“Ərdoğan və Putin hakimiyyətdən getsələr…”- yeni erməni nağılları
“Erməni revanşistlər deyirlər ki, Ərdoğan 2023-cü ildə Türkiyədəki prezident seçkisində qalib gəlməsə, Ermənistan Azərbaycana hücum edəcək. Bu revanşistlərə xatırlatmaq istərdim ki, Azərbaycanın işğal olunmuş ərazilərini türk ordusu yox, Azərbaycan Ordusu azad edib”.
Bu fikirləri rusiyalı siyasi analitik İqor Dmitriyev bölüşüb. “Radikallar sərhədlərin delimitasiyasına qarşı çıxırlar, çünki bu, onların ”miatsum” ideyasına ziyan vurur. Amma onların özləri 30 ildir ki, Qarabağı nə müstəqil edə bilib, nə də Ermənistanın tərkibinə salmağı bacarıblar. İndi erməni revanşistləri Ərdoğanın Türkiyədə 2023-cü ildə keçiriləcək prezident seçkisində məğlub olmasını arzulayırlar. Və deyirlər ki, guya bundan sonra onlar Azərbaycana hücum edəcəklər.
Birincisi, Türkiyənin hazırkı prezidentinin məğlub olacağı heç də inandırıcı deyil. İkincisi, ölkədə hakimiyyətə başqa lider gəlsə belə, Türkiyə bundan sonra Türkiyə olmayacaqmı?
Üçüncüsü, məhz Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edib, Türkiyə ordusu yox! Azərbaycanın işğal olunmuş ərazilərini türk ordusu deyil, Azərbaycan Ordusu azad edib. Təxribat olsa, Azərbaycan Ordusu bu revanşistləri yenidən məhv edəcək”, – deyə rusiyalı ekspert bildirib.
Qeyd edək ki, ermənilər 44 günlük Qarabağ müharibəsində acınacaqlı məğlubiyyətdə hələ də Rusiya prezidenti Vladimir Putini ittiham edirlər. Erməni mediası hətta belə bir yalan da uydurub ki, guya Vladimir Putin prezident olana qədər Qarabağdakı separatçılar danışıqlar masasında tərəf olub. Putin prezident olandan sonra bu, aradan qalxıb: “Bütün bəlalarımızın, faciələrimizin əsas səbəbkarının konkret adı və soyadı, vəzifəsi var. Putin hakimiyyətə gələnə qədər ”artsax” danışıqlar masasında idi, Azərbaycan buna qarşı bir söz deyə bilməzdi. Putin buna son qoydu. Prezident Boris Yeltsin Ermənistana qarşı əsl rus vətənpərvərinin ən isti hisslərini yaşayırdı. Putinin Ermənistanı səmimiyyətlə sevməməsi onsuz da aydındır. Əslində buna görə də Putin ölkəmizin suverenliyini və müstəqilliyini məhdudlaşdırmaq üçün hər şeyi etdi”.
Yada salaq ki, 2024-cü ildə Rusiyada da prezident seçkiləri keçirilməlidir. Ərdoğandan fərqli olaraq, Putin hələ öz namizədliyini irəli sürməyib. Amma aydındır ki, ermənilər təkcə Ərdoğanın deyil, eləcə də Putinin hakimiyyətdən getməsini arzu edərlər. Ərdoğan və Putin hakimiyyəti niyə erməniləri belə ciddi narahat edir? Onların hakimiyyətdən uzaqlaşması Qarabağ məsələsində Ermənistana nə “ümid verə bilər?”

Elxan Şahinoğlu: “Türkiyədə hakimiyyətə gələn istənilən şəxs və qüvvə Şuşa Bəyannaməsinə sadiq qalacaq”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məsələyə “Yeni Müsavat”da bu cür şərh verdi: “Ermənistan hakimiyyəti, separatçılar və erməni lobbisi hələ də xülya ilə yaşayırlar. Onlar erməni cəmiyyətinə yalandan deyirlər ki, guya İkinci Qarabağ müharibəsində onlar Azərbaycan Ordusuna deyil, Türkiyəyə məğlub olublar. Yəni demək istəyirlər ki, Türkiyənin dəstəyi olmasaydı, Azərbaycan Ordusu müharibədə qələbə qazana bilməzdi. İkinci bir tərəfdən, Rusiya guya kifayət qədər Ermənistana dəstək vermədi. Hər ikisi yalandır. Əlbəttə, biz özümüz də deyirik ki, Türkiyənin Azərbaycana dəstəyi əhəmiyyətli idi. Birincisi, Türkiyə Azərbaycan ordusunu müasir silahlarla və pilotsuz uçuş aparatları ilə təchiz etdi. İkincisi, Türkiyə Azərbaycana müxtəlif istiqamətlərdən edilən təzyiqləri neytrallaşdırdı. Ancaq müharibədə Azərbaycan gəncləri iştirak edirdi və məhz onların qəhrəmanlıqları və şücaəti qələbəni təmin etdi. Əslində bunu ermənilər də yaxşı bilirlər. 3 min şəhid verib qələbəni əldə etdik, Şuşanı əliyalına azad edən də məhz Azərbaycan hərbçiləri idi. O günlərdə Ermənistan hakimiyyəti beynəlxalq aləmi inandırmağa çalışırdı ki, guya Azərbaycan tərəfdə muzdlular vuruşur, ancaq bir fakt ortaya qoya bilmədi.
