Nazir müavini: Şirkətlər qanunsuz lisenziyalarla təbii resursları qəsb edirlər
Azərbaycan torpaqlarının işğalının ölkəmizə vurduğu zərər milyardlarla ölçülür.
ARANTV.AZ xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın yüzlərlə sənaye müəssisəsi məhv edilib. Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlər və təbii resursların istismarı ilə məşğuldur:
“Azərbaycana məxsus həmin torpaqlarda hüquqi və fiziki şəxslər fəaliyyətdədir və bir sıra hallarda bu biznesmenlər xammalı xaricə satırlar. Ermənistanda qeydiyyata alınan şirkətlər orda işləyir və işğalçı ölkə bu qanunsuz fəaliyyətə dəstək verir. Mədən şirkətləri qanunsuz lisenziyalarla təbii resursları qəsb edirlər. Bu fəaliyyətə heç bir ölkə dəstək verməməlidir və bu fəaliyyətlər cinayət məsuliyyəti yaradır”.
Nazir müavini bu problemə həsr olunan beynəlxalq konfransda iştirak edən diplomatlara müraciət edərək, bildirib ki, dövlətlər bu şəxslərini belə fəaliyyətlərdən çəkindirməlidir:
“Azərbaycan tərəfdaşlarını işğal olunmuş ərazilərdə iştirak etməməyə çağırır”.
“Burada iştirak edən diplomatik nümayəndələr də öz hökumətlərinə çatdırsınlar ki, Azərbaycanın işğal altındakı sərvətlərinin ticarəti ilə məşğul olanlara qarşı ciddi iş aparırıq. Bəzən buna humanitar yardım donu geyindirməyə çalışırlar. Əslində, bu, Azərbaycan ərazisində işğalı davam etdirən Ermənistan ordusuna yönəlir”, – deyə R.Məmmədov vurğulayıb.
UNESCO-nun nümayəndəsi isə çıxışında mədəni irsin məqsədli şəkildə dağıdılması hallarını qeyd edib. Bildirib ki, işğal altındakı ərazilərdə gedən proseslər mədəniyyətlər və icmalar üçün mənfi təsirlər yaradır.oxu.az

