İki qardaş, daha böyük güc!
Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycanın müdafiə qüdrətini artıracaq
Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə ilə bir daha nümayiş etdirən Azərbaycanın Silahlı Qüvvələrində müasir innovativ texnologiyaların da tətbiq edilməsi ilə zəruri islahatlar, təkmilləşdirmə prosesi həyata keçirilir. Bu proses zamanı isə müharibənin nəticələrinin təhlilləri də nəzərə alınmaqla NATO-nun ən güclü ordularından birinə malik olan qardaş Türkiyənin müdafiə sənayesinin imkanlarından, təcrübə və problemə yanaşmalarından geniş istifadə olunur. 2021-ci il iyunun 15-də Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi digər sahələr kimi, hərbi əməkdaşlığın daha da genişləndirilməsinin yol xəritəsinə çevrildi. Bu yaxınlarda həm Azərbaycanın, həm də Türkiyənin qanunverici orqanları tərəfindən təsdiqlənən Bəyannamədə konkret olaraq hər iki dövlətdən hansısa birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə siyasi, diplomatik və digər əməkdaşlıqdan başqa, ehtiyac yaranarsa Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkil olunması nəzərdə tutulur.
Bəlli olduğu kimi, artıq tam hüquqi qüvvəyə minmiş sənəd, eyni zamanda, özündə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərilməsini, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini ehtiva edir.
Bəyannamədə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafını nəzərdə tutan ən mühüm müddəalardan biri isə dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsinin həyata keçirilməsi ilə bağlıdır.
Məhz Şuşa Bəyanaməsində nəzərdə tutulduğu kimi, Azərbaycan və Türkiyə orduları arasında dostluq və tərəfdaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurlu inkişafının nəticəsi olaraq, qardaş ölkənin sürətlə inkişaf edən müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahların və digər hərbi vasitələrin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi perspektivləri daim diqqətdə saxlanılır. Müdafiə nazirləri və Silahlı Qüvvələrin digər rəhbər heyətlərinin, hərbi sənaye sahəsi üzrə aparıcı şirkət nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri əməkdaşlığın daha da dərinləşməsi və yeni mərhələyə qədəm qoymasına şərait yaradır. Türkiyədə növbəti dəfə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bugünlərdə qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar ilə görüşü də bu baxımdan çox əhəmiyyətlidir. İşgüzar görüşlərdə regional təhlükəsizlik, eləcə də Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Artıq ikitərəfli əməkdaşlığın ciddi konkret nəticələri mövcuddur və bu nəticələr ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasına birbaşa təsir edir. Buna Vətən müharibəsində yerüstü əməliyyatlarda effektiv nəticələr göstərən Xüsusi Təyinatlı Qüvvələrin yeni – Türkiyədə xüsusi kurslarda təhsil almış komando birliklərinin yaradılmasını nümunə göstərmək olar. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində belə elit bölmələrin sayı artıq kifayət qədərdir və artmaqda davam edir.
İkitərəfli hərbi əməkdaşlığın yeni mərhələsində Şuşa Bəyannaməsində də yer almış müdafiə sənayesi məhsullarının birgə istehsalı müəssisələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə də lazımi işlər aparılır. Hazırda ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar keçirdiyi görüşlərdə Azərbaycanda “Bayraktar TB2” dronlarının və pilotsuz uçuş aparatlarının (PUA) istismarından, onlara texniki xidmətdən başqa bu qurğuların istehsalı üçün lazım olacaq yüksək texnologiyanı inkişaf etdimək, süni intellektin tətbiqini genişləndirmək məqsədi ilə müəssisə qurmağı hədəflədiklərini bildirib. Məlum olduğu kimi, şirkətin istehsal etdiyi “Bayraktar TB2” Vətən müharibəsində özünü ən yaxşı tərəfdən göstərdiyindən dünyanın əksər ölkələrinin maraq dairəsinə düşüb və yeni texnologiyanın bu nümunəsinə hazırda kifayət qədər alıcı tələbatı var.
S.Bayraqdar həmçinin Azərbaycanın “Baykar”ın yeni, texniki göstəricilərinə görə öz sinifində liderlərdən birinə çevriləcək istehsalı olan “Akınсı” pilotsuz uçuş aparatları ilə maraqlandığını bildirib. O qeyd edib ki, sözügedən maraq bu texnologiyanın həm inkişaf etdirilməsi, həm də istehsalı ilə bağlıdır: “İnşallah Azərbaycanda da belə bir təşəbbüs həyata keçirmək istəyirik. Təşəbbüslərə dəstək verəcək strukturu qurmaq istəyirik.”
Qeyd edək ki, S.Bayraqdarın Azərbaycana səfərinin əsas məqsədlərindən biri də bu il may ayının 26-29-da ölkəmizdə keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı ilə bağlıdır. İlk dəfə Türkiyədən kənarda – paytaxtımızda reallaşacaq 1.2 milyon izləyicisi olan festival çərçivəsində baş tutacaq müsabiqələrin bir qisminin Qarabağda, Şuşada keçirilməsi də istisna edilmir. “Baykar”ın texniki direktoru bunda maraqlı olduğunu bildirib və Türkiyədə olduğu kimi, Azərbaycanda da texnoloji layihələrin reallaşdırılmasına hər cür dəstək verməyə hazır olduqlarını qeyd edib.
Məlumat üçün bildirək ki, “TEKNOFEST” Türkiyədə Sənaye və Texnologiya Nazirliyinin, T3 Vakfının birgə təşkilatçılığı, 60-dan çox dövlət qurumu, ali məktəb və özəl şirkətin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, müştərək müdafiə sənayesi müəssisələrinin yaradılması istiqamətindəki təşəbbüslər iki qardaş ölkənin başqa dövlətlərə qarşı yönəlməyən bir gücə çevrilməsini şərtləndirir. Bir çoxlarının istəyi xaricində olsa da bu gün yeni çağırış məhz belədir – iki qardaş və daha böyük güc!
Mahir Rəsuloğlu, “İki sahil”

