Müharibə başa çatıb, sülh olmalıdır, ancaq heç vaxt erməni faşizmini unutmamalıyıq
Dövlət başçısı İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncamı erməni vəhşiliklərinin dünyaya təqdimatıdır
Tarix heç nəyi silmir, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. 30 il Azərbaycan dünyaya “həqiqətlərə ədalətin gözü ilə baxaq” çağırışı etsə də, erməni sevgisi ikili standartlara əsaslanan siyasətlərini davam etdirməyə səbəb oldu, dünyada etmadsızlıq mühiti yarandı. Beynəlxalq hüququn əsas prinsiplərindən biri Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığıdır. Hər zaman Azərbaycanın yanında olan, 44 günlük İkinci Qarabağ müharibəsində qardaşlığın ən bariz nümunəsini nümayiş etdirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya səsləndirdiyi bu mesajı da yada salmaq istərdik: “BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.”
44 günlük Vətən müharibəsi bu çağırışın reallıqda təsdiqi oldu. Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində 30 ilin işğalına son qoyuldu, ədalət bərpa edildi, ərazi bütövlüyümüz təmin olundu. İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Azərbaycanın yanında olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı dünyaya mesaj oldu. Türkiyənin mənəvi və siyasi dəstəyini hər bir çıxışında bəyan edən ölkə Prezidenti bu fikri də böyük qürur hissi ilə vurğulayır ki, Azərbaycan və Türkiyənin qardaşlığı dünyaya nümunədir.
Tarixi faktlar bu reallığı təsdiqləyir ki, Ermənistan zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirib. Tarixi saxtalaşdırmaqla özlərinə saxta tarix yazan ermənilər dünyanı öz yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da 44 günlük İkinci Qarabağ müharibəsi həqiqətlərin, münaqişənin əsl mahiyyətinin, ən əsası ermənilərin və onlara havadarlıq edənlərin bugünədək yeritdikləri siyasətin məqsəd və məramını, beynəlxalq hüququn maraqlarının arxasında əridiyini bir daha açıqladı. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə beynəlxalq təşkilatların, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin 30 ilə yaxın dövrdə edə bilmədiklərini etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra olundu. İşğalçı Ermənistan, həmçinin BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini zamana və məkana görə tətbiq edən dövlətlər dərk etdilər ki, beynəlxalq hüquq mövcuddur. Onun icrası üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Belə ikili yanaşmalar dünyanın özünün hüquq problemini yaşamasını qabardır, aparıcı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar özlərinə inamsızlıq yaradırlar. Necə ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi daim rəsmi Bakı tərəfindən bəyan edilirdi və tərkibinin dəyişdirilməsi məsələsi gündəmə gətirilirdi. Qurumun həmsədr dövlətlərindən olan Fransa istər 30 ilə yaxın dövrdə münaqişənin nizamlanması prosesində, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsində və 10 noyabr üçtərəfli razılaşmasının əldə edilməsindən sonra ermənipərəst mövqeyini qabarıq şəkildə ortaya qoyub. Hətta Fransa senatı qondarma «Dağlıq Qarabağ respublikası»nın müstəqilliyinin tanınması ilə bağlı qətnamə qəbul etdi. Təbii ki, bu kimi sənədlər Azərbaycanın reallıqları, tarixi faktlar qarşısında sadəcə bir kağız parçasıdır, amma dünyanın aparıcı dövlətlərindən birinin nümayiş etdirdiyi bu kimi mövqe sadəcə ikrah doğurur. Məhz bu kimi reallıqların fonunda dövlət başçısı İlham Əliyev daim bildirir ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq mühüm rol oynayır. Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarını, Azərbaycanın malik olduğu imkanları, qazandığı uğurları müqayisə etdikdə bunu aydın şəkildə görürük. Dövlət başçısı İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xarici KİV-lərə 30-a yaxın müsahibəsinin hər birində tez-tez işğalçı Ermənistana və ona havadarlıq edənlərə bəzi mesajlarını çatdırırdı. «Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir.
