Rusiya Minsk Qrupunu “ölüxana”dan belə çıxarır – səfirin dediklərinin pərdəarxası
Rus diplomatının “ölünü diriltmək” cəhdlərinin ardınca Tovuz və Kəlbəcər atəşə tutuldu; gərginliyin səngiməsi bəlli çevrələr üçün sərfəli deyil; ekspert: “Moskva nə həmsədrlik institutunun ölməsini, nə də dirilməsini arzulayır”
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini erməni işğalından azad etməsi bölgədə tamam yeni situasiya yaradıb və bu barədə dəfələrlə ən müxtəlif tribunalardan fikirlər səsləndirilib. Amma Azərbaycan torpaqlarının 30 il ərzində işğalda qalmasına stimul verən bir sıra çevrələr yenə də mövcud reallığı qəbul etməkdən yayınır, müxtəlif iddialar və sərsəm yanaşmalarla erməni revanşistlər üçün “nəfəslik” rolunu oynaya biləcək bəhanələrə rəvac vermək istəyirlər.
Belə şəxslərdən biri də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkindir. Rusiyanın İrəvandakı səfirliyi ara-sıra erməni millətçilər tərəfindən “yumurta qonaqlığı”na layiq görülsə də, rus diplomatın erməni sevgisi tükənmir. Bir neçə ay öncə onun Zəngəzur bölgəsinə gələrək, Azərbaycanla sərhədə doğru boylanması, bölgədəki təxribatçılara stimul verən davranış sərgiləməsi də səfirin gerçək mahiyyətindən xəbər verirdi. Kopırnik bu dəfə erməni mətbuatına müsahibəsində bir sıra məqamlara toxunub. Öncə qeyd edib ki, Rusiya tərəfinin səyləri Rusiya, Ermənistan və Azərbaycan liderlərinin bəyanatlarının bəndlərinin həyata keçirilməsini təmin etmək üçün lazımi şəraitin yaradılmasına yönəlib. Bununla belə, Rusiya səfiri ATƏT-in Minsk Qrupu ilə bağlı ziddiyyətli fikirlər səsləndirib.

Onun iddiasına görə, Minsk Qrupu formatının potensialı humanitar xarakterli məsələlərlə bağlı tükənməyib: “Hərbi əsirlərin və həbsdə olan mülki şəxslərin geri qaytarılması məsələsinin həlli istiqamətində ardıcıl xətt aparılır. Rusiya tərəfinin vasitəçiliyi ilə ümumilikdə 127 Ermənistan vətəndaşı artıq evlərinə qayıdıb. Rusiya öz milli imkanları daxilində vasitəçilik səyləri ilə yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu səylərini davam etdirir. Görünür, bu formatın potensialı, o cümlədən regionun qarşısında duran sosial-iqtisadi və humanitar vəzifələrin həlli kontekstində tükənməkdən uzaqdır. Vasitəçi kimi Rusiya müəyyən çətinliklərlə üzləşir ki, bu da mövcud tarixi imperativlərdən qaynaqlanır və əksər hallarda Ermənistanla Azərbaycan arasında münasibətləri müəyyən edir”.
Maraqlıdır, Rusiya səfirinin belə bir mübahisəli açıqlama ilə çıxış etməkdə məqsədi nədir? “Humanitar məsələlər” adı ilə Minsk Qrupunu diriltmək istəyirlər, yoxsa arxasında başqa nüanslar var? Minsk Qrupu yenidən “dirilsə”, “Qarabağa status” yenidən gündəmə gəlməyəcək ki? Bu, o demək deyilmi ki, hər iki tərəfi təzyiq altında saxlamaqdan ötrü Minsk Qrupu Rusiya üçün bir vasitədir?
Rəsmi Bakının, xüsusilə də Azərbaycan Prezidentinin Minsk Qrupuna münasibəti bəllidir. Dövlətimiz Qarabağın azadlığı istiqamətində bircə addım belə atmayan “üçlər ittifaqı”nın artıq tarixin arxivinə qovuşduğunu uca səslə bəyan edib.
“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin fikirlərindən belə bir nəticə hasil olur ki, Moskva nə Minsk Qrupunun həmsədrlik institutunun ölməsini, nə də dirilməsini arzulayır”.

