Siyasət 

Xankəndində ermənilərə “Rusiya pasportu” paylayırlar

“Bordo pasportlar”. Özlərini “Dağlıq Qarabağın Rus İcmasının üzvləri” adlandıran şəxslərin “üzvlük vəsiqə”lərini yerli ermənilər məhz belə adlandırırlar.

“Sənəd”i Xankəndidə ermənilərə “Rus İcmasının rəhbəri” olduğunu iddia edən Aleksandr Bordov paylayır.

Belə “sənəd” alan şəxsi yerli ermənilər “Rusiya Federasiyasının vətəndaşı” hesab edirlər.

A.Bordov Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə “RF vətəndaşlarının siyahıyaalınmasının keçirilməsi”nin də təşəbbüskarıdır.

Rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə “mədəni-maarifləndirmə layihəsi” kimi təqdim edilən “Rusiya dünyası” proqramınının həyata keçirilməsinə başçılıq edən A.Bordov məhz sülhməramlı kontingentin icazəsi ilə – daha doğrusu, göstərişi ilə – “Rusdillilər Cəmiyyəti” də yaradıb.

Bu cəmiyyət qarabağlı ermənilər arasında istənilən şəxsin rus dili öyrənməsini pulsuz təmin edir, Xankəndində rus dilində elmi monoqrafiyaların və bədii ədəbiyyatın çapını təşkil edir.

“Bizim təşkilatın fəaliyyəti yerli erməniləri əmin etdi ki, buradakı rusiyalılar və ruslar doğma bildikləri Qarabağı tərk etmək niyyətində deyillər. Ermənilərlə ruslar həmişə bir olublar, döyüşdə və əməkdə çiyin-çiyinə durublar. Biz Dağlıq Qarabağ uğrunda birlikdə döyüşmüşük və indi də işıqlı gələcəyimizi qurmağa çalışırıq. Dağlıq Qarabağdakı slavyan dünyası qardaş pravoslav xalqların vəhdətinin parlaq nümunəsidir”, – A.Bordov deyib.

A.Bordovun müavini, “təşkilat”ın əvvəlki sədri Qalina Somova isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayaraq yazmışdı: “Çox hörmətli Vladimir Vladimiroviç! Azərbaycanla Türkiyəyə imkan verməyin ki, bizi, Qarabağdakı xristianları qırıb məhv etsinlər, soyqırımı həyata keçirsinlər”.

Ermənistanın hakimiyyət dairələrinin və Xankəndindəki separatçı rejimin iddialarına görə, hazırda “Qarabağın rus icması”nın 1560 üzvü var. Onların çoxunun Xankəndindən kənarda, postsovet məkanı ölkələrində, xüsusilə də Rusiyada yaşadıqları vurğulanır.

Rusiyalı sülhməramlı kontingentin müvəqqəti nəzarətindəki ərazilərdə nə qədər rus yaşayır?

1989-cu ildə keçirilmiş son sovet siyahıyaalınmasına görə, o dövrdəki Dağlıq Qarabağ Müxtar Vilayətinin ərazisində slavyan etnoslarına mənsub 2402 nəfər yaşayırdı. 2015-ci ildə isə Dağlıq Qarabağda 238 rus və 26 ukraynalı vardı.

Yəni ruslarla ukraynalılar 44 günlük Vətən Müharibəsində yox, Birinci Qarabağ Müharibəsi zamanı ev-eşiklərini qoyub qaçırdılar. Özü də onlar şəhərlər, kənd və qəsəbələr erməni işğalına uğrayanda evlərini tərk edirdilər.

Rusları qovmalarına rəğmən ermənilər 30 illik işğal dönəmində fasiləsiz olaraq “rus amili”indən yararlanmağa çalışmışdılar.

Azərbaycan ərazilərinin Ermənistan qoşunları tərəfindən işğal edilməsinə “haqq qazandıran” təbliğat materiallarında, yazılarda və videolarda əsla, amma əsla və əsla bu materiallarda Qarabağdakı ruslardan danışılmayıb.

Bir kəlmə də.

“Qarabağın Rusiya icması” ifadəsi də 30 illik işğal dönəmində sadəcə, 4 (!) dəfə informasiya məkanında, azsaylı xəbərlərdə peyda olub yoxa çıxıb.

Azərbaycan ərazilərinin erməni işğalına daim və fasiləsiz haqq qazandıraraq Ermənistanla erməni diasporunun ruporu rolunu oynamış şəxslər də Rusiyada bir dəfə olsun belə (!) “Qarabağdakı rusiyalılar icması” ifadəsini söyləməyiblər.

Beləliklə, aşkardır ki, “Qarabağda Rusiya icması” adlanan idefiks Ermənistanın hakimiyyət dairələrinin və ultraşovinistlərin uğursuz layihəsi olaraq hərdənbir gündəmə gətirilir.

44 günlük Vətən Müharibəsi başa çatandan sonra isə ermənilər Qarabağda Donbas ssenarisinin reallaşdırılmasını arzulamağa başlayıblar. Xankəndindəki separatçı rejimin rus dilini “ikincti dövlət dili” elan etməsi də məhz bununla bağlıdır.

Hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə yaşayan rusları bir əlin barmaqları ilə saymaq olar. 30 illik işğal dövründə “Qarabağdakı ruslar və rusdillilər” məsələsinin gündəmə gətirilmədiyini, hazırda bölgədə rusların praktiki olaraq yaşamadıqlarını nəzərə alsaq, bəhs etdiyimiz məsələnin indi gündəmə gətirilməsi sırf geosiyasi məqsədlərlə bağlıdır.

İşğal illərində Qarabağı tərk etmiş rus ailələri indi, torpaqlarımız erməni işğalından azad ediləndən sonra geriyə, ev-eşiklərinə qayıtmaq istəyirlər.

İşğal illərində ermənilər Qarabağdakı istisnasız olaraq bütün rus pravoslav kilsələrini darmadağın edərək viran qoyublar, ya da erməniləşdiriblər.

Buna sadəcə, bir misal: 1847-ci ildə Şuşada tikilmiş rus kilsəsinin günbəzini dağıdan ermənilər oraya erməni xaçı bərkidərək kilsənin adını dəyişərək “Xanaç jam” etmişdilər.

2009-cu ildə Xankəndində Müqəddəs Məryəm Ana pravoslav kilsəsinin təməlinin ilk daşı qoyulmuşdu. “Qarabağın rus icması” kilsənin tikintisi üçün guya 6110 kvadrat metr ərazi almışdı. Təməlatma mərasiminə Xankəndinə hətta Rusiyadan nümayəndə heyəti də gəlmişdi və Rus Pravoslav Kilsəsinin keşişi Andrey separatçı rejimin rəhbərliyinə minnətdarlıq da etmişdi.

Fəqət, işlər təmələ bir daş qoymaqdan o tərəfə keçməmişdi.

İndisə “Dağlıq Qarabağ” adlı ərazi yoxdur. Olan Qarabağdır.

Qarabağdakı “Rus İcması” isə bütünlüklə saxta, uydurma qurumdur.

Xankəndindəki terrorçu xunta və Ermənistanın hakimiyyət dairələri belə strukturun var olduğunu vurğulamaqla, üstəlik rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdəki ermənilərə “Rusiya pasportu” vəd etməklə Ukraynanın şərqindəki Donestk və Luqansk ssenarilərini təkrarlamaq istəyirlər.

Daha çox xəbərlər