Rusiya sabah Ukraynaya hücum edəcəkmi – Qərb təşvişdə, Bayden isə…
ABŞ prezidenti avropalı müttəfiqlərini anti-Rusiya cəbhəsində birləşdirə bilmir, hücumun dəqiq tarixi ilə – fevralın 16-da olacağını deməklə ajiotajı gücləndirir, qlobal rəy səfirlikləri və vətəndaşları panikaya salıb, Kiyevdən çıxırlar; ekspert rəyləri
ABŞ prezidenti Co Baydenə inansaq, sabah – yəni fevralın 16-da Rusiya Ukraynaya hücum etməlidir. Hətta 72 saat ərzində Kiyevin tutulmasını ehtimal edənlər belə var. “Yeni Müsavat” yazır ki, Ukrayna gərginliyi yeni tünd rəng almaqdadır. Hərçənd ardıcıl olaraq dünya liderlərinin bu ölkəyə səfərləri ilə müəyyən yumşalma müşahidə edilirdi və müharibə riskinin azaldığını güman etmək olardı.
Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın baş naziri Boris Conson, habelə fransız prezident Emmanuel Makron Kiyevə səfərlərlə Rusiyanı fikrindən daşındırmağa çalışırdılar. Amma yenidən vəziyyət alovlandı. Fevralın 13-də Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonda danışan Bayden bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi yaxın günlərdə fərqli bir ehtimaldır. Baydenin milli təhlükəsizlik rəsmisi Ceyk Sallivan deyib ki, ABŞ Rusiyanın bu həftə və ya bir həftə ərzində Pekin Olimpiadası bitdikdən sonra işğal oluna biləcəyini təxmin edə bilməz, lakin böyük hərbi əməliyyat üçün açıq bir ehtimal var. Amma Qərb rəsmiləri Putinin yaxın bir neçə gün ərzində birdəfəlik sovet respublikasına hücum edə biləcəyi ilə bağlı artan qorxularını ifadə edib. Onların təxminlərinə görə, bu, ola bilsin ki, çərşənbə günü baş versin. Sadəcə, Bayden Putinlə bir saatlıq danışıqda xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə geniş insan iztirablarına səbəb olacaq. Bayden ABŞ və müttəfiqlərinin böhrana son qoymaq üçün diplomatiyaya sadiq qaldıqlarını, lakin digər ssenarilərə eyni dərəcədə hazır olduqlarını deyib.
Belə vəziyyətdə Polşada administrasiya nümayəndələri Ukraynadan qaçqınların qəbulu imkanlarını nəzərdən keçirir. Bunu Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski deyib. “Ukraynadakı vəziyyətlə bağlı biz bütün mümkün ssenarilərə hazırlaşmalıyıq. Bunlardan biri də Ukraynadan qaçqın axını ehtimalıdır”, – nazir Twitter hesabında yazıb.
Bu arada, vətəndaşlarını Ukraynanı tərk etməyə çağıran ölkələrin sırasına İsrail də qoşulub. İsrail prezidenti vətəndaşlarını Ukrayna ərazisini təcili tərk etməyə çağırıb. Bunun üçün İsrail Ukraynaya təyyarə reyslərinin sayını artırıb. Böyük Britaniya da eyni çağırışı edib. Rusiya mediası, siyasi şərhçiləri bu addımları, çağırışları şantaj etmək, özlərinə qarşı qara PR adlandırıb. Bu prosesin sürət götürməsinin də səbəbi ABŞ-dır. Amerika artıq öz səfirliyini Kiyevdən təxliyə edib. Dövlət katibi Entoni Blinken Rusiyanın hərbi müdaxiləsi təhlükəsi səbəbindən Ukraynadakı səfirliyin təxliyəsini düzgün addım sayıb. Medianın bildirdiyinə görə, ATƏT-in Donbasdakı missiyasının üzvləri də qərargahı tərk etməyə başlayıblar. “Hərbi hücum riski kifayət qədər yüksəkdir və təhlükə kifayət qədər yaxındır. Odur ki, ABŞ səfirliyinin boşaldılması düşünülmüş bir qərardır”, – Blinken gərginliyi belə izah edib. Ukrayna prezidenti Vladimir Zelenski isə öz növbəsində hamını sakitliyə çağırıb və əlavə edib ki, camaat arasında vahimə ən böyük düşmənə çevrilə bilər.
