Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq dördüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda bugün də yaşayır. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatların uğurlu nəticələri, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə Heydər Əliyevdən sonra ikinci böyük siyasi xadimə çevirir.
Prezident İlham Əliyevin genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, dövlət başçısı ulu öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir. Azərbaycan xalqının dahi öndəri Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu ifadə İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını tərənnüm edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bü gün İlham Əliyev hakimiyyəti həmin möhkəm əsaslara dayanaraq ucalır. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil edir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası İlham Əliyevin ölkənin gələcək inkşafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdən biri kimi qəbul olunur. Bu konsepsiyanın hazırlanması barədə müvafiq Sərəncam 29 noyabr 2011-ci ildə qəbul olundu və 29 dekabr 2012-ci ildə isə qəbul olunmuş Fərmanla konsepsiya təsdiq olundu. Konsepsiya 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tuturdu. Bu Fərmanın Azərbaycan iqtisadiyyatının şaxələnməsində çox mühüm rolu olmuşdur. BMT-nin Dayanıqlı İnkşaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunmuşdur. Eyni yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün hazırlanmış və Xarici Siyasət jurnalında nəşr olunmuş Məruzədə də qeyd olunmuşdur. İqtisadi sahədə ixtisaslaşmış “The Business Year” jurnalı İlham Əliyev tərəfindən təşəbbüs edilən konsepsiyanı Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə hazırlanmış ağıllı strategiya kimi qiymətləndirdi. Bu illər ərzində atılan doğru addımlar nəticəsində Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də ordu quruculuğu sahəsində dünya xəritəsində yeri daha da möhkəmlənmişdir.
Cənab prezident İlham Əliyev sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
Ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ona olan inamını ən yüksək səviyyədə doğrultdu. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir.
Son illərdə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar, 30 ildir düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması bir daha sübut etdi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və qurub-yaratdıqlarını nəinki inkişaf etdirir, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkişaf etdirir.
İmanzadə Şəhla,
Zəngilan rayon İcra hakimiyyətinin əməkdaşı

