Ermənistan parlamentində 44 günlük məğlubiyyət müzakirələri – Paşinyanın niyyəti…
Oktay Qasımov: “Heç bir tərəf prosesin obyektiv araşdırılmasında maraqlı deyil”
Fevralın 14-də İrəvanda 44 günlük müharibəni araşdırmaq üçün erməni parlamentinin İstintaq Komissiyasının ilk iclası keçirilib. Yada salaq ki, sözügedən komissiya 44 günlük II Qarabağ müharibəsini araşdırmaq üçün yaradılıb.
“Mənim şərəfim” müxalifət blokundan olan deputat Tiqran Abramyan bildirib ki, müxalifət komissiyanın işində iştirak etməyəcək. Onun sözlərinə görə, hazırkı hakimiyyət faktiki olaraq özü də etiraf edib ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə görə tam məsuliyyət daşıyır. “Və belə bir şəraitdə, hətta indiki hökumət nümayəndələrinin rəhbərlik etdiyi komissiyanın işinin həyata keçirilməsi obyektiv ola bilməz. 44 günlük müharibənin şərtlərinin üzə çıxarılması bizim prioritetlərimizdən biri olaraq qalır. Lakin biz hesab edirik ki, onun işinə yalnız hökumət istefa verdikdən sonra başlamaq lazımdır” deyə, Abramyan izah edib.

Tiqran Abramyan
“Ermənistan” adlı müxalifət fraksiyasının deputatı Qeqam Nazaryan da komissiyanın işində iştirak etməyəcəklərini bildirib. Fraksiyanın digər deputatı Qeqam Manukyan qeyd edib ki, obyektiv araşdırma yalnız bu müharibənin başlanmasında günahkar olan hakim siyasi qüvvəyə deyil, müxalifətə həvalə edildikdə mümkündür. Bu sözlərdən sonra müxalifət ayağa qalxaraq müzakirənin aparıldığı otağı tərk edib. Bu cür davranış isə hakim “Mülki Müqavilə” partiyasını təmsil edən komissiya üzvlərini qəzəbləndirib.

Qeqam Nazaryan
Ermənistanın baş naziri Nikol Paşinyanın parlament komissiyasının yaradılmasında və müzakirələrdə marağının nə olduğu aydındır. O, məğlubiyyətə görə təkbaşına məsuliyyət daşımaq istəmir və bunu dəfələrlə bəyan edib. Paşinyanın hələ ötən il yazdığı “44 günlük müharibənin kökləri’’ adlı məqalədə Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin səbəbləri, ölkənin hazırkı acınacaqlı vəziyyətə aparan yol barədə geniş bəhs edib. Paşinyan mövcud vəziyyətin əsas səbəbkarlarının Köçəryan-Sərkisyan cütlüyü olduğunu bildirib. Paşinyan eyni zamanda uzun illər danışıqların imitasiya xatirinə aparıldığını da etiraf edib.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın məqsədyönlü diplomatiya həyata keçirdiyi və faktiki olaraq Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə saldığı etiraf olunub.
Paşinyan bildirib ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bu yana aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib.
Müxalifət də belə görünür ki, Paşinyanın niyyətindən xəbərdar olduğu üçün parlament komissiyasının iclasından yayınmaq kursu götürüb. Bu müzakirələr Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin daxili auditoriyaya etirafı və izahı kimi də qiymətləndirilə bilər. Paşinyan bu cür müzakirələrlə hələ də revanşist bəyanatlar verən müxalifətə reallığı nəzərə almağa və cəmiyyəti 44 günlük müharibənin nəticələri ilə barışmağa çağırır.
Ermənistan günahkar axtarışından nə qazanacaq? Paşinyan onu hakimiyyətdən aşırmaqda israr edən müxalifəti bu cür müzakirələrlə ram edə biləcəkmi? Ermənilər əslində bir xalq kimi məğlub olduqlarını niyə qəbul edə bilmirlər?
