Məktəblərlə bağlı qalmaqallar səngimir – ekspertlər səbəbləri göstərdi
Məktəblərdə müəllim-şagird münaqişələri, qalmaqallar nədən səngimir? Bu məsələ niyə yoluna düşmür? Buna nazir, nazirlik günahkardır, yoxsa cəmiyyət özü?
Məlum olduğu kimi, son 10 gün ərzində ölkənin müxtəlif məktəblərində müəllimlərin videosu yayılır, şagirdlərə şiddət halları səngimir. Təhsil Nazirliyi isə bu məsələni sanki cəmiyyətin ixtiyarına buraxıb. Təhsilin keyfiyyəti qalıb bir kənarda, bu, az qalsın yada belə düşmür, hamı orta məktəblərdə müəllimlərin qanunsuz davranışından danışır.
Bəziləri düşünür ki, bu qalmaqallar əslində məqsədli şəkildə yaradılır, təhsilin keyfiyyəti haqda müzakirə dayansın deyə. Bəziləri isə bunu nazirliyə qarşı kampaniya kimi qiymətləndirir.
Amma əsas sual ortadadır: Orta məktəblərdə vəziyyəti necə nizamlayaq? Məktəbləri anormal şagird və müəllim davranışlarından, harın və rüşvətxor direktorlardan necə xilas edək?

Fazil Mustafa: “Sinifdə olan müəllim xəyalən özünü başqa yerdə hiss edir, ona görə də… ”
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan millət vəkili Fazil Mustafa məsələyə fərqli prizmadan yanaşdı: “Bu məsələ geniş şəkildə müzakirəyə çıxarılmalıdır. Burna konkret olaraq bir nazirliyin həll edəcəyi problem kimi baxılmamalıdır. İlk növbədə Bakı şəhərinin yükünün azadılması istiqamətində dövlət siyasəti həyata keçirilməlidir ki, bu da gecəqondularla bağlıdır. Zamanında rüşvət sayəsində Bakı şəhərində icra hakimiyyətləri tərəfindən imkan yaradıldı ki, bölgələrdən insanlar şəhərə axışsın. Rayonlarda yerli icra başçılarının fərasətsizliyi ucbatından infrastruktur yaradılmadı, ağır vəziyyət oldu və insanlar hansısa formada ağır şərtlərlə də olsa pul qazanmaq üçün paytaxta üz tutdu. Bu insanların da çoxu qeydiyyata düşə bilmədi. Hətta Gürcüstanın özündən xeyli sayda insanlar Azərbaycana gəldilər. Onlar qeydiyyata düşə bilməsələr də ev tikib, özlərinə şərait yaratdılar. Belə bir vəziyyətdə qeydiyyatda olmayan insanlar təhsildə hüquqlarını maneəsiz həyata keçirdilər ki, bu da təbiidir, çünki uşağı məktəbdən kənar qoymaq olmazdı. Beləliklə, məktəbdə hər sinifdə 20 nəfər olmaq əvəzinə 35-40 nəfər şagird oldu. Bu sıxlıq müəllimə modern standartlarla təhsil verməyə imkan vermədi. Digər tərəfdən, imkanı çatanlar övladlarını bahalı özəl məktəblərə qoyub, onları ingilis, rus dilinə yönəltdilər, imkanı çatmayanlar isə dövlət məktəblərinə qoydu, imkanı çatdığı qədər repetitora yönəltdi. Bu baxımdan hər məktəbdə standarta uyğun təhsil alan şagird, say məsələsi, kəmiyyəti həll etmək lazımdır, ilk növbədə bu problem çözülməlidir. Məsələn, bəzən şahidi oluruq ki, hansısa məktəbdə 800-1000 şagird təhsil almalıdır, amma bu say 2500 nəfərdir. Beləliklə də həmin məktəblərdə müəllimlər üç dəfə artıq yükü üzərinə götürmüş olurlar.
