Bakının nömrə 1 hədəfi: – nə qanuni, nə qanunsuz!
Azərbaycan ikiqat “təhlükəsizlik çətiri” altında; “anklav”dakı separatçı ünsürlərin ömrünə çox qalmayıb; İrəvanda və “Şeytan yuvası”nda artan təlaşın səbəbi…
Rusiyanın Ukraynaya başlayan hərbi müdaxiləsi şimal qonşumuzla ehtiyatlı siyasət yürütməyin nə dərəcədə önəmli olduğunu təzədən ortaya qoydu. Təbii ki, Azərbaycan xalqı azad dünya ilə birlikdə Ukrayna xalqının yanındadır. Burada ayrı mövqe ola bilməz.
Ona da şübhə yox ki, rəsmi Bakı balanslı xarici siyasət kursuna sadiq qalaraq, Moskva ilə nə qədər normal qonşuluq münasibətləri qursa da, qondarma “DXR” və “LNR”i tanımayacaq (buna hətta Rusiyanın ən yaxın müttəfiqi Belarus da getmədi). Bu məsələdə də biz beynəlxalq birliyin və hüququn yanındayıq, yanında olmağa davam edəcəyik. Hər halda Azərbaycan xalqı və dövləti separatizmin nə demək olduğunu hamıdan yaxşı bilir.
Odur ki, səslənən bəzi iddialara rəğmən, iki gün öncə imzalanmış Moskva bəyannaməsi də Azərbaycanın mövqeyini dəyişə bilməz. Ən azı o səbəbə ki, sənədin 2-ci bəndində belə deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər”.
*****
Müstəqil siyasət də, zatən, budur. Başqa sözlə, Moskva bəyannaməsi hər şeydən öncə bizim milli maraqlarımızın daha yaxşı müdafiəsinə yönələn bir sənəddir. Onun təhlükəsizlik maraqlarımız baxımından əhəmiyyəti isə xüsusidir. Bu barədə də kifayət qədər yazılıb və yazılacaq. Bir şeyi əminliklə vurğulamaq olar və siyasi şərhçilərdən biri bunu doğru olaraq vurğulayıb ki, sənəd ermənilərin yuxusunu qaçıran Şuşa Bəyannaməsinin ardınca Azərbaycan üzərində ikinci “təhlükəsizlik çətiri” sayıla bilər.

Demək, suverenliyimiz, ərazi bütövlüyümüz və sərhəd toxunulmazlığımız üçün daha bir ciddi zəmanət əldə edə bilmişik. Nə barədə ki, Bəyannamənin 1-ci bəndindəcə bildirilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
Bu isə həm də o anlama gəlir ki, Qarabağ “anklavı”ndakı separatçı qalıqlarının ömrünə çox qalmayıb. Təsadüfi deyil ki, Moskva bəyannaməsindəki imzaların mürəkkəbi qurumamış və Azərbaycan Prezidentinin “erməni silahlı qüvvələrinin Qarabağdan çıxmasını gözləyirik” bəyanatı səslənən kimi erməni silahlı quldurlar “anklav”da fəallaşmağa başlayıblar. Füzuli istiqamətində Azərbaycan Ordusunun mövqelərinə atəş açılması bu qəbildəndir. Dünən də bənzər insidentlər qeydə alınıb.
Sözsüz ki, onların cavabı artıqlaması ilə verilib və veriləcək. Erməni silahlı birləşmələrinin Qarabağdan tam çıxması ləngiməyə davam edərsə, bu dəfə Bakı daha radikal addımlar atacaq. Moskva sənədi bu yöndə əl-qolumuzu daha da açır. Ümid edək ki, buna lüzum qalmayacaq, Rusiya qüvvələri özləri onları tərk-silah edəcək…
*****
Əlbəttə ki, Azərbaycanın 1 nömrəli hədəfi 2025-ci il üçün ümumiyyətlə, heç bir xarici hərbi qüvvənin Qarabağda qalmamasıdır – nə qanuni, nə qanunsuz. Yəni Rusiyanın hərbi kontingenti də bölgəni tərk eləməlidir.

Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğluna görə, əslində Moskva ilə “müttəfiqlik bəyanatı” ona görə imzalanıb ki, Rusiya hərbçiləri 4 ildən sonra Azərbaycan ərazisini tərk etsinlər. O, Moskvada İlham Əliyevlə görüşdə Putinin söylədiyi aşağıdakı sözlərə diqqət çəkib: “Putin dedi ki, Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstanı dəstəklədik. Bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz bütün silahlı qüvvələrimizi oradan çıxartıq və bütün istiqamətlər üzrə Qazaxıstanla əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir və Qazaxıstanın suverenliyini möhkəmlədir. Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik. Təkrar edirəm, Ukrayna ilə bağlı vəziyyət başqadır”.
E.Şahinoğlunun qənaətincə, Putin bu açıqlama ilə demək istəyib ki, Rusiya 4 ildən sonra Azərbaycandan da hərbçilərini çıxara bilər: “Putin bu vədinə əməl edəcəkmi? O, bunun qarşılığında Azərbaycanın 4 il ərzində Rusiyanın siyasətini dəstəkləməsini tələb edəcək. Bu mümkündürmü? Əsas sual budur”.
Buradaca Azərbaycan lideri İlham Əliyevin məşhur sözlərini yada salmağa dəyər: “Mən nəyi, nə zaman etməyi yaxşı bilirəm…”
*****
Bu arada Ermənistan Xarici İşlər Nazirliyi Moskva bəyannaməsinə münasibət bildirib. “Ümid edirik, Moskva ilə Bakı arasında imzalanan müttəfiqlik haqda bəyannamənin imzalanması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq ki, bu da öz növbəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli həllinə töhfə verəcək”.
Bunu XİN-in mətbuat katibi Vaan Unanyan deyib.
Göründüyü kimi, rəsmi İrəvan hələ də “köhnə hava”dan çıxa bilməyib. 44 günlük müharibənin yaratdığı yeni reallıqları, hətta iki gün öncəki Moskva bəyannaməsinin yaradığı təptəzə reallığı düz oxuya bilmir. Oxuya bilsəydilər, anlayardılar ki, Minsk Qrupunun qatarı da çoxdan gedib. Moskva sənədinin daha bir anlamı məhz budur…

