Gündəm 

Mədəni irsi dağıdan kimlərdir: 30 il işğala məruz qalan azərbaycanlılar, yoxsa vandal ermənilər?

Avropa Parlamentinin saxta kağız parçası Azərbaycanın haqq işinə kölgə salmaq iqtidarında deyil

Azərbaycanın Ermənistan üzərindəki tarixi Zəfərini həzm edə bilməyən, hər zaman daxillərindəki erməni sevgisini və siyasi riyakarlığını üzə çıxarmağa fürsət axtaran Avropa Parlamenti (AP) və onun alt strukturları Azərbaycana qarşı yalan məlumatları yoxlamağa nəinki səy göstərir, hətta canfəşanlıqla Avropa ictimaiyyətini bu yalanlara inandırmağa çalışırlar, Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirlər tirajlayırlar.

Bildiyimiz kimi, Vətən müharibəsindən az sonra AP Azərbaycan və Türkiyəni ittiham edən qərəzli qətnamə qəbul etmişdi. Həmin kağız parçasında Azərbaycanın savaşın getdiyi günlərdə guya Suriyadan olan muzdluların yardımından yararlandığı qeyd edilir, bununla bərabər, müharibədən sonra ordumuz tərəfindən zərərsizləşdirilən erməni diversantlarının qeyd-şərtsiz azad edilməsi tələbi irəli sürülürdü. Amma tarixi faktlar hər şeyi üzə çıxardı. Bu il martın 10-da isə “ənənəsinə” sadiq Avropa Parlamenti “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi” barədə qəbul etdiyi qətnamə  ilə bir daha Azərbaycana qarşı növbəti riyakarlığını, qərəzli mövqeyini nümayiş etdirmiş oldu. Qurumun qəbul etdiyi qətnamədə qeyd edilir ki, guya Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı iddia olunur.  Avropa Parlamentinin bu qərarına ATƏT-in Polşadakı nümayəndəliyi də münasibət bildirib. Qurum açıqlamasında Avropa Parlamentinin qəbul etdiyi bu qətnaməni dəstəklədiyini və erməni tarixi və mədəni abidələrinin mühafizəsinin ATƏT-in Daimi Şurasının gündəliyinə daxil edildiyini bildirib.

Dünyanın, o cümlədən yeri gəldi, gəlmədi demokratik dəyərlərdən və insan haqlarından söz açan Avropanın gözü qarşısında xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etdilər, dinc əhali amansızcasına qətlə yetirildi, Xocalıda bəşəri tarixin ən qanlı hadisələrindən biri törədildi, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal zamanı həmin ərazilərdə nəinki Azərbaycana məxsus məscidlər, dini, tarixi, mədəni abidələr məhv edildi, hətta iş o yerə çatdı ki, hər şeyi məhv etdikdən sonra təbiətə ziyan vurmağa, ekologiyanı korlamağa əl atdılar. İşğal dövründə Qarabağ və ətrafdakı 7 rayonun ərazisində Azərbaycanın 400-dən artıq tarixi-dini abidəsi məhv edilib. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənistanın dağıtdığı qəbiristanlıqların sayı 900-dan çoxdur. İnsanlar o torpaqlara qayıdarkən təkcə qoyub getdikləri evlərini yox, həm də doğmalarının məzarlarını da tapmadılar.  Ermənilər müsəlmanları təhqir etmək üçün məscidlərdə donuz, inək saxlayırdılar. Bunu təsdiq edən çoxsaylı foto və videolar da mövcuddur.

