Endirim yoxsa, “canını qurtarmaq”?
Hamımız bilirik ki, paytaxtın bir çox market və mağazalarında müəyyən xüsusi günlərdə məhsulların bir çoxuna endirim kampaniyaları tətbiq olunaraq satılır. Bayram günlərində insanların alış-veriş üçün imkanlarının çoxalması mağazaların müxtəlif kampaniyalarla müştəriləri cəlb etməsi üçün fürsətə çevrilir. Bayramlarda tətil olur, insanlar evdə olurlar, vaxtlarının bir çox hissəsini alış-verişlə dəyərləndirə bilirlər. Buna görə də müəssisələr çalışırlar ki, kampaniyalar keçirsinlər, rəqabətdə də üstünlük əldə etsinlər, həmin gün onlardan daha çox alış-veriş olunsun Çünki həm də müəssisə sahiblərinin bir çoxu endirimin satışları artırmaq üçün ən etibarlı və ən yaxşı üsul olduğunu düşünürlər.
Lakin bəzən marketlər bunu ya artıq satılmayan məhsullarını satmaq, ya da son istifadə müddətinin bitməsinə az qalmış və keyfiyyətini itirmiş mallarını əldən çıxarma üçün edirlər.Belə ki, hansısa məhsul guya kampaniyada olduğu üçün ucuz qiymətə təklif olunur və ya həmin məhsulu alana əlavə olaraq nəsə hədiyyə edilir. Ancaq sonra bəlli olur ki, əslində kampaniyada olan məhsulların istifadə müddəti bitdiyi üçün onlar endirimli qiymətə və ya üstündə hədiyyə ilə satılır. Çox vaxt isə endirimli və ya hədiyyəlik üçün nəzərdə tutulmuş məhsullar adətən çox istifadə edilməyən və ya alıcılar üçün inamını itirmiş mallar olur.
Məhsulun qiymətinin suni şəkildə artırıldıqdan sonra endirimli qiymətlə təqdim edilməsinə qaldıqda isə bu, müştəri haqlarının pozulması deməkdir.

Qida Təhülkəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, bütün dünyada bütün zamanlarda biznes qurumunun əsas məqsədi istehlakçılardan daha çox gəlir əldə etmək üzərində qurulub. Hətta bütün dünyada keçirilən və böyük endirim kampaniyalarının baş tutduğu “qara cümə” adlandırdıqları xüsusi gün də bunlardan biridir. Bütün bunlar istehlakçını aldatmaq üçün düşünülmüş üsullardan biridir: “Bütün bunlar istehlakçını acgöz istehlakçıya çevirib daha çox qazanc əldə etmək məqsədi güdür.
O cümlədən ölkəmizdə və digər ölkələrdə olan endirim kampaniyaları da bu üsullardan biridir. Sadəcə olaraq satışı artırmaqla yenə də qazanc əldə etmək istəyidir. Bu yalnız və yalnız biznesin istəklərinə xidmət edir. Məsələn, biz mağaza qapılarında 50, 70% faiz endirim yazılarını görürük. Bu istehlakçını qapıdan içəri salmaq üçün bir tələdir. Elə Azad İstehlakçılar birliyinə daxil olan şikayətlərin çoxu bu yöndədir ki, istehlaçı içəri girəndən sonra başqa bir mənzərə ilə rastlaşır. Hansısa bir məhsulu seçdikdə endirimin ona aid olmadığını deyirlər və yaxud istehlakçı malı qaytarmaq istədikdə endirimdə satıldığı üçün qaytarıla bilməz kimi cavablar alırlar ki, bütün bunlar qanuna zidd hallardır.”
Həmsöhbətimiz dönə-dönə vurğulayıb ki, bayram günləri daxil olmaqla keçirilən bütün endirim kampaniyaları sadəcə istehlakçıları cəlb etmək üçündür: “Endirimlərin səbəbi bəzi malların satılmaması, mağazanın bağlanmağa hazırlanması da ola bilər. Bu zaman isə məqsəd müəssisənin maldan “canını qurtarmasını” istəməsi ola bilər. Məsəlçün həmin malı satıb hansısa bir yerə investisiya qoymaq üçün təcili satmağa çalşır.
Əsas ərzaq malları sektoruna qayıtsaq, endirim kampaniyalarında satılan ərzaq malları, əlbəttə, əksər hallarda istehlakçının tələbatını ödəməyən mal olur və bəzən belə malların yararlılıq müddətinin hələ qalmasına baxmayaraq elə bir anbarda saxlanılır ki, artıq o keyfiyyətini itirmiş olur. Belə halda istehsalçı və ya anbar sahibi bilir ki, artıq mal keyfiyyətini itirib, istehlakçı şikayəti olur və s. Onda belə mallardan can qurtarmaq üçün də endirim kampaniyaları həyata keçirilə bilər. Belə hallar istehlakçını tələyə salan amillərdən biridir. İstehlakçının endirim kampaniyasından aldığı malı 14 gün müddətində əgər tələbatını ödəmirsə, dəyişmək və ya qaytar hüququ var. İstehlakçılar bunu bilməlidirlər.”

