Naxçıvanın biomüxtəlifliyi
“Naxçıvan Muxtar Respublikası İran və Türkiyə ilə Araz çayı boyunca, Ermənistanla Zəngəzur və Dərələyəz silsiləsi ilə həmsərhəd olan unikal məkanda yerləşməsi, buranı təkrarolunmaz təbiət laboratoriyasına çevirmişdir. Qədim sivilizasiyaların və mədəniyyətlərin yaranma mərkəzi olan bu diyar, vəhşi təbiətin də xeyli sayda bitki və heyvan növlərinin yaranmasının təkzib edilməz mərkəzlərindən biri sayılır. Hal hazırda bu diyar məhv olmaq təhlükəsində olan nadir heyvan növlərinin – bəbir (Panthera pardus saxicolor), manul pişiyi (Otocolobus manul), dağ keçisi (Capra aegagrus), dağ qoyunu (Ovis orientalis) və s. axırıncı “sığınacaqlarına çevrilmişdir”.
Qafqaz bəbiri (Panthera pardus saxicolor) Qafqaz Ekoregionunun Mühafizə Planında diqqət mərkəzində olan növ kimi tanınmışdır. Artan mühafizə tədbirlərinə baxmayaraq, bəbir bütün regionda yox olmaq təhlükəsindədir. 2002-ci ildə Cənubi Qafqazda WWF-in (Ümumdünya Təbiəti Mühafizə Fondu) icra etdiyi Bəbirin Mühafizəsi Proqramı çərçivəsində aparılan araşdırmaların ilkin nəticəsində bəbirin hələ də dörd ayrı-ayrı təcrid olunmuş yerlərdə yaşadığı məlum olmuşdur. İlkin müşahidələrdən alınan nəticələri nəzərə alaraq, WWF yeni XMOTƏ-lərin (Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri) yaradılmasında, onların idarə effektliyinin təkmilləşdirilməsində, bəbir və onun şikarının monitorinqində region ölkələrə dəstək vermişdir.
2007-ci ildə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının dəstəyi ilə bəbirlərin Qafqazda statusuna dair illik hesabat nəşr edilmiş və milli ekspertlərin dəstəyi ilə bəbirin mühafizəsinə dair regional strategiya hazırlanmışdır. Bu strategiyanın əsasında Milli Fəaliyyət Planları hazırlanmış, bu da öz növbəsində onun fəaliyyətinə və foto-tələlər vasitəsi ilə monitorinqlərin aparılmasına təkan vermişdir. 2011-ci ildən başlayaraq IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) və WWF-in dəstəyi ilə Azərbaycan MEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə monitorinqlər aparılır. 2012-ci ildən muxtar respublika ərazisində aparılan monitorinqlərdə ümidverici nəticələr əldə edilmişdir. İlk önəmli fakt, dişi bəbirin fotosunun 2012-ci il sentyabr ayının 6-da Naxçıvanda Zəngəzur Milli Parkının Kilit ərazisində çəkilmiş şəkil olmuşdur. (şəkil)

2013-2014-cü illər ərzində Naxçıvan Muxtar Respublikası ərazisində aparılan monitorinqlər nəticəsində, foto-tələlər və müntəzəm çöl izləmələri vasitəsilə əsaslı dəlillər toplanılmışdır. Foto-tələlər Zəngəzur Milli Parkında yuxarı və dağlıq qurşaqlarda 950-2250 m.d.s.h. yerləşdirilmiş, bu ərazilərdən çoxlu sayda bəbir şəkili və video görüntüləri əldə edilmişdir.
Əvvəllər bəzi mütəxəssislər elə hesab edirdilər ki, bəbirlər muxtar respublika ərazisinə qonşu ölkələrdən keçirdilər. 2013-cü ildən 2021-ci ilədək aparılan monitorinqlərin nəticələri isbat etdi ki, bəbirlər nəinki, muxtar respublika ərazisinə qonşu ölkələrdən gəlmir, tamamilə əksinə bu ərazidə artıb çoxalan bəbirlər Qafqaz Ekoregionunun digər ərazilərinə məhz Naxçıvan ərazisindən yayılırlar. Bu birmənalı şəkildə isbat edilmişdir. Tədqiqatlar dövründə yetkin bəbirlərin 3 dəfə müxtəlif vaxtlarda cütləşməsi, bala bəbirlərin şəkil və video görüntüləri əldə edilmişdir. Bu faktlar onu göstərir ki, bəbirlərin çoxalması məhz Naxçıvan ərazisində baş verir.

Ana bəbir üç balası ilə

Ana bəbir 2 balası ilə
2012-ci ildən 2021-ci ilə qədər Naxçıvanda Zəngəzur Milli Parkının demək olar ki, bütün ərazilərində çoxlu sayda bəbir şəkili və video görüntüləri əldə edilmişdir. Bu nəticələr mütəmadi olaraq mətbuatda və televiziyalarda işıqlandırılmışdır.
Hal-hazırda muxtar respublika ərazisində yetkin və bala bəbirlərin mütəmadi olaraq foto-tələlər vasitəsi ilə şəkil və videoları çəkilir. Fərdlərin biri-birindən fərqləndirilməsi mütəxəssislər tərəfindən müəyyən edilir. Bundan əlavə foto-tələlərdə olan zaman və tarix göstəriciləri də fərdlərin identifikasiyasında böyük rol oynayır. (şəkil)

Uzun illərdir ki, muxtar respublikada XMOTƏ-lərin genişləndirilməsi və yenilərinin yaradılması, mühafizə rejiminin gücləndirilməsi, infrastrukturun inkişafı, mütəmadi maarifləndirmə işlərinin aparılması bu uğurların alınmasında əsas rol oynamışdır. Bunun nəticəsi olaraq bəbirlər yaşayan ərazilərdə narahatedici faktorlar azalmış, bəbirlərin əsas qida obyektləri olan vəhşi cütdırnaqlıların (dağ keçisi, dağ qoyonu, cüyür, çöl donuzu və s.) populyasiyaları bərpa olunmuş, sayları əhəmiyyətli dərəcədə artmışdır.

Dağ keçi (Capra aegagrus)

Dağ keçi (Capra aegagrus)

Dağ qoyunun (Ovis orientalis)

Çöl donuzu (Sus scrofa)
Mütəmadi olaraq payız fəslində aparılan monitorinqlərin nəticələri bunu deməyə əsas verir. Bu da bəbir kimi nəsli kəsilmək üzrə olan pişikkimilərin (çöl pişiyi, manul, vaşaq və s.) populyasiyalarının artmasına səbəb olmuşdur. Onu da xüsusi qeyd etmək lazımdır ki, 2001-ci ildən Naxçıvan Muxtar Respublikasında ovun qadağan olunması təkcə XMOTƏ-lərdə deyil onlardan kənarda da heyvanat aləminin bərpasına səbəb olmuşdur.
Bütün bunlar bir daha Naxçıvan Muxtar Respublika ərazisinin unikallığını və orijinallığını göstərir. Buranın təbii zənginliyinin qorunması və artırılması bu müqəddəs diyarda yaşayan indiki və gələcək nəsillərin başlıca borcudur. Naxçıvanın çox maraqlı və dəyərli olan təbiətinin qorunması təkcə Azərbaycan və Qafqaz üçün deyil bütün Dünya üçün vacibdir!
İsmayıl Məmmədov,
AMEA Naxçıvan Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, dosent
Pərviz Fətullayev,
Laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