Deyilənləri görmək üçün sadəcə işğaldan azad olunmuş ərazilərə səfər etmək kifayətdir. Hansı ki, bütün xarici jurnalistlər və diplomatlar üçün bu şərait yaradılıb və dəfələrlə səfərlər təşkil olunub. Səfər edən əcnəbilər Qarabağın müxtəlif rayonlarında Azərbaycan mədəniyyətinin, tarixi abidələrinin necə dağıdıldığını, Qarabağda  ekosid törədildiyini, daşdan başqa heç nəyi qalmayan ərazilərimizdəki mənzərəni görüb təəccüblərini gizlədə bilməyiblər. Əcnəbi qonaqlar, jurnalistlər, eyni zamanda qəsbkarın bu torpaqları başdan-başa minalayaraq “barıt çəlləyinə” çevirməsini də görüblər. Yüzlərlə əcnəbi jurnalist, bloqçular işğaldan azad olunmuş ərazilərimizdə dağıdılan mədəni-dini abidələrdən reportajlar hazırlayıb dünyaya təqdim ediblər. Bu faktları Avropa Parlamentinin bütün üzvləri də görüb və izləyiblər.

Bəs niyə Avropa Parlamenti fakt və sübut olmadığı halda “erməni mədəni irisinin məhv edilməsi”ndən bu qədər narahatdır, özü də Azərbaycan ərazisində, amma erməni vəhşiliyi ortada ola-ola bununla bağlı susur Məgər görmürlərmi ki, vaxtilə böyük şəhərlər olmuş Ağdamda, Füzulidə, Cəbrayılda, ümumiyyətlə, canlı aləmin yaşaması üçün hər şey yox edilib? Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə, Ermənistan məsuliyyət daşıyır. Digər məsuliyyət isə əlbəttə, bu vandalizmi ört-basdır edən, həqiqəti olduğu kimi deməyən, dünya ictimaiyyətini aldatmağa çalı­şan riyakar beynəlxalq təşkilatların, ilk növbədə, Avropa Parlamentinin üzərinə düşür. Görünür, Avropa Parlamentinin rəhbərliyi Ermənistanın xalqı­mıza məxsus abidələri dağıtmasının “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası , “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqın­da” UNESCO-nun 1972-ci il Konvensi­yasının tələblərinə zidd olduğunu hələ də dərk etmir. Guya Avopa Parlamenti bütün bunlardan xəbərsizdir. Bunları görməmək və eşitməməyin bir adı var: siyasi korluq və riyakarlıq.

Avropa Parlamenti də daxil bütün beynəlxalq qurumlara, ölkələrə Azərbaycan dövlətinin və xalqının tolerant və multikultural dəyərlərə daim sadiqlik nümayiş etdirdiyi, res­publikamızda dilindən, dinindən asılı olmayaraq bütün xalqlara, mədəniyyət və sivilizasiyalara məxsus hər bir abidənin həssaslıqla qorun­duğu, həmin abidələrin zəngin tariximizin bir hissəsi kimi gələcək nəsillərə çatdırılmasına böyük diqqət göstərildiyi yaxşı məlumdur. Ermənilərin bu vəhşi əməllərinə baxmayaraq, Azərbaycan heç za­man din davası gerçəkləşdirməyib. Ölkəmizin ərazisində bütün dinlərə məxsus olan abidələr dövlət səviyyəsində qorunub, məscidlərlə yanaşı, sineqoqlar tikilib, yeni kilsələr inşa edilib. Hətta Bakı şəhərinin mərkəzində erməni kilsəsi dövlət tərəfindən qorunan abidələr siyahı­sına salınıb. Düşmən isə, əksinə, İslam mədəniyyətinin incisi olan məbədləri dağıdıb, regionda dini müharibə məsələsini qızışdırmağa və bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə cəhd göstərib.