Yeri gəlmişkən, Qərb tərəfindən atılan bu addımlarla yanaşı, Rusiya hərbi texnikanı Ukrayna ilə sərhədə yaxınlaşdırmağa davam edir. Bunu son günlər sosial şəbəkələrdə yayımlanan videoları tədqiq edən “Conflict Intelligence Team” (Münaqişə Kəşfiyyat Komandası ) təsdiqləyir. Əsasən 1-ci Qvardiya Tank Ordusunun bölmələrinin Voronej yaxınlığındakı poliqondan sərhədə qədər irəlilədiyi iddia olunur. CIT qeyd edir ki, söhbət təkcə Voronej yaxınlığında yerləşən avadanlıqlardan deyil, həm də Moskva yaxınlığından gələn əlavə texnikadan gedir. Başqa videolarda CIT mütəxəssisləri hərbçilərin Smolenskdən Bryansk vilayətinin cənubuna – həm də Ukrayna ilə sərhədə köçürülməsini də müşahidə ediblər. Bundan əvvəl Bryansk vilayətində Rusiya ordusunun əsas zərbə qüvvələrindən biri olan Pskovdan olan 76-cı hava-desant diviziyasının texnikası da diqqət çəkib. Sosial şəbəkələrdə yayılmış son videokadrlarda, habelə, Rusiyanın onlarla döyüş vertolyotunun tam döyüş təchizatı ilə Ukrayna istiqamətində uçduğu əks olunur. Almaniyanın “Şpigel” nəşri və bir sıra Britaniya mediası kəşfiyyat məlumatlarına istinad edərək, işğalın fevralın 16-da başlaya biləcəyini iddia ediblər.

Elxan Şahinoğlu: “Putini ”əsəb müharibəsinə” sürükləyiblər”
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Qərb liderləri Kreml sahibi Putinə qarşı maraqlı taktika seçiblər: “Onu ”əsəb müharibəsinə” sürükləyiblər. Kəşfiyyat məlumatlarına əsaslanan Qərb liderləri Rusiya prezidentinin Ukraynaya hücum əməliyyatına hazırlaşması təlimatını verdiyini özləri üçün müəyyənləşdiriblər. Ancaq Putin hələ hücum əmrini verməyib. Bundan istifadə edən Qərb liderləri hər gün Putinin beynini məşğul edirlər. Fransa prezidenti Emmanuel Makron gedir Moskvaya Putinlə 5 saatdan çox müzakirə aparır, Parisə geri qayıdır, yenidən telefonla 2 saat danışır. Bunun ardınca Putinə ABŞ prezidenti Co Bayden zəng edir və Kreml sahibi ilə bir neçə saat danışırlar”.
E.Şahinoğlunun zənnincə, bütün bunların iki məqsədi var: “Birinci məqsəd Putinin hücum əmri verəcəyi halda nələrlə üzləşəcəyini ona birbaşa anlatmaq, ikinci məqsəd mümkün qədər onu geri addım atmağa vadar etməkdir. Putin hələ ki dirənir. Ancaq üzərinə təkbaşına o qədər böyük yük götürüb ki, ”necə edim”, “etməsəm nə olacaq”, “edərsəm hansı təhlükələrlə üzləşəcəm” kimi suallar onun rahatlığını pozmaq iqtidarındadır”.

Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı xatırlatdı ki, Ağ Ev Kremlə Ukrayna məsələsi ilə bağlı xəbərdarlıq edib: “Bu xəbərdarlıq Baydenin Rusiyanın fevralın 16-da Ukraynaya hücum edəcəyinə dair dedikləri fonunda diqqət çəkir və belə görünür ki, Vaşinqton atacağı cavab addımlarını Moskvanın diqqətinə çatdırmaqla onu hücumdan çəkindirmək niyyətindədir. Hərçənd ”16 fevralda hücum” informasiyası suallar yaradır. Mümkündür ki, Bayden videokonfransda avropalı müttəfiqlərini anti-Rusiya cəbhəsində birləşməyə razı sala bilməyib və hücumun dəqiq tarixi ilə rus təhlükəsinin miqyasını nümayiş etdirmək istəyirlər. Çünki Fransa və Almaniya Rusiya təhlükəsinin ciddiliyi məsələsində ABŞ-la razılaşmır, Vaşinqton üçün düşünür ki, onları inandırmağın yeganə yolu təhlükənin reallığını izah edə bilməkdir. İnformasiyanın yayılması da buna hesablanıb”.
Ekspertin fikrincə, birincisi, hücumun tarixi dəqiq göstərilir və bu, qlobal rəyi formalaşdırır: “İkincisi, qlobal rəy başqa ölkələrin Ukraynadan səfirliklərini və vətəndaşlarını çıxarmağına səbəb olur. Bu, Avropaya rus təhlükəsinin və hücum planının reallığının əyani formada nümayiş etdirilməsinə imkan verən amildir. Fransa ABŞ-la eyni fikirdə deyil. Bayden-Putin telefon söhbətindən öncə Makron Putinlə danışmışdı və bu müzakirədən sonra Yelisey sarayı hücumla bağlı informasiyanı təkzib etdi. Makron daha sonra Zelenski ilə danışıb və ”Normand formatında” danışıqların davam etdirilməsini müzakirə edib. Bütün bunlar Baydenin müttəfiqlərini öz cəbhəsində birləşdirə bilmədiyi ehtimalını gücləndirir. Rəsmi Kiyev də “16 fevral hücum” informasiyasını qəbul etmir, çünki belə xəbərlər ölkədə təşviş və iqtisadi itkilərlə nəticələnir. Və bu geosiyasi oyunda Ukrayna heç nə qazanmayan tərəf kimi qalmaqda davam edir”.

