Bazarda qiymətlər “əridi”: Meyvə-tərəvəz ucuzlaşdıFOTOREPORTAJ
Havaların isinməsi ilə bazarlarda gözlənilən proses artıq başlayıb. Belə ki, meyvə və tərəvəzin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur.
Mövcud vəziyyəti yerində araşdırmaq üçün Musavat.com-un müxbiri kimi 8-ci kilometr bazarı ərazisində olduq və real mənzərəni qeydə aldıq.
İlk baxışdan bazarda canlanma hiss olunur. Həm çeşid artıb, həm də qiymətlər alıcıların üzünü güldürəcək səviyyəyə enib. Xüsusilə mövsümi məhsulların bolluğu qiymətlərin aşağı düşməsinə birbaşa təsir edib.
Belə ki, bananın 1 kiloqramı hazırda 3 manata təklif olunur. Alma 1,30-1,50 manat aralığında satılır, armudun qiyməti isə 1,50 manatdan başlayır. Ən diqqətçəkən ucuzlaşmalardan biri pomidorda qeydə alınıb: bir müddət əvvəl 4 manata satılan pomidor indi 2,50 manatdan başlayan qiymətlərlə alıcılara təqdim olunur.
Xiyarın qiymətində də eniş var – təxminən 50 qəpik ucuzlaşma müşahidə edilir. Hazırda 1,50 manata satılır, bəzi yerlərdə isə hələ də 2 manata təklif edən satıcılar qalır. Badımcanın kilosu 1,70 manatdan başlayır, yaşıl bibərin qiyməti isə orta hesabla 2,50 manat civarındadır.
Təzə lobyanın qiyməti isə 10 manatdan 8 manata enib.
Kartof və soğanın qiymətində isə sabitlik müşahidə olunur. Hazırda bazarlarda 1 kiloqram soğanın qiyməti 50 qəpikdən başlayır. Təzə kartofun qiyməti minimum 1,50 manatdan təklif edilir, köhnə kartof isə daha münasib olaraq 1 manatdan başlayan qiymətlərlə satışdadır.
Meyvələr arasında isə ən böyük qiymət dəyişikliyi çiyələkdə hiss olunur. Bir neçə gün əvvəl 4 manatdan aşağı tapılmayan çiyələk indi artıq 2 manatdan başlayan qiymətlərlə satışdadır. Alça bazarında isə sözün əsl mənasında “qiymət şoku” yaşanır: əvvəllər 75–100 manata qədər yüksələn alça hazırda 20 manata düşüb, daha ucuz növlər isə 6–7 manatdan başlayır.
Sitrus meyvələrində də sabitlik və qismən ucuzlaşma var. Mandarin və apelsin 2,5 manatdan başlayan qiymətlərlə satılır. Göyərtinin qiyməti isə dəyişməyib – əvvəlki kimi 20 qəpik səviyyəsində qalır.
Beləliklə, bazardakı son vəziyyət göstərir ki, mövsümün təsiri ilə qiymətlərdə eniş tendensiyası davam edir. Bu isə həm alıcıların cibinə sərf edir, həm də bazarda alış-veriş aktivliyini artırır. Qarşıdakı günlərdə məhsul bolluğunun daha da artacağı gözlənilir ki, bu da qiymətlərin bir qədər də aşağı düşməsinə səbəb ola bilər.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com









