Region Xəbərləri 

Novruz bayramı zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edir

Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramı olan Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. Gecə ilə gündüzün bərabərləşdiyi bu günü, 21 mart tarixini, qədim zamanlardan bir sıra xalqlar, həmçinin Azərbaycan xalqı da yazın gəlişi , təbiətin oyanışı , yeni ilin başlanğıcı kimi qeyd etmişlər.
Novruzun özünə xas insanları milli-mənəvi ruhda tərbiyə edən bir sıra adət və ənənələri vardır. Novruz adətlərinə görə küsülü qalmazlar, qohum – qardaşa qonaq gedərlər, Novruz axşamı qarğış etməzlər, Novruz axşamını ata evində keçirərlər, dünyasını dəyişmiş ata-ananın qəbrini ziyarət edirlər, Novruz axşamı evdə ailə üzvlərinin sayına görə şam yandırarlar, qiybət qırmazlar, qarğış etməzlər və s. Ümummilli lider Heydər Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərkən öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”
Novruz bayramında, həmçinin ilaxır çərşənbədə nəsildən nəsilə ötürülən əyləncəli adətlər də vardır. Papaq atmaq, yumurta döyüşdürmək, tonqaldan tullanmaq, səməni əkmək, o cümlədən qulaq falına çıxmaq, üzük falı və s. kimi bir çox fal adətləri mövcuddur. Bir-biri ilə yola getməyən Keçəl ilə Kosa Azərbaycanda Novruz bayramının əsas rəmzlərindən hesab olunur.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü – yaz, ikincini – yay, üçüncünü – payız, dördüncü gününü isə – qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq.
Novruz bayramını qeyd edən hər bir xalq bu bayramla bağlı öz adət ənənələrinə uyğun olaraq etnik, yerli, milli və özünəməxsus mövsüm və mərasim nəğmələri yaratmışdır. Novruz təkcə Azərbaycanda deyil, bütün Şərqdə təntənəli şəkildə qeyd olunur. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2009-cu il 28 sentyabr-2 oktyabr tarixlərində keçirilən dördüncü sessiyası zamanı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın böyük əməyinin nəticəsi olaraq “Novruz” çoxmillətli nominasiya kimi, (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan Cənab İlham Əliyevin bacarıqlı siyasətinin nəticəsi olaraq Ulu Öndər Heydər Əliyevin və 30 ilə yaxın vətən həsrəti ilə yaşayan məcburi köçkünlərin, eləcə də ümumilikdə bütün Azərbaycan xalqının arzusu gerçəyə çevrildi. Biz bu gün Novruz bayramını uzun illərdən bəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılmış qədim Azərbaycan torpaqlarında qeyd edirik. Qürurverici haldır ki, artıq Azərbaycanın müzəffər ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi müqəddəs torpaqlarımızda Novruz tonqalını qalayır.
Ülker Yusifli,
Zəngilan rayon İcra hakimiyyətinin əməkdaşı

Daha çox xəbərlər