Azərbaycanda toxumçuluq sahəsində yeni tənzimləmə mexanizmləri tətbiq olunur, elit və orijinal toxum istehsalına isə özəl sektorun cəlb edilməsi nəzərdə tutulur.
Musavat.com xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Toxumçuluq haqqında” yeni qanun layihəsində əksini tapıb.
Belə ki, sənəd toxumçuluq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsini, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqini nəzərdə tutur. Layihədə toxumçuluq fəaliyyəti ilə bağlı yeni anlayışlar daxil edilir, mövcud anlayışlar isə dəqiqləşdirilir.
Qanun layihəsinə əsasən, toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırma prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, toxum müfəttişlərinin səlahiyyət və vəzifələrinin müəyyənləşdirilməsi, eləcə də toxumların emalı, utilizasiyası, məhv edilməsi, qablaşdırılması və etiketlənməsi qaydalarının dəqiq tənzimlənməsi nəzərdə tutulur.
Sənədin diqqətçəkən məqamlarından biri toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatının elektronlaşdırılmasıdır. Bu dəyişiklik sertifikatlı toxumlar, onların sortluq və səpin keyfiyyəti, bioloji və iqtisadi göstəriciləri barədə məlumatların daha operativ əldə olunmasına imkan yaradacaq.
Layihə həmçinin toxumçuluq sahəsinin iqtisadi əsaslarını da yeniləyir. Belə ki, hazırda yüksək nəsilli toxumların kvota əsasında istehsalı rəqabəti məhdudlaşdırır. Yeni yanaşmaya əsasən, orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi nəzərdə tutulur ki, bu da özəl seleksiya və ilkin toxumçuluğun inkişafına, həmçinin bazarda rəqabət mühitinin genişlənməsinə şərait yaradacaq.
Qanun layihəsində kənd təsərrüfatı bitki sortlarının toxumlarının kateqoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılması da əksini tapıb. Belə ki, toxumların orijinal, elit və sertifikatlı toxum kimi müəyyən edilməsi, sertifikatlaşdırılmış toxumların etiketində daha geniş məlumatların göstərilməsi və bəzi hallarda Dövlət Reyestrinə daxil edilməmiş bitki sortlarının toxumlarının təsərrüfat sınağı məqsədilə idxalına imkan verilməsi nəzərdə tutulur.
