İnfluenza, yoxsa koronavirus? Həkim iki virus arasındakı əsas fərqi acıqlayıb
Son vaxtlar insanlar arasında özünü qızdırma, halsızlıq, boğaz ağrısı və çiddətli öskürək simptomları ilə göstərən xəstəlik yayılıb. Hətta bu xəstəlik uşaqlar arasında özünü daha ağır göstərir. Azyaşlılarla yanaşı, yaşı 65-dən yuxarı olanlar, hamilələr və xroniki xəstəliyi olanlar da virusla bağlı risk qrupuna daxildirlər. Bu xəstəliyin koronavirus olmadığı mütləqdir, çünki testlər neqativ çıxır. Bütün hallarda xəstəlik qısa müddət, əsasən 4-5 gün davam edir, ailədə bir nəfər xəstələnirsə qısa müddətdə digər üzvlər də yoluxur.
Bəs son günlər müşahidə olunan bu infeksiya nədir? Təhlükəsi varmı? Özümüzü necə qorumalıyıq?

Suallarımızı cavablandıran infeksionist-hepatoloq həkim Mərdan Əliyev “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda ölkəmizdə 2 cür virus infeksiyası müşahidə olunur. Bu koronavirus infeksiyası və influenza, yəni, el arasında qrip dediyimiz virus infeksiyasıdır: “Hər iki virus infeksiyası kəskin respirator virus infeksiyalarıdır. Yəni, bu viruslar tənəffüs yollarının kəskin iltihabını törədir. Düzdür bunların klinik cəhətdən bəzi fərqləri var, əksər hallarda insanlar özləri də fərqləndirə bilirlər. Amma bəzi hallarda bu, mümkün olmur. Bunu dəqiq bilmək üçün mütləq analiz vermək lazımdır. Analizin nəticəsi neqativ çıxırsa, çox böyük ehtimalla bu adi qripdir.”
M.Əliyev qeyd etdi ki, qrip adlandırdığımız influenzanın koronavirus infeksiyasından əsas fərqi burun tutulması və burun axması, səsin kallaşması, boğazağrısı əlamətlərinin olmasıdır. Amma halsızlıq və qızdırma həm də koronavirusa xas əlamətlərdir: “Bu iki virusda da yoluxma yolları eyni olduğu üçün qorunma qaydaları da eynidir. Bunun üçün ilk növbədə özümüzü fərdi şəkildə qorumalıyıq. Virusun kəskin və sürtəli yayıldığı bu müddətdə insanların çox olduğu məkanlara, məclislərə getmək lazım deyil, xüsusən evdə uşaqlar da varsa. Vacib olduğu halda müəyyən bir yerə qonaq gediriksə, orada xəstəliyə yoluxanın olub-olmaması ilə maralanmaq lazımdır. Küçədə kiminləsə söhbət ediriksə və ya qapalı yerdəyiksə, mütləq maskadan istifadə etməliyik.”
İnfeksionist bildirdi ki, müalicə üçün birinci növbədə ev şəraitində istirahət rejiminə keçmək, əsasən meyvə, tərəvəz olmaqla vitaminli qidalar qəbul etmək, çay, su kimi mayelər çox qəbul etmək lazımdır: “Xroniki xəstəliyi ilə bağlı risk qrupuna daxil olan şəxslər isə influenza üçün olan antiviral dərmanları istifadə edə bilərlər. Digər hallarda belə dərmanlara ehtiyac yoxdur. Sadəcə olaraq simptomatik müalicə lazımdır. Məsələn, əgər qızdırma varsa, “parasetamol” və ya “nurafen” tərkibli qızdırmasalıcılardan və ya paraşok kimi suya qarışdırılıb içilə bilən dərmanlardan istifadə etməli, C və D vitaminləri qəbul etməliyik.”
Həmsöhbətimiz onu da qeyd edib ki, bu xəstəlikdə ağırlaşma və pnevmaniyaya keçmə halları elə də müşahidə olunmur.

