Bağışla, sevgilim, bağışla
Səhər Əhməd yazır...
Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri yəqin ki, yadınızdadır. Bu ölməz əsərin ideyası bəlkə də heç vaxt bugünkü kimi diri olmayıb. İndi daha ağır vəziyyətdir, müxtəlif cinahlardan dilimizin üzərinə hücumlar var, cürbəcür jarqonlar, varvarizmlər, cansıxıcı şablon leksikonlar, bayağı televiziya verilişləri, özfəaliyyət sosial şəbəkə yaradıcılığı və nəhayət, ana dilimizin şirinliyini çoxdan unutmuş ədəbiyyat.
Eynən Mirzə Cəlilin təsvir etdiyi kimi, xalqın dilində özündən başqa danışan yoxdu; televiziyalar hibrid bir dildə danışır, müğənnilər anlamsız, alimlər qəliz, şairlər pafoslu, veriliş aparıcıları yanlış, həkimlər terminologiya diliylə.
Bu qarışıqlıqda insanlar əllərinə keçən hər hansı gəlişigözəl söz yığınını asanlıqla “hit”ə çevirə bilirlər. Və bu üzdən avtobuslarda, taksilərdə, mağazalarda, toylarda, hətta efirlərdə qulağımızı yağır edən bayağılıq həyatımızın bir parçasına çevrilir.
Məsələn, belə:
Bağışla, sevgilim, bağışla,
Səni gözlətdim yağışda.
Bu tip “mahnı”ların əsli azmış kimi, çoxlu variantları da yaranıb, necə deyərlər, eyni qafiyəli nəzirələr meydana çıxıb.
Səbəb axtarışına çıxanda yalnız məzmunsuzluq arqumentinə söykənmək haqsızlıq olardı. Bu həqiqətdir ki, bu gün sanki məzmunsuzluq uğrunda yarış başlayıb. Qaliblər isə məşhurluqla mükafatlanır. Amma, balaca bir ştrix, lap dərində gizlənmiş bir detal da var ki, bu yazıda mən məhz onu vurğulamaq istəyirəm:
Bağışla, sevgilim, bağışla,
Səni gözlətdim yağışda.
Bu nümunəni dillərə salan təkcə bəsitliyin təcəssümü deyil, heç “bağışla” və “yağışda” sözlərinin yaratdığı bəsit qafiyə ritmi də deyil. Burada doğma olan cümlənin sintaksisidir, xalq danışıq dilinə yaxınlığı.
Almağı “əldə etmək”, keçməyi “keçid almaq”, sabahın xeyiri “sabahın xeyirli olsun”la əvəz etmiş robotvari leksikondan qaçıb sadə sözlərə, doğma cümlə quruluşuna sığınmaqdır.
Əlbəttə, dil dəniz kimidir, hər tərəfdən axıdılan çirkabı, atılan hər hansı zir-zibili təmizləmək gücünə malikdir. Əsrlərdi çox yad təsirlərdən sağ-salamat çıxan dilimiz bu mərhələni də adladacaq, yenə də “Vaqifin şirin dili” olaraq qalacaq, amma hələ də sağlam düşüncəli insanlarımızın boynuna mübarizə aparmaq düşür. Necə ki, Mirzə Cəlil bu məsələni təkcə “Anamın kitabı” əsərində qaldırmırdı, təkcə “Molla Nəsrəddin” jurnalında mübarizə aparmırdı, həm də öz üslubu ilə dilin gözəlliyini ortaya qoyurdu, necə yazmaq və necə yazmamaq lazım olduğunu göstərirdi.
“Bu səfərdə Noruzəli əliboş gəlməmişdi; çünki xanı görcək əl ağacını dayadı qapının bucağına və başladı qapının o biri tayını açmağa. Qapını açıb bir yüklü ulağı sürdü həyətə “çoçi-çoçi” deyə-deyə və yükün arasından üç-dörd toyuq-cücəni çığırda-çığırda yerə qoyub, yükü açıb dolu çuvalları saldı yerə və xanın üzünə baxıb ikiqat əyilib salam verdi”.
İnsafınız olsun, belə gözəl bir dildə necə eybəcər danışmaq, yazmaq, oxumaq olar axı?! Biz ki, ən lakonik şəkildə ən hikmətamiz atalar sözlərinin, roman gücündə dastanların, sözləri musiqisindən, musiqisi sözlərindən şirin xalq mahnılarının müəllifi olan xalqıq. Yeddi hecalıq, dörd misralıq bir janra-bayatıda xarüqələr yaradan xalq.
Məsələn belə:
Əzizim, neynim sənə,
Düşübdü meylim sənə.
mən dönsəm, üzüm dönsün,
Sən dönsən neynim sənə.