Buna baxmayaraq, Ermənistanda indi də başqa nağıl danışırlar ki, guya Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan hakimiyyətdən getsə, ermənilər Qarabağ məsələsini həll edə biləcəklər. Anlamırlar ki, Azərbaycan azad etdiyi torpaqların bir daha işğalına imkan verməyəcək. Biz Şuşanı ona görə böyük qəhrəmanlıq göstərərək azad etmədik ki, erməni separatçıları yenə hücuma keçib şəhərlərimizi işğal edə bilsin? Biz yaxın tarixdən gərəkli nəticələr çıxarmışıq. Azad etdiyimiz yerlərdə hərbi kazarmalar qurulur, təhlükəsizlik tədbirləri artırılır. Azərbaycanın əhalisi 10 milyonu aşır, Ermənistanın əhalisi isə 2-3 milyon nəfər həndəvərindədir və getdikcə azalır, ölkəni tərk edirlər. Belə olan halda hansı güclə yenidən torpaqlarımızı işğal edəcəklərini zənn edirlər? Heç kim əbədi deyil, Rəcəb Tayyib Ərdoğan nə vaxtsa hakimiyyətdən gedə bilər, əbədi olan Azərbaycan-Türkiyə ittifaqıdır, Türkiyədə hakimiyyətə gələn istənilən şəxs və qüvvə Şuşa Bəyannaməsinə sadiq qalacaq. Ona görə ermənilərə nağıl danışanlar sonsuzadək gözləməli olacaqlar”.
Ekspert Rusiya məsələsinə də toxundu: “Kreml müharibə günlərində Ermənistana kifayət qədər silah və sursat verdi, bunu Rusiya prezidenti Vladimir Putin də açıqlamalarının birində söyləmişdi. Sadəcə, bu müharibənin taleyini Azərbaycanın torpaqlarını azad etmək əzmi həll etdi. Bu əzmi Rusiya silahı və raketləri saxlaya bilməzdi”.
![]()
Azər Hüseynov: “Dünya yeni düzənin ilk konfiqurasiyasını yaşayır”
AĞ Partiya Başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov isə bildirdi ki, Ərdoğanın hakimiyyətdən getməsini gözləmələri əslində anlaşılandır: “Azərbaycan torpaqlarını Allahın izni ilə ordumuz azad etdi. Eyni zamanda hörmətli Ərdoğan Türkiyə liderləri içərisində Azərbaycanın yanında praktiki dayanan yeganə siyasi lider oldu. Ərdoğan, ümumiyyətlə, siyasi lider olaraq fenomendir. Onun fenomenliyi müsəlman dünyasında İkinci Əbdülhəmidi xatırladır. Ərdoğanın layihələrinə doğru getmə metodu səbr və gözlənilməz qərarla konfiqurasiyaları pozmaqdır. Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə xüsusi yaxın münasibətlərə malikdir. Bütün bunları bəzən bizim siyasi məkanda dərk etməyən və içində bir anti-mühafizəkarlıq daşıyanlar da vardır. Baxırsan ki, onların da bir qismi sanki Ərdoğanın büdrəməsini gözləyir. Erməni revanşistlərə gəldikdə isə onları indi də tətikləyən Qərbdəki bəzi dairələridir. Putini niyə sevməzlər? Çünki Putin ermənilərin Rusiya siyasətində vasitə olduğunu açıq şəkildə bu və ya digər şəkildə göstərir. Putinin geosiyasət anlayışında Rusiyanı daha əzəmətli etmək var. Bu yolda erməniləri hər zaman istifadə edib kənara ata bilər. Ermənistan terrorçu dairələri həmişə Qərbdə qurulub və oradan maliyyələşibdir. Sadəcə olaraq, tarixi konyukturun tələbi ilə zaman-zaman Rusiya ilə də birgə olublar. Çünki erməniləri Qafqaza köçürən Rusiya idi. 1905-ci ildə Rusiyaya ermənilər rus məmurlarını öldürməklə təşəkkür etdilər. Türk-müsəlman qorxusu uzun müddət ermənilərin bu şımarıklıqlarına qarşı sükuta səbəb oldu. Amma bizi dəfələrlə qətliam etdilər. İndi dünya yeni düzənin ilk konfiqurasiyasını yaşayır. Bizi bu sual düşündürməlidir ki, biz nə edək. Biz iki əsas üzərində Milli Dövlət quraraq Türkiyə ilə birgə olmalıyıq. Birinci əsas imani-mənəvi həssaslıqlarımız, gənc nəsillərin bu ruhda tərbiyəsi, şəhadət fəlsəfəsi ilə mükəmməl əqli qabiliyyətləri cəm edən nəsillərin yetişdirilməsidir. İkinci əsas isə ortaq Türk dövlətçilik mirasının dirçəldilməsidir. Osmanlı da, Qaraqoyunlu da, Ağqoyunlu da, Səfəvi də ortaq mirasımız olan Səlcuqlunun üzərində qurulmuşdur. Bu ruhaniyyəti və siyasi mirası geosiyasi perspektiv baxış bucağı etmək lazımdır. Biz belə edəriksə, bunun üzərində siyasi kurs qurarıqsa, erməni revanşistlərinin fikirləri bizə cılız görsənər. Bir də arada-sırada ermənilərə güc göstərmək lazımdır. Bir neçə dəfə qırıcılarımız Xankəndi üzərindən uçarsa, bunu ermənilər başa düşər. Eyni zamanda Qarabağa demoqrafik qayıdış sürətlənməlidir, xüsusilə Qubadlı, Zəngilan, Laçın və Kəlbəcərə. Evlərimizdən çıxan soba buxarları ilə ermənilərə biz buradayıq deməliyik. Hətta ilk beş il üçün Türkiyənin qoruculuq sistemi kimi orduya dəstək olaraq yerli əhalimizdən qorucu bölükləri qurmalıyıq ki, ambarsumlar görsun ki, bizimlə zarafat etmək olmaz”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”

