Elə kadrlar seçilməlidir ki…
Prezident İlham Əliyev tərəfindən 2018-ci ildə başladılan və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları bu gün daha geniş vüsət alaraq intensiv şəkildə davam etdirilməkdədir. Vətəndaşlarla münasibətdə şəffaflığın artırılması, etik qaydalara əməl edilməsi, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məmurlar qarşısında ən zəruri vəzifələr kimi müəyyənləşdirilib.
Bu gün ölkəmizdə uğurla reallaşdırılan irimiqyaslı islahatlar bütün sahələri əhatə edir. Təbii ki, bu prosesdə kadr islahatları da çox önəmli rol oynayır. Çünki hər bir sahənin inkişafında kadr amili vacib şərtdir. İndi yeni dünyagörüşlü, müasir təhsilli, qlobal dünyanın diktə etdiyi idarəçilik fəlsəfəsinin tələblərinə cavab verən gənc kadrlar vəzifələrə irəli çəkilir.
Dövlət məmurlarının vəzifə borclarını layiqincə yerinə yetirməsi ölkə başçısının daim diqqət yetirdiyi məsələlərdəndir. Ölkə başçısı daim öz nitqlərində layiqli məmuru səciyyələndirən keyfiyyətləri xarakterizə edərək, fəaliyyətində ciddi nöqsanlara yol verən şəxsləri törətdikləri əməllərdən çəkinməyə çağırır.
Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bildirib ki, məmurlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar. Ölkə başçısı öz prinsipial mövqeyini bir daha ortaya qoyaraq vurğulayıb ki, heç kim vəzifəsindən sui-istifadə etməməlidir. Bütün məmurlar bilməlidirlər ki, böyük vəzifə böyük imtiyaz yox, əksinə böyük məsuliyyətdir: “Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm. Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir”.
Məmurlar yadda saxlamalıdırlar ki, onlar xalqın xidmətçiləridirlər. Yalnız icra başçıları deyil, bütün məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalı, daim onların qayğıları və problemləri ilə maraqlanmalıdırlar. Dövlət başçısı bəyan edib ki, etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını, nazirləri vəzifəyə təyin edərkən dövlət başçısı onlara tövsiyə və tapşırıqlarını verir. Digər məmurlar kimi, icra hakimiyyətlərinin başçıları da daim insanlarla ünsiyyətdə olmalı, onların problemlərinin həlli üçün əməli addımlar atmalı, fəaliyyətində şəffaflığa üstünlük verməlidir. Bəzi hallarda həm icra başçıları, həm də müxtəlif qurumlara rəhbərlik edən məmurlar yeni vəzifəyə təyin olunan kimi peşəkar kadrları işdən azad edir, özünə yaxın olan adamları, qohumlarını vəzifəyə təyin edir. Bütün bunlar insanlarda narazılıq yaradır. Ölkə başçısı bir daha qeyd edib ki, kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət, vətənpərvərlik nəzərə alınmalıdır: “Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır”.
Ölkə başçısının tapşırıq və tövsiyyələrindən düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin qanunvericiliyə uyğun olaraq ciddi cəzalandırılması bu gün də davam edir. Sirr deyil ki, bu sahədə əldə edilən uğurlar, dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, bəzi hallarda əhalini narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da mövcuddur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görülməkdədir. Bundan sonra da belə olacaq. Prezidentimizin söylədiyi kimi, heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir.