Bəs belə olan təqdirdə Avropa Palamentini bu cür həqiqətdən uzaq, haqsız-ədalətsiz qətnamə qəbul etməsinə vadar edən nədir? Suala sualla cavab vermək lazım gəlir. Belə ki, son 30 il ərzində 20 faizdən çox ərazimiz işğal altında saxlanılanda dünya birliyinin bu ədalətsizliyə susması məsələyə ikili standartlarla yanaşması ilə bağlı idi. İşğal dövründə Azərbaycanın şəhər və kəndlərinin yer üzündən silinməsi, maddi-mədəniyyət abidələrinin dağıdılması, təhqir edilməsi, təbii sərvətlərimizin talan olunması beynəlxalq ictimaiyyəti, habelə bu münaqişənin nizamlanmasına məsul dövlətləri niyə narahat etmirdi?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bütün beynəlxalq təşkilatları işğaldan azad olunan ərazilərə gəlməyə, Qarabağ və Şərqi Zəngəzurda fakta­raşdırma missiyalarında iştirak etməyə səsləyib. Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı çıxışların­da, jurnalistlərə müsahibələrində 30 illik işğal ərzində Qarabağda Azərbaycanın bütün mədəniyyəti, tarixi və dini irsinin məhv edildiyini, çoxsayda dinc sakinlərimizin qətlə yetirildiyini, indi üzə çıxan kütləvi məzarlıqların isə erməni faşizminin dəhşətli mənzərəsinin göstəricisi olduğunu vurğulayıb.  Təəssüflər olsun ki, sözügedən bu qurumlar Azərbaycanın bütün müraciətlərini qulaq ardına vurub, öz ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı ikili standartlar tətbiq edib. Görəsən niyə? Azərbaycan xalqının bütün mədəni isrsini məhv edən Ermənistana qarşı heç bir tədbir görməyən qurumlar indi ermənilərin qondarma iddialarına niyə belə operativ reaksiya verir? Əslində Ermənistan əleyhinə qəbul olunmalı olan bu sənədlər, niyə Azərbaycana qarşı qəbul olunur?

İndi isə Avropa Parlamentinin Azərbaycanın Qarabağda erməni mədəni irsinin “məhv edilməsi” ilə bağlı müzakirələr aparması heyrət doğurur. Yalan, böhtan və riyaya sa­diqliyin bu səviyyədə nümayişi adamı dəhşətə gətirir. İşğalçıya “göz yaşı” axıtması, qəsbkara qahmar çıxma­sı, onu dəstəkləməsi, onun barbar, vandal əməllərini “görməməsi”, ən nəhayət, Ermənistanın 30 il ərzində Azərbaycana qarşı faşizm siyasəti yürütməsi bu qurumun fəaliyyət prinsipləri barədə aydın təsəvvür yaradır. Bunun səbəbi əsasən Azərbaycana qarşı olan ikili standartlar, irqçi xarakterli yanaşmalar və islamofobiya ilə bağlı idi.

İşğala son qoyulduqdan dərhal sonra Azərbaycan həmin ərazilərində erməni vandallarından fərqli olaraq, abadlıq-quruculuq işləri ilə məşğuldur. Bu çərçivədə dini, mədəni abidələrin, o cümlədən xristian irsinə mənsub abidələrin də bərpası istiqamətində fəal iş aparılır. Həmin ərazilərə yenidən həyat qayıdır, 30 il dünyanın gözü qarşısında hüquqları tapdanmış bir milyondan çox məcburi köçkünün hüquqları bərpa edilir. Sözsüz ki, hər hansı dövlət və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hər hansısa bəyanat, qəbul edilmiş hər hansısa qətnamə dövlətimizin bu istiqamətdə tutduğu düzgün yolu dəyişdirə bilməz. Haqq da, hüquq da Azərbaycanın yanındadır. Bu reallığı isə Avropa Parlamentinin vaxtaşırı ölkəmizə qarşı qəbul etdiyi heç bir saxta iddialı kağız-kuğuz parçasının dəyişdirməyə və Azərbaycana təsir göstərməyə gücü çatmaz.

Ümid edirik ki, Avropa Parlamenti erməni tərəfinin böhtan xarakterli iddiaları əsasında hazırlanan bu qətnamədən imtina edəcək, Qarabağ və ətraf rayonlarda erməni faşizmi tərəfindən viran edilən saysız-hesabsız mədəniyyət abidələrini, dini-tarixi memarlıq əsərlərini “görəcək”, bu tarixi səhvini erməni vandalizmini ifşa edən qətnamə və bəyanatlarla ən qısa zamanda düzəldəcəkdir…

Daha çox xəbərlər