Erkən nikahlar problemi paytaxta da çatdı – səbəb
Kəmalə Ağazadə: “Əsas problem qanunlara riayət olunmaması ilə bağlıdır…”
Novella Cəfəroğlu: “15 yaşlı qızını ərə verən atanı qınamaqdan çox, böyük məbləğdə cərimə etmək lazımdır”
Məlum olduğu kimi, bir neçə gün öncə Bakıda 15 yaşlı qız uşaq dünyaya gətirdikdən sonra özü də, körpəsi də ölüb. Məlum olub ki, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü şəxslə ailə həyatı qurub. Belə çıxır ki, mərhum hələ 14 yaşında ikən erkən nikaha cəlb edilib.
Əvvəllər bu kimi hallara daha çox regionlarda, xüsusən də cənub bölgələrində rast gəlinirdisə, indi artıq iri şəhərlərdə, paytaxt Bakıda da baş verir.
Erkən nikahlar, onun törətdiyi faciələr, ailə dramları indi cəmiyyətimizin əsas problemlərindən birinə çevrilib. Bəs səbəb nədir? Bununla bağlı qanunvericiliyimizdə, yoxsa ailə institutumuzda boşluqlar var?

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk öncə bir məqamı diqqətə çatdırmaq istəyirəm, söhbət erkən nikahların təkcə paytaxtda, regionlarda artmağından getmir. Məsələ qanunlara riayət olunmamasıdır. Hər dəfə də deyirlər ki, bu ənənədir. Belə çıxır ki, bu ölkədə qanundan çox ənənələr işləyir. Erkən evliliyin qarşısını almaq üçün görülməli olan ən ciddi işlərdən biri uşaq hüquqları müdafiəsi sahəsində işlərdir. Qanunvericilik çox yaxşıdır. Lakin o mexanizmlərin işlək vəziyyətə gətirilməsi üçün dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında kordinatsiyanın olmasına çox böyük ehtiyac var. Yəni, qanun kağız üzərində deyil, fəaliyyət olaraq olmalıdır. Bu gün boşluq məhz bundan ibarətdir. Necə olur ki, bir həyətdə iki daşın üst-üstə qoyanda bu barədə icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məlumatı olur, amma bir uşağın taleyindən məlumatsız olurlar.
Böyük ehtimalla həmin 15 yaşlı uşağın Bakıda qeydiyyatı olmayıb, çünki bildiyim qədər uşaq Lənkərandandır və Bakıda ailə qurub. Böyük ehtimalla, uşağın rayondan çıxarılmasının səbəbi məhz bu faktın ört-basdır edilməsi ilə bağlı olub. Biz hələ bilmirik ki, ortada təcavüz, yoxsa evlilik olub. Hər bir halda bu uşağa qarşı bir cinayətdir. Düşünürəm ki, ilk növbədə ölkə daxilində miqrasiya etmiş vətəndaşların faktiki olduqları ünvanlar üzrə qeydiyyata salınması vacibdir. Bundan sonra icra hakimiyyətlərinin yanındakı fəaliyyətsiz qalmış komissiyaların deməyə sözü qalmayacaq. Onları işlək vəziyyətə gətirmək üçün ya ştatların sayı artırılmalı, ya da yeni mexanizmlər düşünülməlidir. Bu gün bütün yükü DİN-in üzərinə atmaq doğru deyil. Uşaqların hüquqları müdafiəsi faktiki olaraq komissiyalarda, Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsindədir”.

Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə qeyd edib ki, erkən nikahlarla bağlı qanunvericilikdə bütün məsələlər tənzimlənib: “Qanunların hamısı normal qəbul olunub. Artıq uzun illərdir ki, erkən nikah məsələsi ilə məşğuluq. İlk işimizi də rayonlardan, Bakıya yaxın olan Şamaxıdan, ziyalıların olduğu kənddən başladıq. Hər dəfə həm icra hakimiyyətinin nümayəndəsini, həm də mollanı dəvət edirdik, oturub söhbət edirdik və həmin vaxtlar qismən də olsa problemin qarısı alınmışdı. Lakin təxminən 3-4 ildir ki, QHT-lər bu məsələdən uzaq düşüb. Televiziyalar da nə istəyirlər onu göstərirlər, amma ailə, ata-ana, valideyn-övlad münasibətləri ilə bağlı məsələ tamamilə kənarda qalıb. Bu səbəbdən son vaxtlar erkən nikahlar və onların törətdiyi fəsadlar xeyli artıb. Çox yaxşı olardı ki, jurnalistlər də bu məsələyə daha çox diqqət ayırsın və biz jurnalistlərlə birgə regionlara gedib bu cür ailələri araşdırardıq. 15 yaşında qızını ərə verən atanı qınamaqdan daha çox böyük məbləğdə cərimə etmək lazımdır. Bu zaman o qızını mütləq şəkildə oxudacaq. Yalnız bu yolla erkən nikahların qarşısını ala bilərik”.
Novella Cəfəroğluya görə, məsələdə cəmiyyətin də qınağı mühüm rol oynayır: “Bəzən deyirlər ki, valideynlərin imkanı olmadığı üçün qızlarını oxuda bilmir və erkən nikaha cəlb edir. Bu, yalandır. Vaxtilə İkinci Dünya müharibəsində insanlar bir tikə çörək tapa bilməsələr də, uşaqlarını nə yolla olursa-olsun oxutmağa, ən azı texnikuma cəlb etməyə, təhsil verməyə çalışırdı. Yəni, ailədə daha çox qızlarına təhsil verməyə çalışırdılar. Çünki bilirdilər ki, oğlan gələcəkdə daş da daşıyıb, ailəsinə baxacaq, özünü dolandıracaq, amma qız hər işə gedə bilməz və mütləq əlində bir sənəti olmalıdır. Yəni, indi vəziyyət həmin müharibədən də pisdir? Əlbəttə ki, yox. Sadəcə ata-ana məsuliyyət daşımalıdır. Şamaxıda 12 yaşı qızı ərə vermişdilər. Bu yaşda qızı ərə vermək olar? Bununla bağlı biz həmin vaxtlar xeyli səs-küy salmışdıq. Bu cür məsələlərdə cəmiyyətin, qonşunun qınağı olmalıdır. Ümumiyyətlə, tərbiyə cəmiyyətdən başlamalıdır”.

