Cəmiyyət 

Qulluq stajına görə pensiyaya çıxmış şəxslərin məcburi dövlət sosial sığortasından azad olunması məsələsinə aydınlıq gətirilib

Qulluq stajına görə pensiyaya çıxmış şəxslərin sonradan çalışdıqları müəssisələrdə məcburi dövlət sosial sığortasından azad olub-olunmayacağı məsələsinə aydınlıq gətirilib.

Dövlət Sosial Müdafiə Fondundan “İki sahil”ə bildirilib ki, həmin şəxslərin müraciəti əsasında bu sığorta növü üzrə ödənişləri ləğv edilə bilməz, çünki “Sosial sığorta haqqında” Qanunun 2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlərlə bağlı həyata keçirilir:

“Həmin Qanunun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növləri təsbit olunub. Həmin gəlir növləri sırasına əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən hərbi qulluqçuların əmək haqqı və digər gəlirləri daxil deyil. Göründüyü kimi, əmək pensiyası ödənilib-ödənilməməsindən asılı olmayaraq şəxs işlədiyi təqdirdə onun gəlirinin sosial sığortaya cəlb olunması qanunvericiliklə birbaşa müəyyən edilmiş tələbdir”.

Məlumatda həmçinin qeyd olunub ki, digər tərəfdən şəxs yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövrdə işləməyə davam etdikdə onun fərdi hesabında qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir.

“Pensiya təyin olunduğu gündən sonra hər 6 ildən (72 aydan) bir həmin pensiya kapitalı üzrə onun pensiyası yenidən hesablanaraq artırılır. Yaxud pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edir və nə vaxtsa əmək fəaliyyətinə yekun vurduqda yenə də (pensiyaya çıxandan sonra topladığı) pensiya kapitalı üzrə onun pensiyası yenidən hesablanaraq artırılır” – deyə bildirilib.

Daha çox xəbərlər