Məmurlar insanlarla təmasda olmalıdırlar
Dövlət başçısının kadr siyasətində əsas tələb xalqa vicdanla xidmət etməkdir
Prezident İlham Əliyevin sosial- mədəni, iqtisadi-siyasi islahatlarının bir hədəfi var: ölkə əhalisinin rifah halı daimi yüksəlsin, dövlətin siyasi və iqtisadi təməlləri daha da möhkəmlənsin. Məhz bu istiqamətdəki siyasətində kadr məsələsini diqqətdə saxlayan ölkə başçısı onlara ciddi şəkildə tapşırıq və tövsiyələrini verir. Prezident hər bir görüşündə və KİV-lərə müsahibələrində təkrarlayır ki, hər bir məmur xalqın xidmətçisi olmalıdır, ona canla-başla xidmət etməlidir. Vicdanlı, məsuliyyətli, şəffaf xidmət başlıca meyar olmalıdır .
Fevralın 18-də Bakı şəhəri Nizami və Nərimanov rayonlarının, həmçinin Kürdəmir rayonunun icra hakimiyyətlərinin yeni təyin olunan başçılarını videoformatda qəbul edərkən dövlət başçısı bir daha bütün məmurlara səsləndi: «Daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir».
Bunun təkcə icra hakimiyyəti başçılarına deyil, bütün məmurlara aid olduğunu diqqətə çatdıran Prezident bəyan etdi ki, heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir: «Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız».
Ümumiyyətlə, son dövrlərdə dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində müasir düşüncəli, milli maraqları əsas tutan kadrlara yüksək etimadın göstərilməsi, onların rəhbər vəzifələrə irəli çəkilməsi həm ölkə vətəndaşları, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.
Prezident İlham Əliyev hər zaman qeyd edir ki, kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas götürülməlidir. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir.
Azərbaycanda dövlət idarəçiliyində müasir, kreativ düşüncəli kadrların irəli çəkilməsi ənənəsi hər zaman mövcud olub. Məhz İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə peşəkar kadr potensialı formalaşmaqdadır. Yeni dövlət idarəçiliyi tələblərinə cavab verən islahatlarla bağlı qətiyyətli mövqe ortaya qoyan Prezidentin kadr islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşmanı təmin etməkdir.
Prezident İlham Əliyev yeni təyin edilən rayon icra hakimiyyətləri başçılarını videofrmatda qəbul edərkən bir daha bu məsələlərə toxundu və öz məsləhətlərini verdi. Eyni zamanda əvvəlcədən xəbərdarlığını da etdi. Məsələ belə qoyuldu ki, əgər Prezidentin tapşırıqları layiqincə yerinə yetirilərsə, həm dövlət, həm də ölkə vətəndaşları onların fəaliyyətindən razı qalacaq. Yox, əgər bu etimad doğrulmasa, ilk növbədə cəmiyyətdə məyusluq yaradacaq. Ona görə də yeni təyin edilmiş icra başçıları rayonlarda vəziyyəti təhlil etməli, insanları narahat edən məsələləri ciddi araşdırmalı və onların həlli yolları ilə bağlı təkliflər hazırlamalıdırlar.
Göründüyü kimi, Prezidentin uğurlu kadr islahatları davam edir. Bu, ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir. Azərbaycanda kadr islahatlarına ehtiyacın olduğunu deyən cənab İlham Əliyev bu prosesləri dəyərləndirərkən vurğulayıb ki, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma və tərəqqi deməkdir. Həqiqətən də dünya miqyasında yüksək uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz islahatlar və onların səmərəliliyi hesabına əldə edilib.
Bu gün Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev kadr və struktur islahatları ilə daha çevik və operativ idarəçilik mexanizmi formalaşdırmaqla yeni bir modern dövlət quruculuğu modeli ortaya qoymaqdadır. Xüsusilə bütün islahatlar zamanı düşünülmüş, ölçülüb-biçilmiş addımlar atan ölkə başçısı ilk növbədə, xalqın və dövlətin maraqlarını, milli mənafeyi nəzərə alır. Cəmiyyətin islahatlara münasibətinə çox yüksək önəm verir və vətəndaşların proseslərlə bağlı nə düşünməsinə, hansı sahələrdə nədən razı və ya narazı olmasına xüsusi diqqət yetirir. Ona görə də ölkə ictimaiyyəti islahatçı Prezidentin bütün yenilik və dəyişikliklərini müsbət dəyərləndirir.

