Xalqın içindəki heykəl
“Dağ nə qədər uca olsa, el üstündən yol salar”
(Azərbaycan ata sözü)
Hacı Zeynalabdin Tağıyevin heykəlinin elə qoyulan gün sındırılması bir qədər də rəmzi hadisədir. Uca millətimizin mədəniyyətə münasibətinin göstəricisidir. Heykəltəraş Xanlar müəllim açıqlama verib, deyir, heykəlin postamentsiz, yerdən qoyulması mənlik olmadı, rəhbərlik belə məsləhət gördü. İstəyirmişlər bununla Tağıyevin xalqın içərisindən çıxmış, xalqa yaxın biri olmasını göstərsinlər. “Yaxşı” göstərildi, nə deyə bilərəm.
Əslində xalq heç zaman öz içindən çıxan, sadə insanların böyüməsini, əlinin pula çatmasını istəməyibdir. Bizdə bu məsələdə qədimdən paxıllıq vardır. AXC-Müsavat cütlüyünün cəmi 1 il, o da güc-bəla ilə hakimiyyətdə qalması təsadüfi deyildi. İnsanlar heç cür qəbul edə bilmirdilər ki, sadə bir cəbhəçi gəlib rayon icra hakimi olubdur. Məsələn, həmin dövrdə Qazax rayonunun icra başçısı Cavanşir Carçıyevin xanımı həyətdə bəslədiyi hinduşkaları bazarda satarmış. Belə bir halı indi təsəvvür edə bilərsinizmi? İcra başçıları indi adam satır. O zaman başqa icra başçıları da əsasən sadə həyat tərzində yaşayırdı. Ona görə xalq bu acınacaqlı vəziyyətə dözmədi, cəbhəçiləri iti qovan kimi qovdu. Yerlərinə isə bütün partnomenklatura təbəqələrini keçmiş raykom katiblərini, komsomolçuları və sairəni gətirdilər. Biz heç vaxt dözə bilməzdik ki, akademiyada adi elmi işçi olan Pənah Hüseyn bizə baş nazir qoyulsun. Orada Artur Rasizadə kimi nomenklatur nümayəndəsi, xüsusən torpaq satanların nəslindən biri qoyulmalıydı.
Yaxud sovet vaxtı Füzulidə raykom katibi olmuş Əhmədzadə ilə cəbhənin vaxtında Füzulidə icra hakimi qoyulan Nofəl Qasımovun fərqi çoxdur. Nofəl bəy o vaxtdan – 1993-ün yayından bəri işsizdir, Əhmədzadəni isə cəbhəçiləri qovan kimi tapıb təzədən, daha böyük vəzifələrə qoyduq. Axırıncı dəfə suya baxırdı, indi bilmirəm. Nəticədə 2020-də dava qızışanda Nofəl bəyin oğlu Səid Qarabağda şəhid oldu, Əhmədzadələrdən isə heç veteran da yoxdur.
El üçün ağlayan göz kor olar – biz hamımız bu el məsəlini əzbər bilirik. Tağıyevin nəslinin başına açılan oyunlar da məlumdur, xanımı və qızının dilənçi kökündə yaşayıb ölməsinə şahid olmuşuq. Bəs görəsən o zaman niyə uca millətdən qabağa durub “bunlar o messenat kişinin yadigarlarıdır, gəlin yardım əli uzadaq” deyənlər olmayıb? Bəlkə qorxmuşuq, bəlkə bunu çəkdirib televizorda reklam olunmaq imkanları yox idi?
Hər halda, tam pessimist olmaq da lazım deyil, ən azından o zaman oxutmağa göndərdiyi gənclərdən birinin nəvəsi onu unutmadığımızı göstərib heykəlini qoydurdu. Gələn dəfə məcbur olub bir az hündürə qaldırarıq. Əks halda, həmin heykəli Fəvvarələr bağındakı məşhur çətirli qız heykəlinin taleyi gözləyir, biləsiniz. Ta xalq o heykəlin başına nə oyun qalmadı açsın… Hətta çətirini oğurladılar, təzəsi qaynaq edildi.
Bəlkə Tağıyevin heykəlinin yanında polis postu qoymaq zəruri olacaqdır. Prinsipcə, Tağıyevin heykəlinə qarşı vandalizm hərəkəti bizim yaxın tariximizdə abidələrə qarşı ilk oxşar hərəkət sayılmır. Bir neçə dəfə heykəl məhbuslarımız olmuşdur. İndiki gənclərə də cinayət işi açılıb. Deməli, heykəl məhbusu ənənəsi davam edəcəkdir.
Ümumilikdə yaxşı olar dövlət orqanları təcrübədən dərs alsınlar, bir də Azərbaycanda heç kəsin heykəli yerdən, “xalq arasında” qoyulmasın. Xalqı sovet hökumətindən yaxşı tanımırsınız ki? Onun bütün heykəlləri uca postamentlər üzərində olardı, bəzən buluda çatırdı, heç bilmirdin daşın üstündəki kimdir. Bilməyin o qədər vacib də deyil, hökumət özü sənin əvəzindən bilirsə, bəsindir.

