Region Xəbərləri 

Dövlət qadın siyasətinin uğurla davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan başlanğıclar dövlət siyasətinin bütün istiqamətlərində uğurla davam etdirilməkdədir. Ölkəmizdə öz uğurlu nəticələrini verən dövlət qadın siyasətinin bünövrəsi məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan qadınının həyatda və karyerada qazandığı uğurlarının, möhkəmlənmiş mövqeyinin, çoxşaxəli səmərəli fəaliyyətinin səbəbkarı və mənbəyi Ulu Öndər Heydər Əliyevin düşünülmüş, uzaqgörən siyasətidir.

Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.

Bizlər üçün böyük xoşbəxtlik və şanslılıqdır ki, bu gün ölkəmizin idarəsi Ümummilli Lider Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyevin ixtiyarındadır. Bu gün biz Azərbaycan qadınları xoşbəxtik ki, bizim hüquqlarımızı müdafiə edən, bütün demokratik azadlıqlarımızı təmin edən, qayğımıza qalan, sevincimizə sevinib, kədərimizə kədərlənən Prezidentimiz var. Humanizm, mərhəmət müccəsiməsi olan, hər bir Azərbaycan vətəndaşına xüsusi qayğı və səmimiyyəylə yanaşan, hər birimizin sevimlisi Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi Azərbaycan qadınının tarixi uğuru və Azərbaycan qadınına verilən yüksək dəyərin nəticəsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Dövlət qadın siyasətinin uğurla davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Tarixən Azərbaycan qadını daşıdığı bütün adların ağırlığını və məsuliyyətini öz zərif çiyinlərində layiqincə daşımağı bacarıb. Bu gün xanımlarımız ən müxtəlif sahələrdə fəal şəkildə təmsil olunur. Bu gün Azərbaycan qadını həkimdir, müəllimdir, məmurdur, hərbçidir, evdar xanımdır. Bu gün Azərbaycan qadını müqəddəs bir adı – şəhid anası adını fəxrlə və qürurla daşıyır.

44 günlük Vətən müharibəsi tariximizə şanlı qəhrəmanlıq salnaməsi olaraq yazıldı. Bu salnaməni yazan, xalqımıza sonsuz Zəfər sevinci bəxş edən qəhrəman oğulları böyüdən, tərbiyə edən yenilməz Azərbaycan anasıdır. Belə fədakar analar qarşısında baş əyirik.

Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Respublikamızın digər bölgələrində olduğu kimi, rayonumuzda da qadınlar müxtəlif sahələrdə fəal təmsil olunub. Hazırda Füzuli rayonunda dövlət qulluğunda, təhsil sahəsində, mədəniyyət və səhiyyə sahələrində çalışanların böyük əksəriyyətini qadınlar təşkil edir.

Bütün dünyada olduğu kimi 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir. Bütün bunlar da ölkə başçımız cənab İlham əliyevin biz qadınlara olan diqqət və qayğısının nəticəsidir.

Mən də öz növbəmdə başda Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm, xanımlarımıza xoşbəxtlik, firəvanlıq, sevinc dolu həyat arzulayıram!

Ramella Məmmədova

Füzuli RTŞ-nin müdiri

Daha çox xəbərlər