Daha bir məsələ, ailə institutuna münasibət dəyişməlidir. Ölkədə ailə institutu başlı-başınadır. İcra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanlarla iş komissiyası var ki, bu da formal xarakter daşıyır. Yəni uşaqla məşğul olan institutlar demək olar ki, fəaliyyətsiz formadadır və ciddi bir təsir göstərə bilmirlər. Ona görə də küçədə dilənçilik edən uşaqların sayı artmağa başlayıb.
Həmçinin internat məktəbi şəbəkəsi keyfiyyətli, ağıllı qurulmayıb, sahibsiz uşaqları ora yönləndirə bilmirik. Autizm, daun və digər xəstəliyi olan uşaqlar çox zaman digər uşaqlarla birlikdə təhsil alır və onlar müəyyən dərəcədə diskriminasiyaya məruz qalırlar. Çünki gec qavrayır, dərsə cavab verməkdə çətinlik çəkirlər.
Bundan başqa, evdə olan əlil uşaqlarla bağlı təhsil sistemi inkişaf etməyib. Həmin uşaqlar təhsil ala bilmir.
Üstəlik, məktəbdə təhsilin keyfiyyətinin aşağı olması uşaqlara elementar savad əldə etməyə imkan yaratmır. Təsəvvür edin, cibində pulu olmayan valideyn repetitor tutmasa uşağı həmin təhsillə ali məktəbə daxil ola bilməz. Belə bir vəziyyətdə birdən-birə bu qədər yığılmış problemi həll etmək çox çətindir.
İndi kimisi fürsət tapıb, müəyyən mənada bu problemi şəxsiləşdirməyə, kimisi təhsil sisteminin başında duranlara bir qədər yaltaqlanmaq üçün müdafiə səngəri qazırlar. Amma məsələyə bu cür yanaşmaq, kimisə ittiham etmək olmaz. İndi düşünmək lazımdır ki, vəziyyətdən necə çıxmaq olar”.
Fazil Mustafa qeyd edib ki, burada həm də müəllimin təhsilə olan marağının azalması, təhsildən uzaqlaşması məsələsi gündəmdədir:
“Sinifdə olan müəllim xəyalən özünü başqa yerdə hiss edir. Niyə? Çünki müəllimi həddindən artıq yükləyib, yazı-pozuya yönəldiblər. 20 şagirdlə dərs keçməli olan müəllim 40 şagirdə dərs keçəndə onun vaxtı olmur ki, normal dərs keçə bilsin.
Üstəlik, müəllimi sertifikata cəlb edirlər. Mən təklif etdim ki, 40 yaşından yuxarı bütün müəllimlər sertifikatdan azad olunsunlar. Hətta nəinki 40 yaşlı müəllimi, 10 il iş stajı olan müəllimi bundan azad etsinlər. Onsuz da onlar yığdıqları təcrübə ilə dərs keçəcəklər. Yoxsa ki, müəllimlərin başı sertifikata qarışır, onlar bunun qorxusu altında qalırlar. Eləcə də tibdə də bu proses var. Axı nəyə lazımdır bu cür mənasız proseslər? Onları yığışdırmaq lazımdır.
Daha sonra, bölgələrdə müəllimlərə verilən əmək haqqı onları yaşayışını görmür. Kim gedər kəndə? Bu vəsaiti on qat artırmaq lazımdır, müəllimə nə verilsə itmir. Müəllimə daha çox vəsait verilsə, bu, cəmiyyətin faydasınadır. Ona görə də stimul yaratmaq lazımdır ki, müəllimlər bölgələrə gedib, orada təhsili qaldırsınlar. Bölgələrə qayıdış başlamalıdır ki, orada təhsili dirçəldə bilək.
Həmçinin bölgələrdə olan universitetlər Bakı ilə səviyyədə rəqabət apara bilmir”.

