Ramazan 

Ramazan ayında nələrə diqqət edilməlidir?

Artıq bu həftənin şənbə günü, yəni aprel ayının 2-dən etibarən Ramazan ayı başlayır. Müqəddəs Ramazan ayında niyyət edilərək, oruc tutulur. İslamın təməl ibadətlərindən biri olan orucun məhz Ramazan ayında tutulması vacib buyurulmuşdur. Qurani-Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsində bu barədə belə buyurulmuşdur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə pis əməllərdən çəkinəsiniz”. İbadət etmək insanın xeyrinə olan bir əməldir. İslamın beş şərtindən biri olan orucun da insana faydaları çoxdur. Bu, müasir tibb mütəxəssisləri tərəfindən açıq və qəti bir şəkildə isbat edilmişdir.

Ramazan ayında oruc tutmaq ruhumuz və bədənimiz üçün bir təmizlənmədir. Bu təmizlənmə dönəminin bədənimiz üçün sağlam bir şəkildə həyata keçməsi üçün Ramazan ayında yetərli və keyfiyyətli miqdarda qidalanmalıyıq.

Uzunmüddətli aclıq və ümumi öyün sayımızın azalması maddələr mübadiləsinin zəiflənməsinə gətirir ki, bu da çəkimizi nəzarət altında saxlamağımızı çətinləşdirir. Ancaq düzgün qidalanaraq Ramazan ayını sağlam keçirə bilərik. Ramazan ayında da orqanizmimiz ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein ve yağları yetərli miqdarda almalıdır.

Ramazan ayında bədənimiz zərərli maddələrdən təmizlənərək özünü yeniləyir. Spirtli içki və siqaret olmadığı üçün qanımız, qaraciyərimiz təmizlənir. Amma bədənimizə yardım etmək üçün qida rasionumuza da diqqət yetirməyimiz önəmlidir. Xroniki xəstəliklərdən əziyyət çəkənlər, şəkərli diabet, böyrək xəstəlikləri, hipertoniyası olanlar, hamilə və süd verən qadınlar, dərman istifadə edən insanlar həkimlə məsləhətləşmədən oruc tutmamalıdır. Ramazan ayında qidalanma düzənindəki dəyişikliyə bağlı olaraq sağlam insanlarda belə qəbzlik, mədə qıcqırması, yuxululuq, unutqanlıq, diqqətsizlik, baş ağrısı, qan şəkərinin düşməsi, çəki artışı kimi şikayətlər meydana gələ bilər.

Günboyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət verilməlidir. İmsak sadə nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanmalıdır. Buna görə də, Ramazan ayı ilə birlikdə bəslənmə vərdişlərində də dəyişikliklər edilir.

Məlumdur ki, insan bədəninin 70 faizini su təşkil edir. Buna görə də su insanlar üçün həyati əhəmiyyət daşıyır. Susuz insan orqanizmində proseslərin baş verməsi, ürək, qan dövranı və həzm sisteminin fəaliyyəti mümkün deyil. Orucluq ayında qida ilə birlikdə su qəbulunun azlığı da insanlar üçün çətinlik yaradır. Gün ərzində mayenin az qəbul edilməsi isə su tarazlığını pozur və insan orqanizmində, xüsusilə həzm sistemində bir çox problemlər yaradır. Ona görə də insanlar qida seçimində diqqətli olmalı, duzlu və ağır, qızartmalı yeməklər, sosiska, kolbasa kimi duzlu qidaların yerinə tərəvəz və meyvədən hazırlanmış zəngin, sulu yeməklər seçməlidirlər. Şirin məmulatların həddən artıq qəbul edilməsindən çəkinmək lazımdır.

İftarda su və sulu yeməklər, ayran və kompotun daha çox qəbul edilməsi faydalıdır. Qəhvə, çay, kola kimi içkilərdən uzaq olmaq məsləhətdir. Dişləri sürtmək üçün lazım olan diş məcunlarının da seçiminə diqqət etmək lazımdır. Tərkibində soda olan diş məcunlarını işlətmək olmaz. Çünki onlar insanda susuzluq yaradır. Flüorlu diş məcunlarını seçmək məsləhətdir. Sübh yeməyini isə bir az tez qurtarmaq lazımdır. Çünki dişləri təmizlədikdən sonra insan su içmək istəyir. Su içməyə vaxt qalmalıdır. İmsakda su çox içilməlidir.

