Region Xəbərləri 

YAP hər zaman ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edir

“Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Olduqca mürəkkəb siyasi vəziyyətdə yaranan, xalqın etimad və istəklərini doğruldan, 30 ilə yaxın şərəfli bir yol keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilmiş və möhtəşəm nailiyyətlərə imza atmışdir. Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların mənbəyində məhz YAP dayanmış, Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Bu yolda Ulu Öndər Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirən əsas amilə çevrildi.

Heydər Əliyev məfkurəsinin məhsulu olan YAP dünənin, bu günün və sabahın aktuallığını özündə cəmləməyi bacarmış, ölkəmizi tərəqqiyə və zəfərə doğru mətin addımlarla aparmışdır. Çünki Azərbaycanın ən ağır problemlərini çiyinlərində daşıyan, azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən YAP hər zaman üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Yeni Azərbaycan Partiyası yarandığı gündən bütün məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, azərbaycançılıq, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində durmuşdur. Ölkəmizin tarixinin ən ağır sınaq zamanında yaranan Yeni Azərbaycan Partiyası dövlətçiliyin qorunması, ölkədə sabitliyin bərqərar olması, demokratik dəyərlərə üstünlük verilməsi prosesini nizamlayan real siyasi qüvvə kimi özünü təsdiq edə bilmişdir. Bunun ən bariz nümunəsi kimi onun sıralarında minlərlə həmfikir insanların bir yerdə cəmləşməsini və ölkəmizin uğurlu inkişafna əvəzsiz töhfələr verməsini qürurla qeyd etmək olar. Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapmasında və siyasi sistemin daha da demokratikləşməsində onların gərəkli və səmərəli fəaliyyətlərini xüsusi vurğulamaq lazımdır. Bu insanlar sabit cəmiyyətin formalaşmasında və dövlətin idarə olunmasında birbaşa iştirak edirlər və ölkəmizin möhtəşəm uğurlarına əhəmiyyətli töhfələr verirlər. Sıraları kəmiyyət və keyfiyyətcə yenilənən partiyamız bu fədakar insanların səmimi və gərgin əməyi sayəsində ölkəmizin daha da qüdrətlənməsi işinə xidmət etməkdədirlər.

Bu gün Azərbaycanın bütün uğurlarında YAP-ın böyük rolu var. Partiyanın prezident, parlament, bələdiyyə kimi seçkilərdə qazanılan bütün qələbələri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan etibar və güvəninin bariz nümunəsidir. Xalq öz liderinə inanır və liderin də xalqa olan inamı günü-gündən artır.

Sevindirici haldır ki, xalqımızın və Yeni Azərbaycan Partiyasının əbədi lideri olan Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan etibarlı əllərdədir. Ulu öndərin müstəqil, dinamik inkişafının əsasını qoyduğu ölkəmizi Prezident İlham Əliyev inamla, qətiyyətlə irəliyə aparır və özünün gərgin, məhsuldar fəaliyyəti ilə dövlətçiliyimizə, müstəqilliyimizə, ölkəmizin sosial-iqtisadi tərəqqisinə şərəflə xidmət edir.

Aparılan uğurlu siyasət sayəsində Azərbaycanın “regionun lider ölkəsi” statusu təsdiqləndi. İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Azərbaycan hökuməti tərəfindən aparılan effektiv enerji və nəqliyyat siyasəti, habelə humanitar layihələr regionun inkişafına xidmət edir və tərəfdaş ölkələrin sayını durmadan artırır. Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi və bütün nailiyyətləri ölkəmiz daxili imkanlar hesabına əldə edib. Ölkəmizə gələn investisiyalar dayanmadan artır.

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir.

​Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıcıllıqla icra edir.

YAP ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. Təsadüfi deyildir ki, vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

Vətən müharibəsi zamanı Füzuli rayonundan olan gənclər də əsil vətənpərvərlik və qəhrəmanlıq nümayiş etdirdilər. Bu gənclərin sıralarında partiyamızın üzvləri olan fəal gənclərimiz xüsusilə üstünlük təşkil edirdi. Vətən müharibəsi nəticəsində qazanılmış Zəfər biz füzulilərin 30 ilə yaxın davam edən torpaq həsrətimizə son qoydu. Doğma Füzuli şəhəri və işğal altında qalmış kəndlərimiz düşməndən azad olundu. Tariximizin son rübündə formalaşmış Azərbaycan gəncliyi şanlı qəhrəmanlıq səhifəsi yazdı. Amma heç bir Zəfər itkisiz, qurbansız qazanılmır. Vətən müharibəsində rayonumuz 78 şəhid verdi, yüzlərlə füzulili gənc sağlamlığını itirdi. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirik.

Hər zaman rayonumuzun ictimai-siyasi həyatında fəal rol oynayan YAP Füzuli rayon təşkilatı Vətən müharibəsi zamanı da xüsusi fədakarlıq nümayiş etdirmişdir. Sıralarında 7 minə yaxın üzvü birləşdirən YAP Füzuli rayon təşkilatı ölkə başçımızın və ordumuzun ətrafında vahid qüvvə olaraq birləşməyimizdə əhəmiyyətli rol oynamışdır.

Əminik ki, bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamızın uğurları bol, sıralarımız sıx, birliyimiz əbədi olacaqdır.

Gülbahar ​Eyvazova, 

Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Daha çox xəbərlər