Kamran Əsədov: “Keyfiyyətli təhsil üçün tədris mühitinin bütün tərəfləri birlikdə mövcud olmalıdır”
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, keyfiyyətli təhsil üçün tədris mühitinin bütün tərəfləri birlikdə mövcud olmalıdır:
“Həmin tərəflərdən biri də mühitin təhlükəsizliyidir. Çünki fərdlərin təhsili təhlükəsiz bir mühitdə almaları vacib məqamdır. Təhlükəsiz mühitdə olmayan təhsilalanlar yaxşı təhsil ala, bacarıqlarını təkmilləşdirmək üçün gərəkli olan mövzulara fokuslana bilməzlər.
Təhlükəsiz məktəblər şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan tam azad hiss etdikləri yerlərdir. Təhsil müəssisələrində kollektiv və təhsilalanlar zaman-zaman fiziki, mexaniki, bioloji və kimyəvi təhlükələrlə qarşılaşa bilərlər. Bir məktəbi təhlükəli və ya təhlükəsiz olaraq adlandırmaq çətindir. Həmin məktəbin nə qədər təhlükəsiz olduğunu ölçmək olar. Məktəbin təhlükəsizliyini qiymətləndirmək təfərrüatlı bir tədqiqat tələb edir. Çünki təhlükəsiz məktəb çoxşaxəli bir anlayışdır.
Məktəbin təhlükəsizliyinə onun böyüklüyünün də təsiri var. Araşdırmalarda məktəbin böyüklüyü ilə şiddət hadisələrinin sıxlığının bir-biri ilə mütənasib olduğu müşahidə edilib. Məktəbin təhlükəsizliyini təhdid edən bu amillər bir növ məktəbin yerləşdiyi mühitin təzahürüdür.
Məktəb mühitini etibarlı edən faktorların sırasında məktəb kollektivi, təhsilalanlar və valideynlərin özlərini azad və təhlükəsiz hiss etdikləri bir məktəb iqlimi yer almaqdadır. Aparılan beynəlxalq tədqiqatlarda təhlükəsiz məktəbin birdən çox standartı olduğu vurğulanır. Bunların ən effektivi məktəb iqlimidir. Məktəblərdəki şiddətin qarşısını almaq üçün ən yaxşı üsullardan biri maraqlı tərəflər arasındakı həqiqi, açıq və dəstəkləyici münasibətdir. Bu qarşılıqlı müsbət münasibətə məktəb iqlimi yön verməkdədir.
Məktəb rəhbərləri müsbət məktəb iqlimini təmin etmək istəyirlərsə, məktəb, təhsilalan və valideynlər arasındakı əlaqə və münasibəti daim yaxın tutmalıdırlar. Eyni zamanda direktorlar yeniliyə açıq olmali, işbirliyini təmin etməli və iş başında öyrənməyi təşviq etməlidirlər. Valideynlər məktəbə, sadəcə, övladları ilə yaşanan problemlə əlaqədar onların fikir və təkliflərini almaq üçün də dəvət edilməlidirlər. Yüksək təhsil nailiyyətlərinə sahib Finlandiya məktəblərində qərarlar verilərkən valideynlərin fikri mütləq nəzərə alınır. Məktəb daxilindəki əməl edilməli olan qaydalar açıq və şagirdlər üçün anlaşıqlı bir şəkildə müəyyənləşdirilməlidir. Qısaca, məktəb iqliminə təsir edəcək amillərlə bağlı dəyişikliklər tərəflərin gözləntiləri və müvafiqliyi istiqamətində hazırlanmalıdır”.

Əhməd Qəşəmoğlu: “Məktəblərlə bağlı qalmaqallar səngiməyəcək, əksinə, daha da artacaq, çünki…”
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, məktəblərlə bağlı yayılan qalmaqallar səngiməyəcək, əksinə, getdikcə artacaq:
“Çünki bugünkü təhsil sistemi öz mahiyyətinə görə idarə olunmur. Onsuz da cəmiyyət hər keçən gün daha da mürəkkəbləşir, həssaslaşır. Bu cəmiyyət 20-50 il əvvəlki cəmiyyət deyil. Hazırkı cəmiyyət yeni yanaşma metodları tələb edir. Problemlər cəmiyyətin öz xüsusiyyətindən irəli gələrək həll olunmalıdır, daha köhnə metodlarla deyil.