İmsakda, sübh vaxtı yalnız su içərək orucu tutmaq və ya gecə yatmadan əvvəl yemək son dərəcə zərərlidir. Əgər sahur (sübh) payında ağır yeməklərdən istifadə edilərsə, gecə maddələr mübadiləsi zəiflədiyi üçün yeməklərin yağa çevrilmə sürəti yüksələr və kökəlmə riski artar. Gün ərzində çox maye itirildiyi üçün maye tarazlığını qorumaq da son dərəcə əhəmiyyətlidir. İmsakda yemək yeyildikdən ən az yarım saat sonra yatmaq, suyu yatmadan dərhal əvvəl içmək məsləhətdir. İmsakda mütləq çoxlu su içilməlidir ki, orqanizmin axşamadək olan su tələbatı ödənilmiş olsun. Mütəxəssislər oruc sayəsində qaraciyər, mədə və həzm sisteminin istirahət etdiyini, bədənin toksinlərdən təmizləndiyini deyirlər.

İftar bir şorba ilə açılmalı və bir müddət ara verildikdən sonra yeməyə keçilməlidir. Həmçinin xurma, zeytun, su kimi yüngül qidalarla başlamalı, normal yeməyə bir müddət sonra keçilməsi daha doğrudur. Sonra ətli və ya ətsiz, çox yağlı olmayan bir tərəvəz yeməyi, qatıq, meyvə qəbulu sağlam bəslənmə baxımından vacibdir. Başlanğıc üçün beyinə toxluq hissi verən şorba ən uyğun yeməkdir. Orucluq ayında birdən-birə boş mədəyə çox yeməyin yeyilməsi orqanizm üçün çətinlik yaradır. Bunun qarşısını almaq üçün iftarda yavaş-yavaş və az miqdarda yemək yeyilməlidir. İftar yeməyindən dərhal sonra çay və kofenin içilməsi məsləhət deyil. Belə ki, çay və kofenin tərkibindəki kofein dəmirin mənimsənilməsinin qarşısını alır. Buna görə də çay, kofe yeməkdən 2 saat sonra içilməlidir. Əsasən də bitki çaylarından istifadə xeyirlidir. Yaxşı olar ki, çay keks, pirojna kimi şiriniyyatlarla deyil, kişmiş, xurma, qaysı, əncir qurusu kimi meyvə quruları ilə içilsin. Çünki bədəni təmin edən vitaminlər onlarda daha çoxdur.

Mütəxəssislər Ramazan ayında siqaretdən istifadə edənləri diqqətli olmağa çağırırlar. Çünki siqaret Ramazan ayında digər dövrlərə nisbətən insan orqanizmi üçün daha çox risk yaradır. Gün boyunca adam ac qalır. İftar yeməyi ürək döyüntülərini sürətləndirir. Buna görə də qan dövranı sərbəst şəkildə həyata keçməlidir. Bu zaman ərzində siqaret qana qarışsa qan tündləşər. Damarlar üzərində böyük təzyiq yaranar. İftardan dərhal sonra çəkilən siqaret infarkt və damar tıxanıqlığı, beyin qanaması, iflic olma riskini təxminən 10 qat artırır. Ona görə də, siqaret istifadəçiləri bu aylarda daha çox diqqətli olmalıdırlar. Siqaret alüdəçiləri yemək bitəndən 15-20 dəqiqə sonra bədənin yüngülləşməsini gözləməlidirlər, yalnız ara verəndən sonra çəkə bilərlər.

Ramazan aylarında qəbizlik şikayətinin qarşısını almaq üçün iftardan bir-iki saat sonra meyvəyə üstünlük vermək lazımdır. Hər axşam 2-3 porsiya meyvə qəbulu günlük vitamin ehtiyacını ödəmiş olur. Meyvəni yatmazdan 1 saat əvvəl qəbul etmək məsləhətdir.

Oruc tutmaq gün ərzində uzun müddət ac qalmağı tələb edir. Tüpürcək ifrazının azalması ilə əlaqədar tüpürcəyin dili təmizləyici və yuyucu təsiri də azalır. Ramazanda dişlər fırçalanmadığı zaman imsakdan iftara qədər keçən uzun vaxt ərzində ağızda tez çoxalan bakteriyalar pis qoxuların yaranmasına səbəb olur. Eyni zamanda, bu qoxu diş çürümələrinə də yol açır. Bunun üçün ağız qoxusuna səbəb olacaq sarımsaq və soğanlı və çox ədviyyatlı qidalardan uzaq durmaq məsləhətdir. Həkimlər bunların yerinə lifli və su tərkibli nanə, reyhan, cəfəridən bol istifadə etməyi məsləhət görürlər. İftar ve imsak vaxtlarında çoxlu su içilməli, imsak yeməyi tamamlandıqdan sonra mütləq dişlər və dil təmizlənməli, mümkünsə ağız yaxalayıcısı ilə qarqara edilməlidir.

Daha çox xəbərlər