Cəmiyyət 

“Ağ ölüm”lə gələcəyini qaraltma!

Müasir dövrdə cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran, silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib.  Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Ən acınacaqlısı isə budur ki, “ağ ölüm” qurbanları gəncləşməyə doğru gedir.  Yolun sonunda dayanan faciəni isə təsəvvür etdikdə belə insanın tükləri biz-biz olur.

MÜTƏXƏSSİS: Sosial şəbəkələrdə narkotik vasitələrlə bağlı lazımsız məlumatları yaymaq və reklam etmək olmaz

Azərbaycan Tibb Universitetinin Psixiatriya  və narkologiya  kafedrasının  dosenti Araz Manucheri-lalei sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, narkomaniya ilə mübarizə üsulları dəyişilməlidir: “Narkotikdən asılılıqla mübarizədə profilaktik tədbir olaraq həmin maddələrdən  istifadənin qarşısını almaq  lazımdır, nəinki aludəçisi olduqdan sonra xilas yolları axtarmaq. Bu cür maddələrdən istifadənin, onun aludəçisi olmağın qarşısını almaqda isə təbliğat xüsusi rol oynayır. Lakin  indiki formada təbliğat yox,  bu tip təbliğat dəyişilməli,  başqa formada  olmalıdır.  Bu problemin həllinə yanaşma, keçmiş sovet vaxtından qalan üsullardan istifadə olunması doğru metod deyil. Təzəlikcə reabilitasiya mərkəzləri  yaranır. Lakin hələ bu mərkəzlərdə çalışan mütəxəssislərin yetərli təcrübəsi yoxdur. Onlar müxtəlif təlimlər keçməli, öyrənməlidirlər. Bununla yanaşı,  narkotik vasitələrdən asılılıqla mübarizədə uğurlu nəticə almaq istəyiriksə həm qanunvericilikdə, həm də təhsil sistemində dəyişikliklər olunmalıdır. Hüquq-mühafizə orqanlarının işi daha da təkmilləşdirilməlidir. Bununla yanaşı, müayinə və müalicə mərkəzləri ən müasir avadanlıqlar, zəruri cihazlarla təchiz olunmalıdır. Mövzu ilə bağlı istənilən təbliğat –təşviqat kampaniyasını mütəxəssislər aparmalıdır. Problemin həlli ilə bağlı ən xırda detaldan ən böyük detala qədər hər bir nüans onlarla razılaşdırılmalıdır. Narkotik vasitələrdən istifadənin qarşısını almaq üçün aparılan təbliğat elə qurulmalıdır ki, insanlar bunu anlasınlar ki,  narkotik vasitələrdən istifadə edərlərsə ziyanı necə və hansı formada olacaq. ”

SOSİOLOQ: Biz bu problemlin həllinə müasir cəmiyyətin  tələbləri ilə yanaşmırıq

Sosioloq Əhməd Qəşəmoğlu “İki sahil” açıqlamasında bildirdi ki, əgər bu problemi həll etmək istəyiriksə, birinci növbədə çalışmalıyıq ki, əhalinin məşğulluq səviyyəsini yüksəldək: “Yəni, bu sosioloqun, jurnalistin edə biləcəyi iş deyil.  Sosioloqun çağırışı, tövsiyəsi, jurnalistin gecə-gündüz bu haqda yazılar yazması ilə  tutarlı müsbət nəticə əldə edə bilməyəcəyik. Çünki  cəmiyyətin öz inkişaf qanunları var. Burada həm fərddən,  həm də cəmiyyətdəki məsul qurumlardan çox şey asılıdır. ”

Həmsöhbətimiz vurğuladı ki, iyirmi-otuz il bundan əvvəlki dövrlə müqayisədə indiki cəmiyyət qat-qat həssas və mürəkkəbdir. Burada tamamilə başqa metodlar tələb olunur. Amma biz ötən dövlərin metodları ilə mübarizə aparmaq istəyirik. Bu istiqamətdə çox ciddi boşluq var. Bu boşluq üçün ciddi işlər görülməlidir.Ölkədə çox ciddi sosial texnologiyalar həyata keçirilməlidir. Bunun üçün humanitar, sosial  və təhsillə bağlı siyasətimizdə bunları nəzərə alaraq ciddi dəyişikliklər etməliyik. Yekunda ortada çox ciddi fəaliyyət proqramımız, yol xəritəmiz olacaq.

Sosial problemlərin həlli üçün sosial işçilərdən istifadə edən yoxdur

Ə.Qəşəmoğlu əlavə etdi ki, narkomaniya ilə mübarizə sosial problemdir: “Sosioloji nöqteyi-nəzərdən məsələ həllolunandır.  Bu problemin həllində doğru nəticə əldə etmək üçün elmi metodların köməyindən ciddi şəkildə bəhrələnməli həmçinin sosial işlər görməliyik. Biz bununla bağlı “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrə kifayət qədər çoxlu metodlar öyrədirik. Amma təəssüflər olsun ki, bu kimi sosial problemlərin həlli üçün sosial işçilərdən istifadə edən yoxdur. Məsələn, hər məhəllənin sosial işçiləri olmalıdır. Sosial işçilər ərazidə yaşayan ailələrlə ünsiyyətdə olacaq, hadisələrdən xəbərdar olacaq, nə baş verir görəcəklər. Eyni zamanda, orta məktəblərdə sosial iş xidmətləri olmalıdır.”