![]()
Oktay Qasımov
Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda 44 günlük savaşın səbəbləri və nəticələrinin araşdırılması ilə bağlı komissiyanın yaradılması hələ 10 noyabr üçtərəfli bəyanatı imzalanandan dərhal sonra gündəliyə gətirilmişdi. Bununla bağlı müxtəlif diskussiyalar aparılıb və bəzən bu, təbliğat predmetinə çevrilib: “Bütün bunlara baxmayaraq Paşinyan başda olmaqla, Ermənistan hakimiyyəti komissiyanın yaradılmasında maraqlı olduqlarını nümayiş etdirir. Paşinyan özünün hələ 10 noyabr bəyanatından sonra verdiyi açıqlamalarında müharibənin səbəblərinin Ermənistanın yalnız hazırkı hakimiyyətinin üzərində olmadığını və bu məsuliyyətin böyük hissəsinin Ermənistanda 20 ildən artıq müddətdə hakimiyyətdə olmuş Qarabağ klanının-Köçəryan və Sərkisyan hakimiyyətinin üzərində olduğunu qeyd edib. Ermənistan müxalifəti də Paşinyanın mövqeyini bildiyindən, onun bəyanatlarının əksəriyyətinin əslində həqiqətləri və reallıqları əks etdirdiyini bildirdiyindən savaşa aparan yolun təməlinin məhz bu cütlük tərəfindən qoyulduğu ortaya çıxacağı üçün müzakirələrdə iştirak etmək istəmir. Digər tərəfdən, bu mövzuda müzakirələr faktiki olaraq daxili çəkişmə və mübarizənin bir nəticəsidir. Burada rəqiblər bir-birini ittiham etmək üçün bu məsələdən istifadə etmək istəyirlər. Ona görə də hazırkı revanşist qüvvələrin təmsilçiləri olan parlament müxalifəti Paşinyan hakimiyyətinin olmadığı dövrdə komissiyanın yaradılmasının tərəfindədir. Yalnız Köçəryan və Sərkisyan cütlüyünün rəhbrəlik etdiyi klanın təmsilçilərinin aparacağı araşdırmanın isə ”nəticəsi” bəri başdan bəllidir. Ona görə də bunu Paşinyanın partiyası qəbul etmir. Hesab edirəm ki, belə bir vəziyyətdə aparılan müzakirələrin nəticəsi olmayacaq. Çünki burada heç bir tərəf prosesin obyektiv araşdırılmasında maraqlı deyil. Hər biri bundan özünün siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Ona görə də normal araşdırma aparılması mümkün olmayacaq”.
Ermənistan cəmiyyətinin günahkar axtarışından nə qazanacağına, ermənilərin reallıqları niyə qəbul edə bilmədiyinə gəlincə, ekspertin sözlərinə görə, bunun üçün Ermənistan cəmiyyətinin durumunu incələmək lazım: “Məsələ bundan ibarətdir ki, Ermənistanda, ümumiyyətlə, siyasətin müəyyənləşməsinə təsir eləyən bir neçə ciddi faktor var. Bu faktorların başında təbii ki, Ermənistan cəmiyyətinin əhval-ruhiyyəsi, digər tərəfdən, erməni Apastol kilsəsi və erməni diasporudur. Bu faktorlar Ermənistan cəmiyyətinə, xalqına təsir edən amillərdir. 44 günlük savaşdan və Ermənistanın məğlubiyyətindən sonra belə, bu faktorların özündə, müharibəyə baxışda, yeni reallıqlara münasibətdə ciddi dəyişikliklər yoxdur. Onların mövqeyi yenə də işğalçılıq, Azərbaycana, Türkiyəyə qarşı mübarizə, müharibə çağırışları ilə müşayiət olunur. Bu da erməni xalqının yeni reallıqları qəbul etməsinə mane olan amildir”.

