Şuşa və Moskva bəyannamələrinin oxşar, fərqli cəhətləri
Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ilə 2021-ci il iyunun 15-də Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” arasında müqayisələr, paralellər aparılmaqdadır. Bu bəyannamələrin oxşar və fərqli tərəfləri, hansının Azərbaycanın maraqlarına daha çox cavab verdiyi cəmiyyətdə təhlil edilməkdədir. Bu müqayisələr, təhlillər heç də hamısı eyni nəticəyə gəlmir.
Şərti olaraq Moskva bəyannaməsi adlandırılan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” 43 bənddən ibarətdir.
Şuşa Bəyannaməsi isə 35 maddədən ibarətdir. Lakin ekspertlər, təhlilçilər hesab edir ki, bəyannamənin həcminə yox, orada yazılanların əhəmiyyətinə önəm vermək və qiymətləndirməni həcmə deyil, sənəddəki bəndlərin maraqlarımıza nə dərəcədə cavab verdiyinə əsasən aparmaq daha düzgündür.
Hər iki bəyannamədə ən çox oxşar mahiyyət kəsb eləyən bəndlər var. Məsələn, Moskva bəyannaməsinin 2-ci bəndində yazılır: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər”.
Şuşa Bəyannaməsinin 7-ci bəndində isə qeyd edilir: “Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər”.
Moskva bəyannaməsinin 1-ci bəndində “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar” fikirləri əksini tapır.
Şuşa Bəyannaməsinin 5-ci bəndində təxminən bu fikirlər yaxın fikir qeyd olunur: “Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər”.
Rusiya ilə müttəfiqlik bəyannaməsinin 6-cı bəndindəki “Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər” öhdəliyi ilə Türkiyə-Azərbaycan arasında imzalanmış müttəfiqlik bəyannaməsinin 9-cu bəndi bir-birinə müəyyən qədər oxşardır: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Bununla yanaşı, müəyyən oxşarlıq olsa da, Şuşa Bəyannaməsinin qeyd olunan bəndində məsələnin daha konkret və birmənalı müttəfiqliyi ifadə etdiyi göz önündədir.
Ekspertlər hesab edir ki, ümumi olaraq götürsək Moskva bəyannməsində müəyyən müsbət və mənfi məqamlar var. Bu sənəd nə hansısa tarixi bir qələbə, nə də Rusiyanın nəzarəti altına keçmək deyil. Amma Azərbaycan üçün orta mərhələdə müsbət nəticələr yaratmaq potensialı var.
Azərbaycan hələ ki keçmiş sovet imperiyası regionunda ən uğurlu xarici siyasət yürüdən ölkələrdən biri olmaq mövqeyini əsasən qoruyur. Kifayət qədər mürəkkəb regionda, kifayət qədər çoxlu maneələrə baxmayaraq əsasən uğurlu xarici siyasəti sayəsində həyati problemlərinin həlli istiqamətində nəticələr əldə edir. Ümid edək ki, bu proses davam edəcəkdir.
![]()
Elşən Mustafayev: “Şuşa Bəyannaməsi Moskva bəyannaməsindən fərqli olaraq tərəflərə dolayısı ilə də olsa hansısa fəaliyyətində məhdudiyyətlər nəzərdə tutmur”
Politoloq Elşən Mustafayev hesab edir ki, Rusiya ilə Azərbaycan arasında imzalanmış bəyannamənin hər bəndini ayrı-ayrılıqda müzakirə edib ona qiymət vermək olar. Amma bu bəndlərin əksəriyyətində əks olunan müddəaların yeni olmadığını, o cümlədən Müstəqil Dövlətlər Birliyinin (MDB) nizamnaməsində öz əksini tapdığını nəzərə alaraq onların hamısının üzərində durmağa ehtiyac yoxdur: “Bu sənədi Şuşa Bəyannaməsi ilə müqayisə etdikdə görürük ki, Şuşa Bəyannaməsi 100 faiz Azərbaycan və Türkiyənin maraqlarına xidmət edən, həmçinin ayrı-ayrılıqda hər iki dövlətə problem yaratmayacaq bir sənəddir. Eyni fikri Moskvada imzalanmış sənədlə bağlı demək olmur. Təkcə bir neçə bəndə baxsaq görərik ki, həmin bəndlər daha çox Rusiyanın maraq və mənafelərinə cavab verir.
