Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib
Azərbaycan xalqı 2003-cü ildə Cənab İlham Əliyevi prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Xalqın iradəsi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi.
Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan Cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı.
Ötən seçkilərdə olduğu kimi, 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində də xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi. Vətəndaşların səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı. Müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə demokratik proseslərin geniş vüsət aldığını və budəfəki prezident seçkilərinin də demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu bildirdilər. Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”.
Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir.
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.
Cənab İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır. 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikri səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur. 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzində olmuşdur.
2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. 15 il ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olmuşdur. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.
Dövlətin və cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklərin baş verdiyi ötən dövürlər ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət kursu, həyata keçirdiyi islahatlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Göründüyü kimi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin yeni prezidentliyi dönəminin ilk ilindən həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirmişdir.
Şənlik Əliyev
Zəngilan rayon İcra hakimiyyətinin əməkdaşı

