Gündəm 

Baharın gəlişi ilə təbiətin oyanışını müjdəliyən Novruz bayramının tarixi xalqımız qədər qədimdir

Hər bir xalqda bir sıra gözəl ənənələr olur ki, onlardan biri də bayramlar və onlarla bağlı olan mərasimlərdir. Hansı hadisə ilə bağlı olmasından, məqsədindən asılı olmayaraq, bütün bayramlar üçün ümumi olan bir xüsusiyyət vardır: insanlarda həyat həvəsi, sevinc hissləri yaratmaq. Belə günlərdə insanlar gündəlik məişət qayğılarından azad olaraq, qısa müddətə olsa da, kədər və iztirabı özlərindən uzaqlaşdırır, həyatın mənalı davamı üçün stimullar tapırlar.

Novruz bayramı Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərləri arasında, həmçinin çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutur. Azərbaycanda bu bayram çox qədim zamanlardan əsl milli bayram kimi qeyd olunur.  Novruzun milli taleyimizdəki yerini, milli dirçəlişimizdəki rolunu dəyərləndirən Ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”. Ümumilli lider Heydər Əliyevin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri, bayram şənliklərində iştirakı Novruz tədbirlərini daha da şənləndirir, insanların sevincinə səbəb olurdu.
Bu ənənələri davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də mədəni irsimizə və milli-mənəvi dəyərlərimizə diqqətlə, böyük ehtiramla yanaşır. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-maddı mədəni irs siyahısına daxil edilmiş, BMT Baş məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.

Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, ağacların, gül-çiçəklərin tumur­cuqlarında gəlir yurdumuzun Novruzu, yurdumuzun baharı.Ana torpağa nəfəs gəlir, yerin donu açılır, ağaclar bahar suyu içir, təbiət qış yuxusundan oyanır.Novruz xalqımızın qədimdən sevə-sevə yaşatdığı, gəlişini həsrətlə gözlədiyi ən qədim milli bayramdır. “Novruz” hərfi mənada yeni gün deməkdir. Novruzu Şərq xalqlarının əksəriyyəti qeyd etsələr də, bu bayramın Azərbaycandakı qədər böyük təntənə ilə qeyd olunduğu başqa bir ölkənin adını çəkmək çətindir. Azərbaycan  Novruz bir qayda olaraq təbiətlə, onun yaz fəsili ilə bağlıdır ki, bu da hər bir adamın həyatında çox mühüm rol oynayan hadisələrdir. Bununla yanaşı Novruz bayramı kollektiv yaddaşda reallaşaraq, xalqımıza öz qədim ənənələrini qoruyub saxlamağa, tarixi zamanın dayanmaz axınını müəyyən qədər ləngidərək, əcdadların dövrünü, həyatını xatırlamağa imkan verir. Hal-hazırda xalqımızın qeyd etdiyi bayramlardan heç birini Novruzla müqayisə etmək mümkün deyildir.

Xalqımız yazın gəlişini ilaxır çərşənbələrindən Novruz axşamınadək müxtəlif şənlik və mərasimlərlə qarşılayır. Təbiətin canlanması ilə başlayan hər yeni ilin firavanlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsini arzulayır. Novruz bayramı həm də xalqımızın gələcəyə olan inam hissini, ürək açıqlığını, qonaqpərvərliyini, mehribançılıq və dostluq duyğularını ifadə edir. Novruz bayramında insanın fikri, əməli və istəyi təzələnir, ürəklərdə səmimi insani hisslər, saf duyğular, nəcib arzular oyanır. Dünya haqqında ilkin təsəvvürlərlə bağlı olan Novruz bayramı eləcə də mənəvi gözəlliyi, mərhəməti və xeyirxahlığı özündə təcəssüm etdirir.

Tarix boyu heç bir qüvvə Novruz bayramını xalqımızın əlindən almağa, onu insanlarımızın qəlbindən, yaddaşından çıxarmağa nail ola bilməmişdir. Qədirbilən böyük xalqımız Novruz bayramı ilə bağlı adət-ənənələri çətinliklər yaşasalar belə, göz-bəbəyi kimi qorumuş və onları yaşadaraq bugünümüzə çatdırmışdır. Bu gözəl Bahar bayramı –Novruz münasibətilə 50 milyonluq Azərbaycan xalqının hər birini səmimi qəlbdən təbrik edirəm, azərbaycanlı olduğumla fəxr edirəm, milli mənsubiyyətimlə qurur duyuram, həmrəyliyimi ifadə edirəm. Novruz həm də birliyin, həmrəyliyin simvoludur. Dahi şəxsiyyət, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Dünya azərbaycanlılarının birinci qurultayındakı dərin mənalı sözlərilə bitirirəm: “Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy, çırağımız sönməsin!”.

Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Daha çox xəbərlər