“Mənim sifarişimi niyə versinlər ki?”- soyğunçuluq edən gəncin məhkəməsi
Soyğunçuluqda ittiham edilən gənc hakim qarşısına çıxarılıb. Bu işdə digər bir şəxsin adı keçsə də, o tapılmır.
ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Ceyhun Nurullayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə C.Rufullayev Nizami rayonu ərazisində V.Abıyevə məxsus, içərisində noutbuk, mobil telefon və sənədlər olan çantasını açıq talama yolu ilə ələ keçirib.
Daha sonra isə Y.Abbasovaya zor tətbiq edərək içərisində pulu, mobil telefonu və sənədləri olan çantasını alıb.
Elan olunmuş ittihamla Ceyhun Rufullayeva özünü təqsirli bilib. Amma deyib ki, onu bu işə Azər Qurbanov sövq edib. Amma Azər Qurbanov azadlıqdadır.
Məhkəmənin davamında zərərçəkmişlər ifadə verib.
V.Abıyev deyib ki, işdən qayıdandan sonra metroya minib. Metrodan çıxdıqdan sonra isə, hər gün getdiyi yolla yaşadığı evə yollanıb. O, həmin ərəfədə kiminsə onu izlədiyini bilməyib.
Abıyev söyləyib ki, bloka yaxınlaşanda arxadan kimsə ona hücum edib və “çantanı ver” deyib: “Mən də çantanı verib evə qalxdım. Sonra da polisə məlumat verdim”.
İş üzrə digər zərərçəkmiş Y.Abbasova ifadə verib. Zərərçəkmiş deyib ki, hadisə dekabrın 31-də olub. Çatasında 2 min manat pul olduğunu deyən Y.Abbasova dəymiş zərərin ödənilmədiyini deyib:
“Həmin gün alver yaxşı olmuşdu. Evə gələndə kimsə arxadan yaxınlaşdı. Bu adam deyir ki, sifarişlə edib. İşlədiyim bazarda məndən qat-qat artıq qazananlar var. Mən onların yanında heç kiməm. Mənim sifarişimi niyə versinlər ki?
Mənim çantamda 2 min pul var idi. Bir də sənədlərimlə telefonum. Çatanı özümüz tapdıq. Pulu götürüb çatanı harasa atmışdılar. Bir gün bacımın qızı dedi ki, telefonumun vatsapı açıqdır. Biz də inanmadıq. Həmin vaxt zəng elədik. Bir kişi açıb dedi ki, çatanı tapıb. Sağ olsun, getdik ki, çantada nisyə dəftərim, telefonum və dəftərin içində 170 manat qalıb. Götürüb gəldik. Bu adamın ailəsi mənə dedi ki, pulu verək, amma şikayətçi olma. Mən də bununla razılaşmadım. Şikayətçiyəm, qanun necə icazə verirsə, elə də cəza verilsin”.
Məhkəmənin davamında Ceyhun Rufullayeva özü ifadə verib. V.Abıyevin çantasını götürdüyünü etiraf edib.
Y.Abbasovanın çantasını oğurlamaq epizodundan danışan Rufullayev qeyd edib ki, bu işin sifarişini Azər Qurbanov verib: “Azər dedi ki, belə bir iş var. Çantada 15 min pul olduğunu dedi. Ora gedəndə məni qoyub qaçdı. Mən çantanı götürüb getdim. Sonra danışanda mənə dedi ki, polis onu axtarır. Mən çantanı aparmadığımı dedim. Sonra ikimizi də tutdular. Amma onu buraxdılar”.
Zərərçəkmişlər də deyib ki, televiziya kanallarında soyğunçuluq etməkdə şübhəli bilinərək həbs edilən iki nəfər göstəriblər. Onlardan biri Ceyhun, digəri isə Azər olub. Amma iş məhkəməyə gələndə təqsirləndirilən şəxsin yalnız Ceyhun olduğunu biliblər.
Məhkəmə iclası davam etdirilir.
Ceyhun Rufullayeva Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham edilir.
Musavat.com

