“Ümid edirəm ki, C.Cabbarlının ev muzeyində ən qısa zamanda bərpa işləri görüləcək” – Nazir
“Yazıçı-dramaturq Cəfər Cabbarlının ev muzeyi dövlət balansında olmadığı üçün binanın taleyini ailə yaxınları ilə müzakirə edirik”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəz Qarayev mətbuat konfransında bildirib.
Nazir bildirib ki, C. Cabbarlının ev muzeyi 2006-cı ildən dövlətə məxsus deyil:
“Həmin ev C.Cabbarlının ailəsi tərəfindən özəlləşdirilib və bu müddət ərzində binanın təmir-bərpa işləri üçün zəruri tədbirlər həyata keçirilmədiyi üçün bina daha yararsız hala düşüb. Binanın dövlət hesabına təmiri üçün isə o yalnız dövlət balansında olmalıdır”.
Nazir qeyd edib ki, 2012-ci ildə bina tam yararsız hala düşdüyü üçün binadakı əmlak teatr muzeyinə köçürülüb:
“Biz bu məsələni C.Cabbarlının ailəsi ilə müzakirə etmişik. Ailə istəyir ki, o evin yerində yeni ev tikilsin və evin birinci mərtəbəsi C.Cabbarlının ev muzeyi edilsin. Bu təcrübə mövcuddur. Daha əvvəl Əzim Əzimzadənin ev muzeyinin hazırlanması da bu şəkildə aparılıb. Biz özümüzdə həmin binanın vəziyyətindən narahatıq. Çünki Mədəniyyət Nazirliyinin səlahiyyətində binanı tikmək, dağıtmaq səlahiyyəti yoxdur”.
Nazir qeyd edib ki, aidiyyəti orqanlar və mütəxəssislər araşdırma aparmalı və hansı istiqamətdə işlərin görülməsinə rəy verməlidir: “Ümid edirəm ki, C.Cabbarlının ev muzeyində ən qısa zamanda bərpa işləri görüləcək”.metbuat.az

