Moskva sənədinə xaricdə qıcıqlı mövqelər: “Türkiyənin orbitindən çıxırıq…”
Bəzi Qərb ekspertləri Bəyannamənin Bakının rəngli inqilabların planlaşdırılması ittihamlarından sonra imzalanmasına niyə diqqət çəkir?
Fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanan Moskva bəyannaməsinə, gözlənildiyi kimi, ölkə xaricindən də reaksiyalar gəlməkdədir. Ermənistan isə sənədlə bağlı öz mövqeyini açıqlayıb. Ermənistan parlamentinin spikeri Akop Arşakyan “hər bir ölkənin beynəlxalq münasibətləri istədiyi kimi inkişaf etdirmək kimi suveren hüququ var. Bizim Rusiya ilə strateji sazişimiz var və bu saziş ən yüksək səviyyədə həyata keçirilir. Biz ölkələrin öz xarici siyasətini həyata keçirmək üçün suveren hüququna hörmətlə yanaşmalıyıq”, – deyə bildirib.
Hələ ki bəyannamənin imzalanmasına Avropa və ABŞ tərəfindən rəsmi reaksiya verilməyib. Bəzi Qərb ekspertləri bəyannamənin Azərbaycanda rəngli inqilabların planlaşdırılmasına görə ölkədə “Soros və “NED”ə ittihamlardan sonra” imzalanmasına diqqət çəkir.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bəyannaməni “Turan”ın Vaşinqton müxbirinə şərh edərkən bəzi ittihamlar irəli sürüb. Sabiq səfirin dediyinə görə, bu sənədlə “Rusiyanın Azərbaycanda daim hərbi iştirakı, eləcə də Azərbaycanın üçüncü ölkə (ABŞ) və təşkilatlarla (NATO) münasibətlərinə veto hüququ olacaq”.

Ərəstun Oruclu
ABŞ-da yaşayan siyasi şərhçisi Ərəstun Oruclu da bəyannaməni “Rusiyanın Azərbaycanı öz nəzarətinə keçirmək cəhdi kimi qiymətləndirib. O, AzadlıqRadiosuna bildirib ki, həmin sənəddəki bütün bəndlər məhz buna yönəlib və ona həsr olunub ki, Azərbaycan Rusiya ilə razılaşdırılmış siyasət həyata keçirsin. Ə.Oruclu deyir ki, Rusiya anlayır ki, Azərbaycanın xarici siyasət vektoru Türkiyə tərəf yönəlir və bunun qarşısını almaq üçün belə bir sənəd ortaya atıb. Ekspertin qənaətincə, Azərbaycana bu cür anlaşma lazım deyil, elə bir anlaşma heç bir halda dövlətin müstəqilliyinə və suverenliyinə xidmət edə bilməz və etməyəcək. Avropa Birliyi və ABŞ niyə bəyannaməyə rəsmi münasibət bildirmir? Moskva ilə yaxınlaşma Azərbaycanın Qərbdən gələ biləcək inqilab təhlükəsi ilə bağlıdırmı? Sənəd Azərbaycanın xarici siyasət vektorunun qarşısını ala bilərmi?

Asim Mollazadə
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Türkiyə ilə münasibətlərin tamamilə fərqli olduğunu qeyd etdi: “Azərbaycanın Türkiyə ilə mövcud olan münasibətləri, sadəcə, müttəfiqlik münasibətləri deyil, bu, qardaşlıq münasibətləridir. Hər hansı bir beynəlxalq sənəd bu münasibətləri hansısa formada poza bilməz. Azərbaycan bütün qonşularla normal əməkdaşlıq və tərəfdaşlıq istiqamətində addımlar atmağa hazırdır. Rusiya ilə imzalanan sənəddə əsas 1-ci bənddir. Rusiya tərəfindən Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü tanınıb. Mənə elə gəlir ki, bu sənəddə ən mühüm məqam məhz separatizmə qarşı mübarizə ilə bağlı bəndlərdir. Düşünürəm ki, Qarabağ müharibəsinin bitməsinin Rusiya tərəfindən qəbul edilməsi əslində Azərbaycanın dövlət maraqlarına uyğundur. Azərbaycan öz ərazisində sabitlik istəyir. Bu sabitlik üçün imzalanan sənəd əslində hüquqi əsaslar yaradır. Azərbaycan-Türkiyə münasibətləri hər şeyin fövqündədir. Mənə elə gəlir ki, bunun səbəbi hansısa sənədlər deyil. Məhz mövcud olan qardaşlıqdır”.
Deputat onu da qeyd etdi ki, Ermənistan və onun xaricdəki havadarları Azərbaycan-Rusiya münasibətlərinin normallaşmasından narahatdırlar: “Onlar anlayırlar ki, bu sənəddən sonra hansısa revanş istiqamətində şansları yoxdur, Azərbaycana qarşı heç bir əməliyyat keçirə bilməzlər. Azərbaycan bütün dünyaya bir daha bəyan edir ki, Qarabağ Azərbaycandır! Bu, real olaraq həyata keçirilir”.

