İlham Əliyevin Kiyevə səfəri iki ölkə arasında etibarlı dostluğun bariz nümunəsidir
“Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə səfəri iki ölkə, xalq arasında strateji tərəfdaşlığın və etibarlı dostluğun bariz nümunəsidir. Bu səfər Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində və Ukraynanın beynəlxalq dəstəyə ehtiyacı olduğu bir vaxtda baş tutması rəmzi xarakter daşıyır.”
ARANTV.AZ xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın direktoru, Ukraynanın fövqəladə və səlahiyyətli səfiri Gennadi Nadolenko söyləyib.
Onun sözlərinə görə, dövlət başçılarının imzaladığı Birgə Bəyannamədə ikitərəfli münasibətlər üçün son dərəcə vacib olan məsələlər, o cümlədən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində qarşılıqlı dəstək verməyə hazır olmaq, hibrid təhdidlərə qarşı birgə mübarizə, Qara dəniz regionunda sülh və sabitliyin təmin edilməsi kimi məsələlər əksini tapıb.
“Səfər çərçivəsində bağlanmış sazişlər Azərbaycan və Ukrayna arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi və ikitərəfli münasibətlərin ticarət-iqtisadi, enerji, hərbi-texniki və mədəni sahələrin inkişafı üçün keyfiyyətcə yeni əsas yaradır”, – deyə Gennadi Nadolenko əlavə edib.

