Məişət zorakılığına məruz qalanlar nə edə bilər? – AÇIQLAMA
Son dövrlər sayı gündən-günə artmaqda olan qadınlara, qız uşaqlarına qarşı zorakılıqlar dəhşətli hal almağa başlayıb. Bəs bununla bağlı dövlət hansı tədbirlər görür?
ARANTV.AZ xəbər verir ki, mövzuyla əlaqədar Sonxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Murad Həşimov açıqlama verib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi məişət zorakılığından əziyyət çəkən insanlar üçün də xüsusi fəaliyyətlə məşğuldur:
“Təəssüf ki, cəmiyyətdə müxtəlif hadisələr baş verir. Yəni tək qadın yox, bəzən kişi zorakılığı da ola bilər və təbii ki, mən istənilən zorakılıq hallarına qarşıyam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qrupundan olan şəxslər üçün sığınacaq və sosial reabitilasiya müəssisəsi var. Burada məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı bir şöbə var, 2021-ci ilin iyul ayından fəaliyyət göstərir. Həmin şöbədə məhz bu formada zərər görən şəxslərin reabitilasiyası, cəmiyyətə qazandırılması həyata keçirilir.
İnsanlar birbaşa hüquq mühafizə orqanlarına və ya digər qeyri-hökumət təşkilatlarına müxtəlif formada müraciət edə bilərlər. Yetər ki, biz hadisələrdən xəbər tutandan sonra onlara əl tutmaq niyyətimizi qəbul etsinlər, biz də dəstək göstərə bilək.
Qeyd edim ki, Sosial Xidmətlər Agentliyinin “116123” – Qayğı Çağrı Mərkəzi fəaliyyətə başlayıb.
Bununla bağlı mərkəz aşağıda qeyd olunan istiqamətlər üzrə fəaliyyət göstərir:
– Agentlik tərəfindən göstərilən sosial xidmətlər və müəssisələrə qəbul ilə bağlı məlumatlandırma
– Məişət zorakılığına məruz qalmış şəxslərə dəstək xətti
– Uşaq Çağrı Xətti
– Onlayn psixoloji dəstək”.

