Cəmiyyət 

Xalqımıza xas olan xeyriyyəçilik ənənələri bundan sonra da davam edəcək

Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır

Xalqımızın tarixin sınaqlarından süzülərək gələn, özünəməxsus adət-ənənələri, milli dəyərləri və bu dəyərləri əməllərində yaşadan tarixi şəxsiyyətləri var. Humanizm, vətənpərvərlik, birlik, xeyriyyəçilik Azərbaycan xalqının milli mənliyində kök salmış ən ümdə dəyərlərdir. Bu dəyərləri yaşadanlar isə xalqın qəlbində, yaddaşında hər zaman yaşayan və heykəlləşən şəxsiyyətlərdir.

Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən, zənginliyini xalqın rifahı, işıqlı sabahı naminə səxavətlə xərcləyən, əməlləri ilə tarixə iz salmağı bacaran böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev belə şəxsiyyətlərdəndir.

Maraqlıdır ki, Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Hacı Zeynalabdin Tağıyev çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı.

Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi xüsusilə qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyevdir. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, həmçinin Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılmışdır.

Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdür. Həmin o tələbələrin arasında Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazıb xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır.

İlk dəfə olaraq Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirən də məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilmiş və təmir olunmuşdur.

Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır. Hələ 2000-ci illərin əvvəllərində Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmışdır. 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilmişdir.

Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması olduqca əlamətdar hadisədir. 2020-ci ildə Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Sərəncam imzalanmışdır. Məsələ ilə bağlı açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir. Tağıyevin abidəsinin məhz Bakının tarixi qala divarları qarşısında, sakinlərin ən sevimli yerlərindən birində yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir.

Bu gün müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri uğurla davam edir. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.

Bizim rayonumuzun ərazisində də infrastruktur layihələrin reallaşdırılmasında dövlətimizlə yanaşı Heydər Əliyev Fondunun böyük dəstəyi var. Belə ki, Füzuli rayonu ərazisində bu günə qədər Heydər Əliyev Fondu tərəfindən 9 böyük layihə reallaşdırılmış, 1 məktəb binasının əsaslı təmiri həyata keçirilmişdir. Sevindirici haldır ki, rayonumuzda Heydər Əliyev Fondu tərəfindən mühüm layihələrin həyata keçirilməsi bu günə qədər də uğurla davam etməkdədir. Horadiz şəhərində 2 saylı körpələr evi-uşaq bağçası, 3 saylı tam orta məktəb,Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Gənclər Mərkəzi, habelə rayonun Bala bəhmənli kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun füzulilərə olan töhfələrindəndir. Rayonumuzda yeni inşa olunan körpələr evi- uşaq bağçaları füzulilərə göstərilən diqqət və qayğının növbəti əyani təzahürüdür. Belə ki, rayonun İkinci Mahmudlu və Əhmədbəyli kəndlərində Heydər Əliyev Fondu tərəfindən tikilmiş, hər biri 55 yerlik olan körpələr evi-uşaq bağçaları artıq körpə fidanların ixtiyarındadır.

Torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində artıq Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır.

Müharibədən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Xeyriyyəçilik ənənələri davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.

Rayonumuzun Vətən müharibəsi qazilərindən 5 nəfərin müalicəsi üçün qardaş Türkiyə dövlətinə göndərilməsi “YAŞAT” Fondunun vəsaiti hesabına həyata keçirilmişdir.

Əminik ki, ölkəmizdə xalqımıza xas olan xeyriyyəçilik əməlləri bundan sonra da uğurla davam edəcəkdir.

Gülbahar Eyvazova,

Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Daha çox xəbərlər