NARKOLOQ: Gənclər  arasında narkotik qəbuledicilərinin  sayının artmasını müşahidə edirik

Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, həkim-narkoloq  Zamin Əliyev mövzu ilə bağlı qəzetimizə açıqlamasında vurğuladı ki, təəssüflər olsun ki, son dövrlərdə bir çox dünya dövlətərində olduğu kimi, ölkəmizdə də narkotik maddə qəbul edicilərinin sayında artım var: “Əfsuslar olsun ki, Mərkəzə müraciət edən xəstələr arasında 14-18 yaşında narkotik asılılığı olan şəxslər də var. Buna səbəb  son illərdə internet üzərində narkodillerlər tərəfindən  bir sıra sosial şəbəkələrdə, müxtəlif saytlarda  dırnaq arası narkotiklərin müsbət təbliğatı və internet üzərində narkotik maddələrin satışının əlçatan olmasıdır.”

Mütəxəssisin sözlərinə görə, Mərkəzə müraciət edən xəstələrin anamnez məlumatlarına nəzər saldıqda görürük ki, onların narkotikdən asılı hala düşməsinin başlıca səbəbi həmin maddələrin törətdiyi fəsadlar, yaratdığı problemlər  haqqında məlumatlarının olmamasıdır. Bu baxımdan narkomaniya ilə mübarizədə həyata keçirilməli olan zəruri tədbir cəmiyyətin, xüsusilə də gənclərin narkotik maddələrin ziyanlı təsirləri haqqında məlumatlandırılması və davamlı şəkildə maarifləndirilməsidir.

Mütəxəssis: Bu, uzun yoldur, ağır müalicədir, lakin sağalmaq mümkündür

Sözügedən məsələ ilə bağlı təəssüf doğuran digər məqam isə ondan ibarətdir ki, bəzən narkotik aludəçiləri müalicə olunmaqdan ya  çəkinir, ya da sağalacaqlarına ümid etmirlər. Müsahibimiz bununla bağlı qeyd etdi ki,  narkotik maddədən  asılı şəxs müalicə almaq, bu bəladan canını qurtarmaq məqsədilə  bir sıra  müalicə müəssisələrinə üz tutduqda yanlış fikirlərlə rastlaşırlar. Guya ki, narkomaniyadan sağalmaq, qurtulmaq mümkün deyil. Bu, müalicə olunmayan xəstəlikdir,  müalicə olunmağın da heç bir faydası yoxdur. Bunlar tamamilə yanlış fikirlərdir.  Bu xəstəlikdən müalicə almış və uzun illərdir narkotik maddə  qəbul etməyən kifayət qədər  şəxslər var. Doğrudur, uzun müddət həkim nəzarətindən sonra  narkotik maddə qəbul edən şəxs psixoloq qəbulundan və bir sıra reabilitasiya proqramlarından keçməlidir.

Həmsöhbətimizin bildirdi ki, narkotik maddəni artıq qəbul etdikdən sonra şəxs öz iradəsini, şəxsiyyətini ,dəyərlərini itirməyə doğru gedir. Bu isə bir insanın məhvidir. Ayıq  həyat davam etdirmək, onu ayıq yaşamaq ən gözəl seçimdir.

PSİXOLOQ: Əgər insan pis vərdişə yiyələnirsə, bunun kökündə duran başlıca səbəb ona göstərilən sevgisizlik və diqqətsizlikdir

“Dərya” Tədris və Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova narkotik vasitələrə meyilin artmasının səbəblərindən birinin sosial şəbəkələr olmasını diqqətə çatdırdı: “Sanki sosial şəbəkələrdə narkotik vasitələr təbliğ olunur. İstifadəçilər tərəfindən bununla bağlı müxtəlif videolar, mahnılar paylaşılır. Bununla da insanlarda maraq yaratmış olurlar.  Nəzərə alsaq ki, hazırda sosial şəbəkə istifadəçiləri arasında əhəmiyyətli sayda azyaşlı, yeniyetmə və gənclər var, o zaman problem daha da mürəkkəbləşir. Digər tərəfdən, narkotik aludəçiləri haqqında hazırlanan bəzi reportajlarda ciddi səhvlərə yol verilir. Narkotikin yaratdığı problemlər, törətdiyi fəsadlar, məhv etdiyi ömür qalır bir kənarda, daha çox verdiyi həzzdən danışılır. Çünki suallar məhz bu məzmunda olur. Nəzarət etmək lazımdır ki, bu  tip reportajlar yayımlanmasın, yayılmasın.“

Psixoloq vurğuladı ki, insanların, xüsusilə də azyaşlıların narkotik vasitələrə meyil etməsinin əsas səbəbi sevgisizlik, ailədaxili problemlər,  insanın aşağı yaşda özünü daha yüksəkdə görməsi, bəzən hər hansı əziyyətə qatlaşa bilməməsidir: “İnsan bu cür zərərli vasitələrdən o zaman istifadə etməyə başlayır ki, o həyatdan küsür, həzz ala bilmir, motivasiyası düşür,  buna görə də bu cür zərərli maddələrdə həzz, “yaşamaq üçün səbəb” axtarırlar.”

G.Orucova bildirdi ki, valideynlər övladlarını sevməli, diqqət və dəyərdən kənarda qoymamalıdırlar: “Yəni, övladımıza yetəri qədər sevildiyini hiss etdirsək, o, həmin sevgidən və qayğıdan həzz alarsa, narkotik maddələrin həzzinin arxasınca getməyəcək.

Həmsöhbətimiz onu diqqətə çatdırdı ki, orta məktəblərdə psixoloqlar “Narkomaniya, alkoqolizmlə mübarizə”, “Qadın və cəmiyyət”, “qadına şiddətə yox deyək” kimi mövzularda seminarlar aparmalıdır.

Daha çox xəbərlər