Bu gün tamamilə fərqli bir mənzərənin şahidiyik.
Tarixi Zəfərimizdən sonra Azərbaycan iki ilə yaxındır ki, beynəlxalq səviyyəli tədbirlərə qalib ölkə kimi qatılır, ən əsası 30 ilə yaxın dövrdə dünyaya etdiyi çağırışlar hazırda öz təsdiqini tapır. Bu gün tamamilə fərqli bir mənzərənin şahidiyik. Dünya gücləri tarixi Zəfərimizin yaratdığı reallıqları qəbul edir, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlətimizin başçısının dünyada böyük nüfuzunun göstəricisidir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı.
İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Aprelin 6-da keçirilən növbəti görüşdə ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar qəbul olundu. Dörd saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Azərbaycan 30 ilə yaxın müddətdə ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu, erməni işğalçılarının bu torpaqlardan qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapsa da, sənədlər saralmış kağız üzərində qalaraq icrasını gözlədi. Dövlətimizin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 gündə otuz ilə yaxın müddətdə dünya güclərinin edə bilmədiklərini etdik, ərazi bütövlüyümüz bərpa olundu, işğala son qoyuldu. Rəsmi Bakı ən yüksək tribunalardan Azərbaycan xalqının səbrinin tükənməz olmadığını bəyan edərək, bir qarış torpağımızı belə düşmənə verməyəcəyimizi bildirirdi.
Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Brüssel səfərinin nəticələri Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur.
Aprelin 6-da baş tutmuş Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü. Məhz, hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə də onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.
YAP GÖYÇAY RAYON TƏŞKİLATININ ƏMƏKDAŞI : LAÇIN İSMAYILOV