1- ci maddədə “ … iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət…”
ifadələri öz əksini tapıb. Şuşa Bəyannaməsində isə eyni mənada bənd var, amma orada “ … ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı… ” ifadəsi yer alıb. Fikir verin, yuxarıdakı bənddə “… beynəlxalq səviyyədə tanınmış …” yoxdur. Azərbaycan Krım daxil Ukraynanın ərazi bütövlüyünü tanıdığını elan edib və edir. Belə çıxır biz Ukraynanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini qəbul ediriksə, Krımı Ukrayna ərazisi kimi qəbul etməməklə Rusiyanı Krımsız tanıyırıq. Bu da ərazi bütövlüyü anlamında Moskvanı qane etmir. Digər narahatlıq yaradan bənd isə “Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər” fikrinin əksini tapdığı bənddir. İqtisadi baxımdan bir çox hallarda Azərbaycan və Rusiyanın maraqları üst-üstə düşmür. Əsas da enerjidaşıyıcıları, onların istehsalı və ixracı sahəsində fərqli maraqlar ortada olub. Həmçinin yaxın vaxtlarda Rusiya çox ciddi iqtisadi sanksiyalarla üz-üzə qalacaq. Həmin vaxt Azərbaycanın iqtisadi marağına xidmət edən hansısa siyasəti Rusiyanın marağına uyğun olmaya bilər. Belə çıxır k, biz öz iqtisadi ziyanımıza fəaliyyətimizi qurmalıyıq. Daha bir məsələ hərbi sahədə əməkdaşlıqdan, silahların alınması onlara xidmət və s. də bizim birmənalı xeyrimizə olan bəndlər sayılmaya bilər. Bütün bunlara rəğmən hesab edirəm ki, Moskvada imzalanan sənəd tövsiyə və niyyət xarakterli olduğundan Şuşa Bəyannaməsi ilə müqayisə edilə bilməz. Şuşa Bəyannaməsi, dediyim kimi, tərəflərin tam maraqlarını əks etdirməklə yanaşı eyni zamanda bir öhdəlik kimi qəbul edilib. Şuşa Bəyannaməsi Moskva bəyannaməsindən fərqli olaraq tərəflərə dolayısı ilə də olsa hansısa fəaliyyətində məhdudiyyətlər nəzərdə tutmur”.

Anar Əliyev: “Moskvada imzalanan sənəddə Azərbaycanı əsarətə, Rusiya vassallığına aparacaq nəinki bir bənd, tək bir ifadə belə yer almayıb”
“Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev isə hesab edir ki, Azərbaycanın maraqlarının təmini baxımından 22 fevralda imzalanan Moskva bəyannaməsini 15 iyunda imzalanan Şuşa Bəyannaməsinin davamı adlandırmaq olar: “Moskvada ”Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalandı. Qərb dövlətlərinin ölkəmizdəki uzantılarının iddialarının əksinə, bəyannamədə Azərbaycanı əsarətə, Rusiya vassallığına aparacaq nəinki bir bənd, tək bir ifadə belə yer almayıb.
Əksinə, bəyannamə başdan-başa Azərbaycanın maraqlarının qorunmasına, sərhədlərimizin və ərazi bütövlüyümüzün toxunulmazlığına, dövlət suverenliyimizə kənar müdaxilələrin qarşısının alınmasına, siyasi, iqtisadi, diplomatik, ticari, mədəni əlaqələrin yüksəldilməsinə xidmət edir. İlk oxunuşda sənəd demək olar Azərbaycan maraqlarının qorunmasına xidmət edən və bu xidməti rəsmiləşdirən akt təəssüratı yaradır. Ona görə də Azərbaycan maraqlarının təmini baxımından Moskva bəyannaməsini Şuşa Bəyannaməsinin davamı adlandıra bilərəm.
Sual oluna bilər ki, bu qaçaqaçda Azərbaycan maraqlarının təmininə xidmət edən bəyannamənin imzalanmasında Kremlin, daha konkret, Putinin marağı nədir?
Hesab edirəm, ağıllı və praqmatik siyasətçi olan Putin və dövləti bu bəyanatdan böyük çıxarlar əldə edəcək:
Postsovet respublikalarının Rusiyanın yanında yer aldığını, müttəfiq olduqlarını dünyaya nümayiş etdirir:
Qonşu dövlətlərə, xüsusilə keçmiş sovet respublikalarına “özünüzü adekvat aparsanız, Qərb dairələrinin oyununda alət olmasanız sizi də Azərbaycana göstərdiyimiz münasibət və belə bir perspektiv gözləyir”, mesajını çatdırır;
Qərbmeyilli cəmiyyətlərə iki real seçim nümayiş etdirir:
– qonşusu ilə mehriban və səmimi davranan Azərbaycan və ona göstərilən münasibət (2020-ci il Vətən müharibəsi və torpaqların işğaldan azad olunmasına sərgilənən yanaşma);
– ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı oyununda yer alan Gürcüstan, Ukrayna və onlara göstərilən münasibət.
Bir sözlə, Rusiya bununla demək istəyir ki, mənimlə yanyana olan qazanır (Azərbaycan), qarşımda olan, rəqiblərimin oyununa gələn cəzalandırılır (Gürcüstan, Ukrayna, Ermənistan)”.

