“Azərbaycançılıq ideologiyası vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir”
Deputat Xocalı həqiqətlərinin dünyada tanıdılmasında azərbaycançılıq ideologiyasının təsirinin böyük olduğunu deyir
Azərbaycan xalqına qarşı ermənilərin və havadarlarının həyata keçirdiyi Xocalı soyqırımından 30 il keçdi. Ölkəmizdə və xaricdə Xocalı soyqırımının 30-cu ildönümü tədbirləri oldu. Dünya azərbaycanlıları Xocalı həqiqətlərinin tanıdılması üçün birlik nümayiş etdirdiyini bir daha ortaya qoydu.
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirdi ki, Xocalı həqiqətlərinin dünyada tanıdılması işində bütün azərbaycanlıları bir araya gətirən faktorlardan biri də azərbaycançılıq ideologiyasıdır:
“Hər bir dövlətin milli maraqlarının etibarlı qorunması, davamlı inkişafının təmini milli birliyə nail olunması və saxlanılmasından asılıdır. Azərbaycanda milli birliyin təməl prinsiplərindən biri Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyasıdır. Azərbaycan xalqını bu ideologiya birləşdirir. Bu birlik isə ölkəmizin bütün istiqamətlərdə güclənməsi, milli maraqlarının həyata keçirilməsi, Vətən müharibəsində qələbəmizdə ciddi amil olmaqla yanaşı, Xocalı soyqırımı kimi milli məsələmiz ətrafında bütün dünyadakı soydaşlarımızın, Azərbaycan vətəndaşlarının birləşib iş aparmasında öz sözünü deyir. Çünki dövrün ortaya çıxartdığı çətinliklərin və problemlərin həlli, eləcə də müstəqilliyin daha etibarlı şəkildə qorunmasının təmin edilməsi, milli dövlətçilik ənənələrinin bərqərar olması yalnız xalqın ideya birliyinin yaradılmasından asılıdır. Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək, o cümlədən xalqımızın başına gətirilən faciələrin dünyada tanıdılması üçün vasitədir. Ulu öndər Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. Xocalı soyqırımının anım tədbirləri Azərbaycan xalqının Prezidentindən, sıravi insanlarına qədər birləşib eyni hədəfə doğru yürüməsinin dünyaya növbəti nümayişi oldu. Milli məsələmizdə bir yerdə olduğumuzu dünya bir daha gördü. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq Azərbaycanda hər kəs Xocalı soyqırımını öz faciəsi sayır. Bu faciəyə dünyada ədalətli qiymət verilməsini istəyir və hərə öz imkanları çərçivəsində buna çalışır. Azərbaycançılıq ideologiyası da məhz bunu tələb edir”.

Deputat qeyd etdi ki, bu ideologiya onu təbliğ edir ki, dünyanın harasında olmasından, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətinin, dövlətçiliyinin güclənib qüdrətlənməsi, xalqımızın gələcək rifah halında yaşaması naminə çalışmalı, fəaliyyət göstərməli, əlindən gələni əsirgəməməlidir: “Azərbaycançılıq ideologiyasının bizi birləşdirən meyar olmasını əsas tutaraq, hər birimiz buna uyğun əməli fəaliyyət sərgiləməliyik. Yalnız milli birliyi, həmrəyliyi, azərbaycançılıq ideologiyasının ən böyük daşıyıcısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməyi təmin etməklə üzləşdiyimiz bütün çətinlikləri dəf edə bilirik. Bu, artıq sübuta yetirilmiş aksiomdur. Biz 44 günlük müharibə dönəmində də bunun şahidi olduq və gördük ki, birliyimiz qələbəmizi şərtləndirən amillərdən biri, bəlkə də birincisidir. Xalqımıza qarşı həyata keçirilən soyqırım hadisələrinin də dünyada tanıdılması, ədalətli qiymətinin alması üçün ilk növbədə hər birimiz azərbaycançı olmalı, azərbaycançılıq ideologiyasının prinsiplərini öz fəaliyyətimizdə rəhbər tutmalıyıq”.
Həmsöhbətimiz onu da dedi ki, hazırda dünyada gedən qloballaşma prosesində yalnız güclü olan xalq qələbə qazana, özünün milli, mənəvi, dini, tarixi ənənələrini qoruyub gələcək nəsillərə ötürə bilər: “Bu baxımdan qarşıda duran ən mühüm məsələ, eyni zamanda ən ali məqsəd qlobal inteqrasiya prosesində Azərbaycan xalqının dəyərlərini dünyaya lazımınca və layiqincə təqdim etmək, həmçinin bizə məxsus olan dəyərlərin yalnız mütərəqqi dünya dəyərləri ilə üzvi sintezinə nail olmaq hesab olunur ki, bizi birləşdirən bu dəyərlər də məhz azərbaycançılıq ideologiyasının əsasını təşkil etməlidir. Azərbaycançılıq ideyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir”.

