Gündəm 

Xocalı HƏFTƏSİ başladı – Azadlıqda gəzən erməni caniləri, 18 rus…

Bir neçə gündən sonra Azərbaycan xalqı Xocalı soyqırımının növbəti, 34-cü ildönümünü qeyd edəcək. Milli Qəhrəman Əlif Hacıyev daxil, bütün şəhidlərimiz rəhmətlə anılacaq.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bu ilki ildönümü əlamətdar edən bir məqam var. Söhbət Bakı Hərbi Məhkəməsinin erməni separatçı-xuntaçılara kəsdiyi ağır, eyni zamanda, layiqli cəzalardan gedir. Lakin əfsus ki, Xocalı soyqırımının əsas təşkilatçıları, Rusiyanın sadiq tulaları – Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan və digər cəlladlar hələ də azadlıqda gəzir.

Digər təəssüf doğuran məqam Xankəndidəki 366-cı Rusiya motoatıcı alayının qətliamda iştirak eləmiş hərbçilərinin cəzasız qalmasıdır.

Yeri gəlmişkən, bir neçə il əvvəl Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov demişdi ki, soyqırımda iştirakı tam sübuta yetirilənlərdən 18-i o vaxt 366-cı alayın zabit və gizirləridir.

Onların nə vaxtsa Azərbaycanın ədalət məhkəməsində mühakimə olunması mümkünmü? Dövlətimiz bu yöndə daha nələr edə bilər? Rusiya cinayətkar rusları bizə verərmi?

Hüquqşünas alim qızıl medalla təltif olundu

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Musavat.com-a açıqlamasında bildirib ki, Xocalıda törədilən soyqırım beynəlxalq cinayətdir. Beynəlxalq cinayətlərə görə, şəxslərin cəzasız qalması yolverilməzdir:

“366-cı motoatıcı alayın soyqırımda iştirak edən zabitlərinin adı bəllidirsə və onların bu cinayətdə birbaşa iştirakı sübuta yetirilibsə, əlbəttə, onlar cəzalanmalıdır. Beynəlxalq səviyyədə olan cinayətlərin iştirakçılarının işinə Beynəlxalq Cinayət Məhkəməsində (BCM) baxılır. Ancaq hazırkı durumda BCM-in Xocalı soyqırımının iştirakçılarını cəzalandırmaq imkanı yoxdur. Çünki Xocalı faciəsi Roma Statusu qəbul olunandan əvvəl baş verib. BCM-in nizamnaməsində də qeyd olunur ki, məhkəmə özünün yaranmasından əvvəl baş vermiş beynəlxalq cinayətlərə baxmır. Bu baxımdan Xocalı qatillərinin BCM-də mühakimə olunması mümkün deyil. Eyni zamanda, Azərbaycan hazırda Roma statusunun iştirakçısı deyil. Buna görə də məhkəmədə məsələyə baxılması mümkünsüzdür. Bunun üçün ayrıca “Nürnberq”, “Yuqoslaviya”, “Ruanda” və “Polşa” kimi bənzər tribunal yaradılmalıdır ki, məsələyə baxılıb araşdırılsın”.

Hüquqşünas deyir ki, Rusiyanın soyqırımda iştirak edən zabit və gizirləri Azərbaycana təhvil verməsi real görünmür:

“Robert Koçaryan və Serj Sarkisyan vaxtilə soyqırımında əsas rol oynadıqlarını aşıq şəkildə etiraf ediblər ki, bu hadisələri törətməkdə məqsədləri olub. Onların çıxışları bir sübutdur. Bəli, bu şəxslərin Azərbaycana verilməsi mümkün görünür. Nikol Paşinyan höküməti onları qəbul etmir”.

Ə. Allahverdiyev deyir ki, beynəlxalq cinayət törətmiş şəxsləri ya dövlət özü cəzalandırmalıdır, ya da qarşı tərəfə təhvil verməlidir:

“Bu halda hər iki erməni cinayətkarın Azərbaycana verilməsi real görünür. Çoxları düşünür ki, mümkünsüzdür. Ancaq keçmiş separatçı rejimdə fəaliyyət göstərənlər artıq Bakıda mühakimə olunublar”.

Şahanə Rəhimli,
Musavat.com

Daha çox xəbərlər