Elçin Mirzəbəyli
BAXCP sədrinin müavini, politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli Qərbin “qurbanlıq keçi” axtardığını bildirdi: “Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamədə ölkəmizin maraqlarına zidd olan heç bir müddəa yoxdur. Bunun əksini iddia edənlər bəyannaməni oxumayanlar, oxuyub anlamayanlar və yaxud sənədə təmsil və ya xidmət etdiyi ölkənin, qütbün maraqlarından yanaşanlardır. Erməni yanlısı, NED-in, NDİ-ın postsovet məkanında və Şərqi Avropada həyata keçirdiyi layihələrin məsləhətçisi, Azərbaycan əleyhinə aparılan kampaniyaların fəal iştirakçısı Riçard Kozlariçdən obyektiv fikir gözləmək Serj Sərkisyandan ləyaqət gözləmək kimi bir şeydir. Hər iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə təhdid yaratmaq niyyəti güdən təşkilat və fərdlərə qarşı ortaq fəaliyyətlə bağlı bəyanatda yer alan məqamlara gəldikdə isə bütün bunların NED, NDİ, Soros və digər bu kimi təşkilat, həmçinin onların nüfuz müvəkkillərinə aid olduğunu iddia etmək, çox səthi və birtərəfli mövqedir. Başa düşmək olmur, hansı səbəbdən, hətta obyektiv olmağı bacaran bəzi həmkarlarımın ağlına ilk növbədə separatçılar və onların yaratdıqları qondarma təsisatlar gəlmir? Əgər qeyd olunan istiqamətdə söhbət ərazi bütövlüyü və suverenlikdən gedirsə, o zaman ağıla gələn ilk hədəf separatçılar olmalıdır. Qərbin susmağına gəldikdə isə, deyə biləcəyi başqa nə isə varmı? Nə deyəcək? Məgər Azərbaycan əraziləri 30 il işğal altında olanda, simasız, iküzlü Qərb nə isə edirdi? Bəlkə nə zamansa Vaşinqton işğal faktını pisləyib və Ermənistana sanksiyalar tətbiq edib də, xəbərimiz olmayıb. Qərb öz maraqlarını təmin etmək üçün ”qurbanlıq keçi” axtarır. Postsovet məkanından, elə Gürcüstan və Ukraynadan başlayaraq Yaxın Şərqə, Aralıq dənizi hövzəsinə nəzər salsaq, nə qədər xalqın və dövlətin Qərbin simasız oyunlarında qurban verildiyinin şahidi ola bilərik. Azərbaycan bu bəyannamə ilə öz təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə ciddi təminat alıb. Doğru edib və ağlı başında olan hər kəs dövlətimizin bu istiqamətdə olan addımlarını dəstəkləyir. Gerisi isə təfərrüatdır. Qoy kozlariçlər “qurbanlıq keçini” başqa yerdə axtarsınlar”.
![]()
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov güc olmağa işarə etdi: “Son hadisələr onu göstərir ki, bu istiqamətdə Azərbaycan xarici siyasəti real politik situasiyanı nəzərə alır. Sadəcə, Azərbaycan xarici siyasətinə balanslaşma fonu verir. Türkiyə buradadır və Allahın izni ilə burada olacaqdır. Çünki buna haqqı var. Azərbaycan rəhbərliyi Türkiyənin əhəmiyyətini anlayır və düşünmürəm onunla koordinasiya etmədən addımlar atır. Bəyannamə bir diplomatik sənəddir. Tərəfdaşımız onu başqa cür izah etsə biz də deyəcəyik ki, ”mən bunu belə demirdim”. Eyni ilə 10 noyabr sazişi kimi artıq qurumlar səviyyəsində müqabil tərəfin bu sazişə lazımi səviyyədə əməl etmədiyi sözlərini də gələcəkdə deyə bilərik. Hər halda, səliqə və ehtiyat önəmlidir. Bir də biz güclü olduqca istənilən sənədi istədiyimiz kimi şərh edə bilərik. Ona görə iqtisadi, siyasi, hərbi güclənmək lazımdır. İslahatlar dərin olmalıdır. Neodövlət fəlsəfəsi Ukrayna problemi ilə çökür. Milli dövlət, milli dövlət! Əks halda, səni münaqişəyə vadar edənlərin arxandan çəkildiyini görürsən. Moskva sənədi diplomatik addım olaraq təhlükəsizlik üçün lazım idi. Hə, əgər biz onu bizim izahımızla işlətmək istəyiriksə güclü olmalıyıq”.

