirlər görmək üçün bəzi rus politoloqların dilindən təhdidlər səsləndirilir. Bunların təsadüfi olmadığı açıqdır”.

Q.Çaxmaqlının sözlərinə görə, Qazaxıstan hadisələri də göstərdi ki, hansı adla olur-olsun, başqa bir ölkənin hərbi qüvvələri işğalçılıq niyyətləri və öz çıxarları əsasında yeridilib: “Ermənilərin təhlükəsizlik məsələsi bəhanədir. Rusların Qarabağda ”rus icması” oyunu da işğalçılıq niyyətlərindən xəbər verir. Bakı ilə hansı toqquşmalar ola bilər? Bunu söyləmək özü təhdiddir”.

Ekspert digər məqama da diqqət çəkdi: “Moskva  sülhməramlı adı ilə girdiyi bölgələrdə möhkəmlənmək və ”yeni SSRİ”-nin təməllərini atmaq istəyir. Bu isə mümkün olmayacaq. Artıq bu, Rusiyanın dövlət kimi özünün çöküş prosesinin həlqələridir və bundan da nəticə çıxarmaq, siyasətimizi bu istiqamətdə dizayn etməyin vaxtı çatıb. Rus sülhməramlıların Azərbaycan torpaqlarından çıxarılması strategiyası işə düşməlidir”.

Q.Çaxmaqlı istisna etmir ki, Bakı sülhməramlıları çıxarmağa qərar verəndə ermənilər, həmçinin ruslar özləri bunu istəməyəcək: “Biz diplomatik fəaliyyətimizi bu istiqamətə yönəltməliyik. Onların çıxarılmasını şərtləndirən əsaslar üzərində işləməliyik. Bunun üçün beynəlxalq dəstək də almaq olar”.

Akif Nağı deputatlığa namizədliyini irəli sürdü

Akif Nağı

QAT sədri Akif Nağı rusiyalı ekspertin dediklərinə toxunaraq bildirdi ki, Ermənistanda da vaxtaşırı bu cür fikirlər səsləndirilir: “Rusiya da bu mövzudan bəhs edərkən rəsmi siyasəti deyil, daha çox ermənilərin istəklərini nəzərə alırlar. Qarabağda ermənilərin normal yaşaması üçün heç bir təhlükə yoxdur. 30 min erməni Bakıda yaşadığı kimi, Qarabağda da eyni qaydada ermənilər yaşayacaqlar. Bunu Ermənistan rəhbərliyi də özəl bilir. Oradakı ermənilərin təhlükəsizlik məsələsini qabartmaqla əslində Azərbaycan torpaqlarını işğal altında saxlamaq niyyətlərini gizlətmək istəyirlər”.

A.Nağı qeyd etdi ki, rus sülhməramlıları heç Qazaxıstanda da uzun müddətə qala bilmədilər: “Azərbaycandan da tezliklə çıxacaqlar. Böyük ehtimalla bu proses 5 ildən sonra yox, daha tez başlayacaq”.

QAT sədrinin fikrincə, Azərbaycanın Türkiyə ilə birlikdə gücü çatacaq ki, rusları buradan çıxarsın: “Rusiya zəifləyən və hətta çürüyən xətlə gedir, daxili və xarici problemlərin girdabındadır. Azərbaycan isə Türkiyə ilə birlikdə yüksələn xətlə inkişaf edir. Daxili gücü, iqtisadi imkanları, beynəlxalq aləmdə nüfuzu artır. Bir müddət əvvəl Azərbaycan prezidenti Türkiyə ilə Rusiya arasında vasitəçilik etdi. İndi Ukrayna səfərində rəsmi Moskva ilə Kiyev arasına münasibətlərin də müzakirə olunacağı istisna edilmir. Bunlar Azərbaycanın artan nüfuzundan xəbər verir”.

Ekspertlərimiz çox nikbindir və arqumentlər də onu göstərir ki, pessimizm üçün əsas yoxdur. Əminlik var ki, Qarabağ ermənilərinin sülhməramlıların kölgəsində “at oynatması”na imkan verilməyəcək, dövlətimiz də sözünü dedi. Amma Prezidentin son müsahibəsində dedikləri həm də onu diktə edir ki, heç bir halda arxayınlaşmaq olmaz. Nəticəyə nail olmaq üçün sadəcə gözləmək yox, çalışmaq gərəkdir…

Daha çox xəbərlər