Təhlükəsizlik ağırlıqlı cəsarətli səfər
Ukrayna Prezidenti Volodimir Zelenski cənab İlham Əliyevin ölkəsinə gəlişini tarixi səfər kimi qiymətləndirdi və həqiqətən də bu belədir. İlk baxışda bu səfər qarşılıqlı maraq, fayda üzərində qurulan dayanıqlı və davamlı Azərbaycan-Ukrayna əlaqələrində növbəti bir addım təsiri bağışlaya bilər. Ancaq hazırda Avrasiyada gedən prosesləri və bu proseslərdə bifurkasiya nöqtələrindən ən önəmlisinin məhz Ukrayna olduğunu nəzərə alsaq, cənab Zelenskinin “tarixi səfər” sözünü elə-belə işlətmədiyi açıq-aydın görünür.
Bəli, imzalanan 6 anlaşma daha çox iqtisadi xarakterli idi, amma bütövlükdə səfər belə demək mümkünsə, geosiyasi çəkili və təhlükəsizlik ağırlıqlıydı. Təhlükəsizlik ağırlıqlı deyəndə mən təbii ki, Ukraynanın yanacaqla təminatında Azərbaycanın oynadığı; torpaqarının bir hissəsini taxıl əkmək üçün bizə icarəyə verməklə üzləşdiyimiz bəzi problemlərin aradan qaldırılmasında bu dost ölkənin oynayacağı rolu da nəzərdə tuturam. İndi enerji, ərzaqla proqnozayatımlı və davamlı təminat məsələləri hər bir dövlət üçün onun təhlükəsizliyinin ən önəmli komponentlərindəndir.
![]()
Ancaq dövlət başçılarının imzaladıqları Bəyanatda ilk diqqəti çəkən məhz hər iki ölkənin bir-birinin suverenlik və ərazi bütövlüyündə verəcəkləri qarşılıqlı dəstəkdir ki, bu da sözü gedən sənədin həm də geosiyasi mahiyyətindən xəbər verir. Cənab Zelenskinin açıqlamasından da aydın olur ki, Azərbaycanla Ukrayna təkcə öz sərhədləri ilə məhdudlaşmayacaq, bütövlükdə Xəzər və Qara dəniz hövzələrini əhatə edəcək təhlükəsizlik arxitekturası üzərində düşünürlər.
Düzdür, bu zaman daha çox göz önünə hər iki dövlətin üzv olduqları GUAM gəlir, fəqət heç şübhəsiz ki, həmən məsələdə həlledici rol oyanayacaq ölkələrdən biri də məhz qardaş Türkiyə olacaq. Yeri gəlmişkən, proseslərin gedişindən, daha dəqiqi proseslərin gedişini Qərbin, ilk növbədə də Birləşmiş Ştatların düzgün dəyərləndirib-dəyərləndirməməsindən, ona adekvat reaksiya verib-verməməsindən asılı olaraq Özbəkistanın GUAM-a yenidən üzvülüyü də mümkündür.
![]()
Beləliklə, Prezident İlham Əliyevin Ukrayanya bu səfəri onun yanvarın 12-də yerli televiziya kanallarına verdiyi intervüdə dünyada proseslərin hansı yöndə getməsinə baxmayaraq Azərbaycanın milli maraqlardan çıxış edəcəyini, hətta beynəlxalq arxitekturanın tamamilə çöksməsinə belə hazır olduğunu boşuna demədiyini göstərdi. Azəbaycan Prezidenti geosiysi qarşıdurmanın kəskinləşdiyi, ilk növbədə də Ukraynaya yanaşmada kəskinləşdiyi bir dönəmdə ora səfər edərək qarşılıqlı faydaya dayanan yeni anlaşmalar bağlamalqa söhbət milli maraqlardan gedirsə, onu reallaşdırmaq üçün heç nədən çəkinməyən qətiyyətli və cəsarətli bir lider olduğunu növbəti dəfə ortaya qoydu.
Bir daha aydın oldu ki, kimlərsə qərbdə lider böhranı yaşandığını görüb yenidən imperiya iddiasına düşə bilər, bəzilərinin postsovet məkanı haqda sayğısızcasına işlətdikləri “yiyəsiz torpaqlar” ifadəsi kimi, bu iddia da Ermənistana, eyni zamanda da Ermənistan sayaq davranan hansısa bir MDB ölkəsinə yanaşmada keçərli də görünər. Ancaq söhbət Azərbaycandan gedirsə, bu nəinki keçərlidir, hətta belə niyyətə düşənlər, o cür ifadə işlədənlər üçün göyə atılan daş deməkdir.
Sonda bir məsələni də qeyd etməyə bilmərəm, o da budur ki, cənab İlham Əliyevin Ukraynaya dünənki səfəri Kremldən vassal asılılığında olan Ermənistanın baş nazirini “demokratiya sammitinə”, Təhlükəsizlik Şurasının katibini Vaşinqtona rəsmi danışıqlara dəvət edən və bu zaman balans qorumağı unudan Bayden adminstrasiyasının nə dərəcədə primitiv, doqmatik, ABŞ-ın milli maraqlarına cavab verməyən bir siyasət yeritdiyini növbəti dəfə göz önünə sərir.
![]()
Sahib Alıyev, Milli Məclisin deputatı

