“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun icrası ilə bağlı hüquqi sənədlərə dəyişikliklər olunur
ARANTV.AZ xəbər verir ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun icrası ilə bağlı çoxsaylı hüquqi sənədlərə dəyişikliklər olunur. Dəyişikliklər Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirə edilib.
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun icrası ilə bağlı Su Məcəlləsinə təklfi edilən dəyişikliyə əsasən, su obyektlərinin istifadəsi, mühafizəsi və suyun zərərli təsirinin qarşısının alınması üzrə dövlət proqramları layihələrinə dair strateji ekoloji qiymətləndirmə sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. Suyun vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikinti layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi həyata keçirilməlidir. Eyni qiymətləndirmə meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti layihələrinə də şamil olunacaq. Böyük ərazilərdə irimiqyaslı meşəsalma fəaliyyəti üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır. Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov dedi ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun ölkəmizin Espo konvensiyasına qoşulması ilə bağlı götürdüyümüz öhdəliyə uyğun olaraq 2018-ci ildə qəbul edilsə də, bu məsələ indiyədək imzalanan və icra edilən bütün neft-qaz, nəqliyyat layihələrində beynəlxalq standartlar çərçivəsində əksini tapıb.
Ətraf mühitə təsirin qiymətləndirilməsinin əsas məqsədi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əlavəsində göstərilən 33 fəaliyyətin həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsidir. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, torpaq ehtiyatlarının istifadəsi üzrə strateji sənədlərin, şəhərlərin su təchizatı və kanalizasiya sistemləri kompleksinin, avtomobil yolları, radiasiya təhlükəsizliyinin təmin edilməsi, balıqçılıq, elektroenergetikanın inkişafı sahələrində dövlət proqramlarının layihələndirilməsi zamanı da strateji ekoloji qiymətləndirilmə aparılacaq. Həmçinin ərazi planlaşdırma sənədləri, baş planlar, müfəssəl planlar mütləq şəkildə strateji ekoloji qiymətləndirilmə sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi ilə bağlı müddəaları da nəzərdə tutmalıdır. Müzakirələrdən sonra dəyişikliklər Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olundu.