Azərbaycan 30 ilə yaxın müddətdə ərazi bütövlüyünü təmin etmək istiqamətində bütün səylərini birləşdirdi, səfərbər etdi. Siyasi, iqtisadi, diplomatik, hərbi sahədə qazanılan uğurların miqyası genişləndi. Ordumuz yenidən quruldu. Azərbaycan Ordusu reytinq cədvəlində dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət dünyanın diqqətindən kənarda qalmadı, bəzi inkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri artıq ölkəmizin təcrübəsini öyrənirlər. Ölkə Prezidenti daim bu fikri bildirir ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Cənab İlham Əliyev Vətən müharibəsinin getdiyi dövrlərdə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində « Azərbaycan çox güclü bir ordu yaratdı. Birinci Qarabağ müharibəsində hava qüvvələri belə yox idi, ancaq indi artıq güclü bir hava qüvvələri, güclü bir ordu var. Təbii ki, “TB2” silahlı pilotsuz uçuş aparatları da bölgədə böyük bir güc oldu. Türkiyədən satın aldınız və hazırda istifadə edirsiniz. Silahlı pilotsuz uçuş aparatları müharibənin gedişini necə dəyişdirdi» sualına cavabını xatırlayaq. Dövlət başçısı bildirmişdir ki, çox dəyişdirdi. Ermənistan 30 il ərzində işğal edilmiş o bölgələrdə bütün təmas xətti boyunca çox güclü istehkam qurmuşdu. Bəzi yerlərdə onların dörd müdafiə xətti var. Böyük xəndəklər qazıldı, digər mühəndislik işləri görüldü. Çox böyük beton plitələri, sığınacaqlar, bunkerlər vardır: «Bir də bölgənin relyefi elədir ki, o, təbii istehkamdır. Çünki o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu, böyük çətinlikdir. Çətin bir iş və çox riskli bir işdir. Ona görə bizim bu istiqamətdə gördüyümüz işlər, əlbəttə ki, böyük qəhrəmanlıq tələb edirdi və biz düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçuş aparatlarına möhtac idik. Çox şadıq ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən artıq bunu söyləmişəm, yalnız Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi. Qalan bir milyardı da bizim hərbi vasitələrlə məhv edildi. Yəni, bu, müharibənin gedişatını çox dəyişdirdi.» Bu fikirləri dövlət başçısı İlham Əliyev hələ müharibənin getdiyi dövrlərdə söyləmişdir. Artıq bu fikirlər müharibənin Qələbə ilə başa çatacağından soraq verirdi. Azərbaycanın bu illər ərzində bütün sahələrdə qazandığı uğurlar, təcrübə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən, torpaq sevgisi, birliyimiz, həmrəyliyimiz, ordumuzun döyüş ruhu Zəfərimizi təmin etdi. Təbii ki, müasir texnologiyaların tətbiqi də mühüm rol oynadı. Azərbaycanın beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan istifadəsi məsələsini gündəmə gətirən və bundan ölkəmizə qarşı məqsədli şəkildə istifadə etməyə çalışan dairələrə dövlətimizin başçısı bu cavabı da müasir texnologiyaların inkişaf etdiyi müasir dövrdə belə ittihamların əsassızlığına işarə idi. Cənab İlham Əliyev bildirirdi ki, yeni texnologiyaların inkişafı və tətbiqi şəraitində bu raketlərin hansı tərəfdən buraxıldığını müəyyənləşdirmək çətin deyil.
İkinci Qarabağ müharibəsində döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri iki dəfə Gəncəni, bir dəfə Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi paket atəşinə tutdu, onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına və nə qədər böyük dağıntılara səbəb oldular. Gəncədə, Bərdədə törədilən terror aktları Xocalı soyqırımının davamı kimi dəyərləndirildi. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirdi. Ölkə Prezidenti törədilən bu cinayətləri erməni faşizminin növbəti təzahürü kimi qeyd edərək bildirmişdir ki, Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırmışdır. Bunlar 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqları idi. Zəfərimiz şəhidlərimizin, baş verən terror aktları zamanı həlak olanların qanını yerdə qoymadı. Bu fikir daim şəhid analarının, atalarının, doğmalarının dilindən səslənir ki, təsəllimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır.
Tariximizə XX əsrin ən dəhşətli faciəsi kimi yazılan Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsindəyik. Xocalı faciəsi Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur. Ermənilər və onlara havadarlıq edən dövlətlər Xocalı faciəsini törətməklə xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin mənfur düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Faciənin ildönümlərində paytaxtın Azadlıq meydanından Xocalı abidəsinə doğru on minlərlə insanın iştirakı ilə keçirilən Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyıb. Əvvəldə də qeyd etdiyimiz kimi, bircə gecədə yerlə-yeksan edilmiş Xocalı şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir. Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar. Xocalı soyqırımının statistikasına diqqət yetirək: Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirib. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Dövlət başçısı İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncamında da qeyd olunur ki, Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir.
Azərbaycan tarixi Zəfəri ilə erməni faşizmini məğlub etdi. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında dünya güclərini erməni vaşizmini məhv etmək üçün səylərini birləşdirməyə çağırır. Dövlət başçısı İlham Əliyevin Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Aəentliyinə-AZƏRTAC-a müsahibəsində səsləndirdiyi bu çağırışı xüsusi qeyd etmək istərdik: “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın.”
Yeganə Əliyeva, “İki sahil”

