Naxçıvanda Novruz yarmarkaları açılacaq
Martın 14-dən 20-dək Naxçıvan şəhərinin Xətai küçəsində yerləşən Mərkəzi bazarda və muxtar respublikanın rayon mərkəzlərində ailə təsərrüfatı, sənaye və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcək.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarmarkaların keçirilməsində məqsəd həm əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, həm də süni qiymət artımının qarşısının alınmasıdır.
Hər gün səhər saat 8-dən başlayacaq yarmarkada alıcılar ekoloji təmiz, təbii və keyfiyyətli meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, ət və süd məhsulları, bal və digər məhsulları ala biləcəklər.
Yarmarkada muxtar respublikanın bütün bölgələrindən ailə təsərrüfatlarının istehsalı olan müxtəlif çeşiddə məhsullar bazar qiymətlərindən daha sərfəli qiymətlərlə alıcılara təklif ediləcək. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə aidiyyəti qurumlar tərəfindən nəzarət olunacaq.