Digər tərəfdən, indi bəzilərində belə bir fikir yaranıb ki, kim xarici ölkələrdə universitet bitirib, ölkəyə gəlir, o, problemləri hamıdan yaxşı həll edir. Bu da çox yanlış, səhv fikirdir. Çünki xarici universitetlərdə oxuyanların heç də hamısı yüksək keyfiyyətli təhsil almayıb. Eyni zamanda ölkənin öz xüsusiyyətlərini də bilən kadrlara ehtiyac var. Bizə əlverişli kadr odur ki, həm savadlı olsun, həm də ölkədəki xüsusiyyətləri yaxşı bilsin. Bu istiqamətdə görüləsi xeyli problemlərimiz var. Yanaşma tamam başqa cür olmalıdır.
Gəlin təhsil sistemimizə baxaq, görək nə baş verir. Bəli, müəyyən təhsil sistemimiz var, yeni məktəblər tikilir, yeni kurikulumlar hazırlanır, dərsliklər dərc edilir, başqa ölkələrin təcrübəsi öyrənilir və sairə. Bunlar struktur yanaşmadır. 20-ci əsrin ən böyük sosioloqlarından biri, bəlkə də birincisi olan Parsons hər zaman deyirdi ki, strukturla funksiya bir-birini tamamlamalıdır. Yəni strukturda nə qədər dəyişiklik edirsən-et, əgər nəticəsi yoxdursa, funksiyasında, təyinatında öz əksini tapmırsa, deməli, mənasız bir şeydir.
Beləliklə, bizə əsas nəticə lazımdır. Xatırlayıram ki, ibtidai sinifdə oxuyanda sinfimizin üstündən bir daşın düşmək təhlükəsi var idi. Hər gün o daşın düşəcəyi qorxusunu yaşayırdıq. Partaları da elə qoymuşdular ki, daş düşərsə partanın üstünə düşməsin. İndi təsəvvür edin, o zamanlar bu cür şəraitli siniflər çox idi və bu siniflərdə nə qədər təcrübəli kadrlar yetişdirildi. İndi də məsələyə lazımi qaydada yanaşmaq lazımdır.
Bu gün məktəblərdə baş verənlərin günahı Təhsil Nazirliyində deyil, həm də birbaşa Təhsil Nazirliyindir. Əvvəla ölkədə təhsil siyasəti dəyişməli, milli mövqedən təhsil verən bir sistem olmalıdır. Və bu elə bir təhsil sistemi olmalıdır ki, ölkənin, yer üzünün tərəqqisinə təsir edən kadrlar hazırlaya bilsin. Daha nələrisə əzbərtləmək və bunun sayəsində universitetə girməklə deyil. Bu çox gülünc, ziyanlı bir metoddur.
Üç il əvvəl ADPU-nin akt zalında milli təhsil konsepsiyasını təqdim etdim. Məsul təşkilatların heç biri bununla maraqlanmadı, hətta nazirlik mənimlə bütün əlaqələrini kəsdi.
Beləliklə, bu gün Təhsil Nazirliyinin birbaşa günahı az deyil”.
Sosioloq qeyd edib ki, hazırda məktəb müəllimləri üçün dözülməz bir şərait var:
“Məktəbdə məktəb mühiti yoxdur. Bir tərəfdən müəllimə deyirlər ki, uşaqlara ”gözün üstə qaşın var” demək olmaz, günü-gündən də bununla bağlı videolar yayılmaqdadır və uşaqlarda müəllimə qarşı sanki bir oyun yaradılıb, müəllimləri kiçiltsinlər, onları saymasınlar deyə, özlərini qəhrəman kimi göstərsinlər və sairə. Belə məktəb mühiti olmaz axı.
Bəziləri yaxın vaxtlara qədər elə düşünürdü ki, məktəblərdə ən böyük problem pul yığılması, müəllimlərin maaşının az olmasıdır. Aydın oldu ki, bunlar problemdir, amma əsas məsələ deyil”.

