Cəmiyyət 

Ağstafa: icra hakimiyyətinin başçısı şəhidin anasını və bacılarını gedib evlərində təbrik etdi…

ARANTV.AZ xəbər verir ki, Rayon icra hakimiyyətinin başçısı ilk dəfə deyil ki, bu evdə olur. Şəhid Adil Tatarovun evi artıq onun üçün müqəddəs bir ocağa çevrilib. Müxtəlif bayramlarda, tarixi günlərdə rayon rəhbəri mütləq bu ailəyə baş çəkir,  problemləri ilə maraqlanır. Bu dəfə də belə oldu. Məhərrəm Quliyev 8 mart günü rayonun Qıraq Kəsəmən kəndinə gəldi və birbaşa şəhidin evinə yollandı. O, Adil Tatarovun  anası Şükufə xanımı və bacılarını bayram münasibətilə təbrik etdi. Rayon rəhbəri görüşə tək getməmişdi. Hüquq- mühafizə orqanlarının  rəhbərləri, ağsaqqallar şurasının sədri, rayon qəzetinin redaktoru və başqaları da burada idilər.

Çay süfrəsi ətrafında keçən səmimi görüşdə icra hakimiyyətinin başçısı dedi ki, şəhid Adil Tatarovun ailəsi mənim öz doğma ailəmdir. Azad, suveren və sabit bir ölkədə yaşayırıqsa bu, Adil kimi şəhidlərimizin şücaəti hesabınadır. Adil bu gün aramızda olmasa da, qəlbimizdə əbədi yaşayır. Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların ailə üzvlərinə diqqət və qayğı göstərmək isə hər birimizin vətəndaşlıq borcu, müqəddəs vəzifəsidir.

Söhbət zamanı qeyd edildi ki, Ali Baş Komandanın rəhbərliyi altında tezliklə torpaqlarımız işğaldan azad olunacaq və şəhidlərimizin ruhu yalnız o zaman sakitlik tapacaqdır. Şəhidlərimizə Allahdan rəhmət diləndi və növbəti bayramlarımızı birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd olunacağı vurğulandı.

İcra hakimiyyətinin başçısı şəhidin anası Şukufə xanıma və qızlarına bayram hədiyyələri təqdim etdi və onlarla birgə xatirə şəkilləri çəkdirdi.

Daha çox xəbərlər