Xocalı faciəsi ayına daxil olduq – nə vaxt o yerlərə gedə biləcəyik…
Xocalı soyqırımının 30 illiyinin tamam olacağı aya daxil oluruq. Fevralın 26-da əsrin faciəsinin növbəti ildönümüdür. Artıq indidən tədbirlər planı da məlum olmağa başlayıb.
Yanvarın 28-də dövlət başçısı İlham Əliyevin 30 illiklə bağlı Prezident Administrasiyasına tədbirlər planı hazırlayıb onun həyata keçirilməsini təmin etməklə əlaqədar tapşırığı da oldu.
Ötən il olduğu kimi, bu il də Xocalı qurbanlarını həyatlarını itirdikləri yerlərdə nə vaxt yad edəcəyimiz, eyni zamanda Xocalı sakinlərinin nə zaman öz doğma yurd-yuvalarına qayıdacaqları barədə suallar ətrafında müzakirələr gedir.
Artıq 15 aya yaxındır ki, Azərbaycan II Qarabağ savaşında parlaq qələbə qazanıb.
10 noyabr bəyanatına uyğun olaraq müəyyən ərazilərdə Rusiya sülhməramlıları var.
Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları Xankəndi şəhərindəki çoxuşaqlı ailəyə ünvanlı humanitar yardım verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Növbəti həftə Ağdərə rayonunda çoxuşaqlı ailələr üçün humanitar aksiyanın keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, ilin əvvəlindən bu günədək 50-dən çox ailə sülhməramlılardan ünvanlı humanitar yardım alıb.
Bu davranışlar bir məsələni də gündəmə gətirib. Niyə rus sülhməramlarının nəzarəti altında olsa belə biz tarixi ərazimizə – Xocalıya gedə bilmirik?

Hikmət Babaoğlu: “Zaman bu məsələlərin hamısını həll edəcək”
YAP-çı deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında zamanın bu problemləri aradan qaldıracağını söylədi: “Qarabağ iqtisadi rayonumuzda məskunlaşan erməni icması hələlik Rusiya sülməramlılarının müvəqqəti səlahiyyət zonasında yaşayırlar və bu keçicidir. Azərbaycan özünün bütün ərazilərində suveren hüquqlarını tam bərpa edəcək. Eləcə də, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli razılşmada da münaqişəyə qədər ki demoqrafiq strukturun bərpa edilməsi və ərazinin bütün növ qeyri-qanuni silahlı birləşmələrdən təmizlənməsi nəzərdə tutulub. Hələliksə, bunun baş verməsi üçün görünür, bir qədər zamana ehtiyac var. Ancaq bu heç də o demək deyil ki, bu zaman sülməramlıların öz səlahiyyətlərindən kənar işlərlə məşğul olması, yaxud icma nümayəndələrini olduqları yerdə yaşamağı təşviq etməsi, onlar üçün dini – ideoloji mərkəzlər yaratması kimi sülhməramlı missiyada mövcud olmayan fəaliyyət üçün imkan açmalıdır. Bu, əsla yolverilməzdir. Sülməramlıların humanitar fəaliyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, bir neçə ailəyə ünvanlı humanitar yardım göstərib sonra da onu reklam etməklə erməni icmasının sosial-humanitar problemlərini həll etmək olmaz. Bu cür qanunsuz fəaliyyətlə sülməramlılar öz səlahiyyətlərini aşmaqla yanaşı, həm də icmanın Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına böyük zərbə vururlar. Eyni zamanda onsuz da gec-tez tətbiq ediləcək Azərbaycan qanunlarının erməni icması tərəfindən mənimsənilməsini ləngidirlər. Artıq ermənilər də bilirlər ki, Azərbaycanın himayəsi olmadan, Azərbaycan dövlətinin qanunlarına tabe olub vətəndaşlıq hüququ əldə etmədən Azərbaycan ərazisində yaşamaq əsla mümkün ola bilməz. Ona görə də zaman bu məsələlərin hamısını həll edəcək”.

İlham İsmayıl: “Nə vaxta qədər belə gedə bilər? Özümüz təşəbbüs göstərməliyik”
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl təşəbbüsün Azərbaycan tərəfindən edilməsini vacib sayır: “Faktiki olaraq müharibənin bitdiyi 15 aydır. Bu aylar ərzində Xankəndi və ətrafında, eləcə də azad edilmiş ərazilərimizdə məskunlaşma məsələmizin real ”Yol xəritəsi”, real mexanizmi açıqlanmayıb. Yəni biz bilmirik ki, o yerlərdə necə yerləşəcəyik. Hətta perspektivdə azad edilməmiş ərazilərdə dövlət nəzarətimizi və suverenliyimizi nə vaxt bərpa edəcəyimiz barədə nə siyasi mexanizm, nə də “Yol xəritəsi” var. Nə vaxt, hansı yolla gedəcəyik, hansı işlər görüləcək və s. barədə bir məlumat da yoxdur. Biz bircə dəfə Xankəndinin adını Qarabağ İqtisadi Zonası kimi çəkmişik. Belə çıxır ki, rus sülhməramlılarının orada olduğu müddətdə biz oraların adını çəkməyəcəyik. Biz o yerlərə turist kimi də gedə bilmirik. Düzdür, ilkin addım kimi gərək sülhməramlılar bunu edərdi. Amma təşəbbüs biz tərəfdən edilməlidir. Çox təəssüflər olsun ki, bu istiqamətdə bizim təşəbbüslərimiz yoxdur. Köklü, fundamental işlər görmək lazımdır. Nə vaxta qədər belə gedə bilər? Separatçı rejimə Ermənistan tərəfindən ayrılmış milyonlarla yardım stimul yaradıb. İndi daha çox yaşayış mənzilləri tikirlər, yəni müharibə vaxtı gedənlər və sonradan qayıdanlar üçün. Rusiya sülhməramlıları bütün humanitar yardımları edirlər. Bunu birtərəfli qaydada edirlər, yəni Azərbaycan tərəfi üçün etmirlər. Bir daha deyirəm ki, bu işdə günahkar kimi özümüzü də qeyd edirəm. Bu istiqamətdə rəsmi təşəbbüsümüz yoxdur”.
![]()
Kənan Hacıəkbəroğlu: “Avropada aksiya keçirməyi planlayırıq”
İsveç Qarabağ Azadlıq Mərkəzinin təmsilçisi, Xocalı tədbirlərinin təşkilatçısı Kənan Hacıəkbəroğlu olduqları ölkədə geniş tədbirlər keçirməyi planlaşdırdıqlarını söylədi: “Xocalı faciəsinin 30 illiyi ilə bağlı İsveçin Göteberq və digər şəhərlərində İsveç Azərbaycan Mərkəzi olaraq tədbirlər planlamışıq. Aksiyalar keçirəcəyik. Koronavirusla bağlı ola bilsin ki, müəyyən məhdudiyyətlər qoysunlar. Amma biz müraciət etmişik. Şəhərin mərkəzində Xocalı ilə bağlı plakatların açılması, İsveç dilində pröşuraların paylanması nəzərdə tutulub. Müraciətimizə İsveç parlamenti icazə versə, parlamentin yerləşdiyi binanın qarşısında tədbirlərin davamı olaraq bir aksiya keçirməyi planlayırıq. İsveç parlamentinin nümayəndələrinə Xocalı həqiqətləri barədə məlumatlar çatdıracağıq. Bu tədbirləri də İsveç-Azərbaycan Qarabağ Mərkəzi olaraq keçiririk”.