Elçin Mirzəbəyli
Siyasi analitik Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Analitikin sözlərinə görə, Rusiyaya, daha əvvəllər olduğu kimi, koma vəziyyətinə yaxın bir Minsk Qrupu lazımdır ki, heç bir işə yaramasın: “Ehtiyac duyulduqda, prosesi Minsk Qrupunun öhdəsinə buraxsın və özü də ən cüzi məsələnin belə həll olunmaması üçün bütün mümkün vasitələrdən istifadə etsin və sonra da öz təşəbbüsü, təşkilatçılığı və vasitəçiliyi ilə hansısa bir məsələnin həllinə nail olsun. Və desin ki, görürsünüz, Qərbin təşəbbüsləri heç bir işə yaramır. Təəssüf ki, bu gün əksər Qərb ölkələrinin liderləri strateq olmadıqları üçün hər dəfə qlobal proseslərdə autsayder vəziyyətinə düşürlər. Son proseslərə nəzər salsanız, Minsk Qrupunun həmsədrlərindən Rusiyanın və Avropa İttifaqını təmsil edən Fransanın aktivliyini görə bilərsiniz. Yalnız ABŞ hələlik müşahidəçi kimi çıxış edir və Azərbaycan-Ermənistan münasibətlərinin perspektiv tənzimlənməsi prosesində fəal şəkildə yer alacağını bəyan etməyib. Çünki prioritetləri başqadır, yaxud hadisələrin gedişatı hələlik Vaşinqtonu qane edir. Rusiya isə Minsk Qrupu formatını hələlik məsafədə saxlayır. Ola bilsin ki, Moskva hansısa mərhələdə təkbaşına rol almaq istəmədiyi bir məsələni Minsk Qrupu formatının süfrəsinə atmaq niyyətinə düşsün”.
E.Mirzəbəylinin sözlərinə görə, digər tərəfdən, Minsk Qrupunun humanitar məsələlərdə rol alması heç zaman istisna olunmayıb: “Mahiyyət etibarilə Rusiya səfiri yeni heç nə demir. Bununla yanaşı, Ermənistanla münasibətlərin bundan sonra hansı müstəvidə qurulmasından asılı olmayaraq, Azərbaycanın müəyyənləşdirdiyi ”qırmızı xətt” dəyişməyəcək. İstər Moskva və Soçidə, istərsə də Brüsseldə keçirilən görüşlər, həmçinin Aİ Şurası və Fransa prezidentlərinin təşəbbüsü ilə baş tutan görüşün yekun bəyanatında “Qarabağ”, “münaqişə” ifadələrinin yer almaması rəsmi Bakının mövqeyinin qəbul edildiyini göstərir. Və bundan sonra aparılacaq bütün müzakirələr bu kontekstdə baş tuta bilər”.

Akif Nağı
QAT sədri Akif Nağı isə bildirdi ki, müxtəlif ölkələrin Ermənistandakı səfirləri nə üçünsə ermənipərəst mövqe sərgiləyirlər: “ABŞ, İngiltərə və digər səfirlərlə bağlı bunları müşahidə etmişik. Bu, ya ermənilərin onları ələ alması ilə, ya da öz ölkələrinin onlara verdiyi təlimatla bağlıdır. İstənilən halda, xoşagələn hal deyil. Rusiyalı səfirin açıqlamaları da ilk növbədə Ermənistanın maraqlarının ifadə olunması kimi dəyərləndirilə bilər. Onun Rusiya tərəfinin səyləri ilə bağlı qeyd etdiyi məqam əslində ermənilərin maraqlarına xidmət edir. Məhz Rusiyanın ”xidməti” nəticəsində rus sülhməramlılar onlara etibar edilmiş Azərbaycan ərazisində erməni qanunsuz silahlı dəstələrini qorumaqla, Laçın dəhlizini terrorçuların ixtiyarına verməklə məşğuldurlar”. A.Nağı qeyd etdi ki, Minsk Qrupu həmsədrləri ilə bağlı deyilən fikirlər Azərbaycan Prezidentinin mövqeyini müəyyən mənada əks etdirir: “Prezidentimiz bildirib ki, həmsədrlər yalnız humanitar məsələlərlə məşğul ola bilərlər. İlk baxışdan Azərbaycan Prezidentinin mövqeyini dəstəkləyirlər, amma eyni zamanda Rusiyanın həmsədrlərdən istifadə imkanlarını da gündəmdə saxlamağa çalışırlar. Rusiya regionda vəziyyətə təkbaşına nəzarət etmək istəyir, amma həm də müəyyən mürəkkəb məqamlarda məsuliyyəti həmsədrlərlə bölüşmək, onlardan şirma kimi istifadə etmək variantlarını da əldən vermək istəmir. Ona görə də Kopırkin ilk baxışdan ziddiyyətli fikir səsləndir. Əslində isə bütün məqamlardan Rusiyanın maraqlarına xidmət etməyə çalışır, eyni zamanda ermənilərin istəklərini də yaddan çıxarmır”. QAT sədrinin fikrincə, Minsk Qrupunun “dirildilməsi”nə çoxları çalışır: “Rusiya da kənarda deyil. Azərbaycan heç bir halda bu ölmüş qurumun yenidən ortaya gətirilməsinə imkan verməməlidir. Humanitar işlərlə məşğul olmaq adı altında yenidən dirçələrsə, sonra başqa məsələlərə də burunlarını soxacaqlar. Onların heç humanitar məslələrlə məşğul olmalarına da ehtiyac yoxdur. Əsirlər və digər məsələlərlə bağlı Azərbaycan özü hər şeyi yerinə qoymağı bacarır. Əlavə ”köməkçi”lərə, “əlcək hörənlərin qıl verənləri”nə ehtiyac yoxdur”.
Heç şübhəsiz, bu kimi açıqlamaların nəticəsidir ki, erməni təxribatları dayanmır. Bu təxribatlar həmsədrlərin bölgəyə girişinə şərait yaratmaq məqsədi güdür. Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Ədalət Verdiyev
Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Laçın-Qarakilsə istiqmətində baş verənləri ermənilərə xatırlatmaq zamanı çatıb: “Atəş açılan mövqelərdə Azərbaycan Bayrağının ucaldılmasını görməyən erməni rahatlıq tapmayacaq”.
Ümumiləşdirsək, rus diplomatının “ölünü diriltmək” cəhdlərinin ardınca Tovuz və Kəlbəcərə açılan atəş səbəbsiz deyil. Ənənəvi siyasət davam edir, gərginliyin səngiməsi bəlli çevrələr üçün sərfəli deyil. Bununla demək istəyirlər ki, “bizsiz keçinə bilməzsiniz…”
Əksini mütləq sübut edəcəyik, 44 günlük təcrübə var.

