Cəmiyyət 

Bu gün Beynəlxalq Astma Günüdür

Ümumdünya Astma ilə Mübarizə Günü və ya Beynəlxalq Astma Günü hər il may ayının ilk çərşənbə axşamı keçirilən tədbirdir. Bu gün Qlobal Astma Təşəbbüsünün himayəsi altında və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu gün ilk dəfə 1998-ci ildə 35 ölkədə keçirilmiş və bronxial astma üzrə Ümumdünya forumuna ilə eyni vaxta təsadüf etməsi planlaşdırılıb. Hər il iştirakçı ölkələrin sayı artır.

Təqvimin əsas məqsədi astma xəstəliyinin artması probleminə ictimaiyyətin diqqətini cəlb etmək, astma xəstələrinə göstərilən yardımın keyfiyyətini yüksəltmək və insanların bu xəstəlik barədə məlumatlılığını artırmaqdır.

“Astma” sözü yunan dilindən tərcümədə “ağır nəfəsalma” deməkdir. Həmin termini ilk dəfə istifadə edən şəxs kimi Hippokrat hesab olunur və onun “Daxili xəstəliklər haqqında” əsərində astmanın spazmatik xarakter daşıdığı, boğulmaya səbəb olan amillərin isə rütubət və soyuq olduğu qeyd edilir. Bir çox əsrlər ərzində alimlər bu xəstəliyi və onun səbəblərini araşdırmağa çalışıblar. XX əsrdə müəyyən olunub ki, astmanın əsas səbəbi allergik reaksiya və xarici qıcıqlandırıcılara (kimyəvi, bioloji, fiziki) cavab olaraq bronxlarda yaranan lokal iltihabdır.

Bu gün “astma” termini müxtəlif mənşəli boğulma tutmalarını ifadə edir. Lakin daha çox bronxial astma nəzərdə tutulur ki, bu da allergenlərin təsiri nəticəsində yaranan və nəfəs darlığı, boğulma, öskürək, sinədə xırıltı kimi əlamətlərlə müşayiət olunan tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir. Xəstə sağlam insanların reaksiya vermədiyi amillərə — ağac tozcuqlarına, ev tozuna, heyvan tüklərinə, bəzi qidalara, dərmanlara və s. həssaslıq göstərir. Bəzən isə astmanın səbəbini müəyyən etmək çox çətin olur və ya ümumiyyətlə mümkün olmur.

Bu problemə diqqət təsadüfi deyil: ÜST-nin məlumatına görə, astma dünyada ən geniş yayılmış xroniki xəstəliklərdən biridir. Təxminən 260 milyon insan həmin xəstəlikdən əziyyət çəkir və hər onillikdə onların sayı 1,5 dəfə artır. Hər il bu xəstəlik təxminən 450 min insanın həyatına son qoyur. Astma istənilən yaşda yarana bilər, lakin daha çox uşaqlarda rast gəlinir, xəstələrin yarısında xəstəlik 10 yaşına qədər inkişaf edir. 2 yaşdan kiçik uşaqlarda isə astmanı diaqnoz etmək çətindir, çünki o, digər xəstəliklər kimi özünü göstərə bilər.

Astmanın yaranması və inkişafı üçün risk faktorlarına yaşayış şəraiti, iqlim, iş mühiti, qidalanma tərzi və irsiyyət daxildir. Ətraf mühitin çirklənməsi, qida əlavələrinin istifadəsi, sintetik materiallar, aktiv və passiv siqaret çəkmə, irsi meyillilik və ümumi sağlamlıq səviyyəsinin pisləşməsi bronxial astmaya meyilli insanların sayının artmasına səbəb olur.

Astma qlobal səhiyyə problemidir. O, inkişaf səviyyəsindən və gəlirdən asılı olmayaraq bütün ölkələrdə yayılıb. Həmin xəstəliyin ölüm göstəricisi nisbətən aşağı olsa da və müalicə sahəsində irəliləyişlər əldə edilsə də, onun təhlükəsini kiçiltmək olmaz. Astma tez-tez əlilliyə səbəb olur və bir çox hallarda xəstələr bu xəstəliklə ömür boyu yaşamağa məcbur qalırlar.

Alimlər uzun illərdir bu ağır xəstəliyin tam müalicəsi üzərində çalışırlar. Həkimlərin fikrincə, mövcud dərmanlar astma simptomlarını nəzarətdə saxlamağa imkan versə də, xəstəliyin əsas səbəbinə təsir etmir. Buna baxmayaraq, düzgün müalicə ilə bu diaqnozu olan insanlar tam əmək qabiliyyətini qoruyaraq normal həyat sürə bilirlər.

Astmanın müalicəsində dərman terapiyası yeganə üsul deyil. Bu gün belə xəstələrin idarə olunması üçün beynəlxalq standartlar mövcuddur, müxtəlif milli və beynəlxalq tövsiyələr hazırlanmışdır. Bu tövsiyələr xəstələrə həyat tərzi və tutmaların qarşısının alınması barədə məlumat verir.

ÜST astma ilə mübarizə sahəsində beynəlxalq səyləri əlaqələndirərək və dəstəkləyərək hələ 1989-cu ildə “Bronxial astma üzrə Qlobal təşəbbüs” (ing. The Global Initiative for Asthma – GINA) proqramını həyata keçirib. Sonradan bu proqram beynəlxalq təşkilata çevrilmişdir. GINA-nın fikrincə, bronxial astma ilə mübarizənin uğuru üç əsas istiqamətdən asılıdır:

Xəstəliyin profilaktikası. Dövlət səviyyəsində sənaye çirklənməsinin azaldılması, siqaret çəkmənin məhdudlaşdırılması və sağlam həyat tərzinin təşviqi vacibdir.

Effektiv diaqnostika və müalicə üsullarının tətbiqi və əlçatanlığı. Astma nəzarət oluna bilən xəstəlikdir və vaxtında göstərilən tibbi yardım ölüm riskini azaldır.

Elmi tədqiqatlar. Astmanın səbəbləri hələ tam öyrənilməmişdir və müalicə üsulları da hələ mükəmməl deyil.

Bu səbəbdən Ümumdünya Astma ilə Mübarizə Gününün əsas vəzifəsi — xəstəlik barədə məlumatların yayılması, xəstələrin adekvat müalicəyə çıxışının təmin edilməsi, profilaktika və erkən diaqnostika haqqında biliklərin artırılması, həmçinin tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və həkimlərin ən son elmi nailiyyətlər barədə məlumatlandırılmasıdır.

Müxbir – Göyçək Mahmudlu

Daha çox xəbərlər